Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    İmanlılar cəmiyyəti bizim günlərdə

    Üzüm bağı haqqında məsəl yalnız yəhudi xalqına aid deyildir. Onda bizim üçün də dərs vardır. Allah bu gün Öz imanlılar cəmiyyətinə böyük üstünlüklər və xeyir-dualar bəxş etmişdir və ondan müvafiq bəhrələr gözləyir.HD 228.3

    Biz böyük qiymət hesabına xilas edilmişik. Bu bağışlanmanın nəticələrini biz yalnız verilmiş qurbanın böyüklüyünü layiqincə qiymətləndirdiyimiz zaman dərk edəcəyik. Bu torpaqda, Allahın Oğlunun göz yaşları və qanı ilə suvarılmış torpaqda qiymətli cənnət məhsulları bitməlidir. Allahın xalqının həyatında özünün bütün izzəti və kamilliyi ilə İlahi Kəlamın həqiqətləri açılmalıdır. Öz xalqı vasitəsilə Məsih Öz xasiyyətini və Öz padşahlığının prinsiplərini izhar etməlidir.HD 228.4

    İblis Allahın işinə mane olmaq istəyir və daim insanı öz şeytani prinsiplərini qəbul etməyə təhrik edir. O, Allahın seçdiyi xalqı aldanmış kimi təsvir edir. O, qardaşların ittihamçısıdır və onun ittihamları salehlikdə sarsılmaz olanlara qarşı yönəlmişdir. Rəbb Öz xalqı vasitəsilə şeytanın bütün ittihamlarına cavab verərək, doğru olan prinsiplərə itaət etməyin nəticələrini göstərir.HD 229.1

    Bu prinsiplər hər bir məsihçinin həyatında, hər bir ailədə, hər bir imanlılar cəmiyyətində və Allaha xidmət üçün yaradılmış hər bir məbəddə izhar edilməlidir. Bütün bunlar özündə dünya üçün görüləcək işi təzahür etdirməlidir. Bu salehlik prinsipləri Xoş Xəbər həqiqətlərinin xilasedici qüvvəsini nümayiş etdirməlidir. Onların hamısı ondan ötrü nəzərdə tutulmuşdur ki, Allahın bəşəriyyətə aid məqsədini həyata keçirsin.HD 229.2

    İbrani xalqının rəhbərləri öz möhtəşəm məbədlərinə və onun içində həyata keçirilən təmtəraqlı dini mərasimlərə iftixarla baxırdılar; lakin onlarda ədalət, mərhəmət və Allaha məhəbbət hissi çox az idi. Nə məbədin izzəti, nə onların ibadətlərinin təmtəraqlı olması onlara Allah qarşısında bəraət vermədi, çünki Onun gözündə qiymətli olan yeganə bir şeyi ona vermirdilər. Ona təvazökar və məğlub olmuş ruhun qurbanını vermirdilər. Allahın Padşahlığının həyati prinsipləri itirilən zaman mərasimlər daha çox möhtəşəm və təsiredici olur. Xasiyyətin formalaşması baxımsız qaldığı zaman, ruhun uca keyfiyyətlərlə zənginləşdirilməsində səhlənkarlıq duyulduğu zaman, möminliyin sadəliyi nəzərdən qaçırılan zaman insanın qüruru və zahiri cah-cəlala sevgisi möhtəşəm binalar ucaltmağı, təmtəraqlı bəzək vurmağı və valehedici mərasimlər və ayinlər icra etməyi tələb edir. Bunların hamısında Allaha həqiqi sitayiş çox azdır. Faniləşmiş imanlılar cəmiyyəti yalnız zahiri mərasimlərlə, üzdə olan möminliklə və xarici cah-cəlalla məhdudlaşanda Allaha məqbul deyildir. Belə ibadət Səma tərəfindən qəbul edilə bilməz.HD 229.3

    İmanlılar cəmiyyəti Allahın gözündə çox qiymətlidir. O onu xarici gözəlliyinə görə deyil, onu dünyadan fərqli edən səmimi möminliyinə görə qiymətləndirir. Məsih imanlılar cəmiyyətini onların Məsihi dərk etmələrində böyümələri və onların ruhlu təcrübələrinin genişlənməsi müqabilində dəyərləndirir.HD 229.4

    Məsih istəyir ki, Onun üzüm bağı Ona gerçək qüdsiyyət və təmənnasızlıq məhsulu versin. O Öz üzüm bağında məhəbbət və xeyirxahlıq prinsipləri axtarır. Heç bir incəsənət gözəlliyi həqiqi məsihçilərdə açılan xasiyyət gözəlliyi və yaxşı əxlaqla müqayisə edilə bilməz. imanlını əhatə edən lütf atmosferi, onun şüuru və ürəyi üzərində işləyən Müqəddəs Ruh onu dünyanın duzu, həyatverən ətir edir və bu, Allaha onların zəhmətlərinə xeyir-dua vermək imkanı verir.HD 230.1

    İmanlıların yığıncaq yerləri ətrafda ən kasıb ola bilər. O, xarici gözəllikdən məhrum ola bilər; lakin əgər qardaşlıq üzvləri Məsihin xasiyyət keyfiyyətlərinə malikdirlərsə, onların qəlblərini Onun sevinci dolduracaqdır. Mələklər də onların sitayişinə qoşulacaqdırlar. Onların minnətdar olan ürəklərinin alqış və şükranlığı Allahın yanına ən xoş qurbanlıq kimi yüksələcəkdir.HD 230.2

    Rəbb istəyir ki, biz Onun yaxşılığını xatırlamağı unutmayaq və Onun qüdrətindən danışaq. Öz minnətdarlığımızı bildirərək və şükür edərək, biz Ona hörmət edirik. O deyir: “Kim ki şükür qurbanı təqdim edir, Məni şərəfləndirir” (Məz. 50:23). İsrail xalqı səhrada gəzərkən müqəddəs nəğmələrlə Allahı mədh edirdi. Rəbbin əmr və vədləri musiqiləşdirilərək, israillilərin səyahətləri boyunca oxunurdu. Eləcə də sonralar, Kənanda olarkən, müqəddəs bayramlara yığılaraq, onlar Onun möcüzəli işlərini xatırlayaraq adına minnətdarlıq və izzət yüksəldirdilər. Allah istəyirdi ki, Onun xalqının bütün həyatı Ona alqış həyatı olaydı. “Qoy yer üzündə Sənin yolun, bütün millətin arasında qurtuluşun tanınsın” (Məz. 67:2).HD 230.3

    Bu gün də bunu etmək lazımdır. Fəqət dünya xalqları yalançı ilahilərə səcdə edirlər. Onları səhv sitayişdən döndərmək lazımdır, lakin onların bütlərini mühakimə etməklə deyil, fəqət onlara daha gözəl olanı göstərərək. İnsanlar qarşısında həqiqi Allahın yaxşılığını açmaq vacibdir. “Sizsiniz şahidlərim, — Rəbb bəyan edir, — Allah Mənəm” (Yeş. 43:12).HD 230.4

    Rəbb istəyir ki, biz böyük xilas planını aydın başa düşərək, Allahın övladları olmaq kimi yüksək üstünlüyümüzü lazımınca dərk edərək, Onun qarşısında itaətlə, minnətdarlıq edərək yaşayaq. O istəyir ki, biz Ona yeniləşmiş həyatımızla hər gün sevinc içində xidmət edək. Allah bizim adlarımız Quzunun həyat kitabında yazıldığı üçün və öz qayğılarımızı bizim qayğımızı Çəkənin üzərinə qoymaq imkanına görə ürəklərimizdən axan minnətdarlıq hissini görmək istəyir. O bizi sevinməyə dəvət edir, ona görə ki, biz Rəbbin varisləriyik, ona görə ki Məsihin salehliyi — Onun müqəddəslərinin ağ paltarlarıdır, ona görə ki, biz öz Xilaskarımızın yaxın olan gəlişinə bəxtiyarlıq verən ümidlə baxırıq.HD 231.1

    Dua etmək kimi, ürəkdən səmimiyyətlə Allahı izzətləndirmək bizim borcumuzdur. Biz dünyaya və bütün göy sakinlərinə göstərməliyik ki, biz Allahın yıxılmış bəşəriyyətə qarşı heyrətamiz məhəbbətini hədsiz dərəcədə qiymətləndiririk və Onun sonsuz dolğunluğundan daha çoxçox xeyir-dualar gözləyirik. Bizə indikindən daha tez-tez Allahın bizim həyatımızda gördüyü işlərdən danışmaq gərəkdir. Əgər biz Allahın yaxşılığını, Onun Öz xalqı naminə gördüyü ecazkar işləri haqqında daim danışsaq, onda Müqəddəs Ruhun xüsusi göndərilməsindən sonra bizim Rəbdəki sevincimiz daha çox artacaq və bizim Ona xidmətimiz daha çox səmərəli olacaqdır.HD 231.2

    Şükür və minnətdarlıq ruhu deyinmə və narazılıq ruhunu kənar edərək, şeytanın qüvvələrini elə qovur ki, imtahançının ayağı altından yer qaçır. Biz Allaha alqış və minnətdarlıq edəndə xasiyyətimizdə elə keyfiyyətlər formalaşır ki, onlar yer sakinlərini səma malikanələrində olmaq üçün yararlı edəcəkdir.HD 231.3

    Allah haqqında bu kimi şəhadət digərlərinə də təsir edəcəkdir. İnsanları Məsihə cəlb etməyin bundan səmərəli vasitəsi yoxdur.HD 231.4

    Biz Allahın adının izzətlənməsi üçün əlimizdən gələni edərək, öz həqiqi və çox konkret xidmətimizlə Onu izzətləndirməliyik. Allah bizə öz ənamlarını ondan ötrü verir ki, biz də onları digərlərinə keçirə bilək; beləliklə, biz dünyaya Onun xasiyyətinin gözəlliyini açırıq. İbrani cəmiyyətində ənam və nəzir Allah xidmətinin mühüm hissəsi idi. İsraillilərə onların bütün gəlirinin onda birini müqəddəs yerdə xidmət üçün verməyi öyrədirdilər. Bundan əlavə, onlar günah əvəzinə qurban, könüllü ənamlar və minnətdarlıq nəzirləri verməli idilər. Bunun hamısı o uzaq zamanlarda Müjdə xidmətinin köməyinə çatırdı. Allah bizdən bu gün də ondan az tələb etmir. İnsanların xilası üçün görülən böyük iş daima irəliyə getməlidir. Ondalıq, sovqat və ənamlar Onun tərəfindən bu böyük işin yerinə yetirilməsi üçün təyin edilibdir. Bunların hamısı Müjdə işinin köməyi üçün sərf edilməlidir. O ondalığın Ona məxsus olduğunu bəyan etdi və o Onun məqsədlərinin həyata keçirilməsi üçün xəzinəsinə qoyulacaq müqəddəs ehtiyat hesab edilməlidir. O xahiş edir ki, biz eləcə də öz könüllü sovqatımızı və minnətdarlıq nəzirlərimizi verək. Bütün bunlar Xoş Xəbərin dünyanın hər ucuna yayılması üçün nəzərdə tutulub.HD 232.1

    Allaha xidmət şəxsi xidməti də nəzərdə tutur. Öz şəxsi, bilavasitə səylərimizlə biz Allahla dünyanın xilası işində əməkdaşlıq etməliyik. Məsihin “Bütün dünyaya gedin, Müjdəni bütün xilqətə təbliğ edin!” (Mk. 16:15) çağırışı Onun hər bir davamçısına aiddir. Məsihdə yaşamaq üçün qabaqcadan müəyyən edilmiş hər kəs öz yaxınlarının xilas edilməsi üçün çağırılmışdır. Belə imanlının ürəyi Məsihin ürəyi ilə ahəngdar döyünəcəkdir. O, başqa insanları Məsih sevən kimi sevəcəkdir. Bu müqəddəs işdə hamı eyni səviyyədə işləyə bilməz, lakin уег və iş hər kəs üçün vardır.HD 232.2

    Qədim zamanlarda İbrahim və İshaq, Yaqub və Musa öz həlimlik və müdrikliklərilə, Yeşeya öz çoxşaxəli istedadı ilə — hamısı Allahın işinə cəlb edilmişdilər. Rəbbə xidmət etmək üçün hər şey vacib idi: həm Məryəmin musiqisi, həm Devoranın cəsur və mömin olması, həm Rutun övlad məhəbbəti, həm Şəmuelin itaət və sədaqəti, həm İlyasın dönməz sədaqəti, həm də Elişanın yumşaldıcı, təslimedici təsiri. Eləcə də bu gün Allahın xeyir-dua ənamlarını almış hər kəs buna həqiqi xidmətlə cavab verməlidir, hər ənam Onun Padşahlığının möhkəmləndirilməsinə və Onun adının izzətləndirilməsinə sərf edilməlidir.HD 232.3

    Məsihi öz şəxsi Xilaskarı kimi qəbul etmiş hər adam bütün həyatı ilə Müjdənin həqiqiliyini və onun xilaskar gücünü təsdiq etməlidir. Allah insana tələblər təqdim etməzdən əvvəl onların yerinə yetirilməsi üçün vacib olan hər şey verir. Məsihin lütfü ilə biz Allahın tələb etdiyi hər şeyi icra edə bilərik. Səmanın bütün zənginliyi Allahın xalqı vasitəsilə izhar edilməlidir. “Atam çox məhsul vermənizlə izzətlənir; beləliklə Mənim şagirdlərim olacaqsınız” (Yəh. 15:8).HD 233.1

    Allah bütün dünyanı Öz üzüm bağı sayır. İndi onun müvəqqəti olaraq qəsbkarın əlinə keçməsinə baxmayaraq, o, yenə də Allaha mənsubdur. O, Allaha yalnız Onun tərəfindən yaradılmışdır deyə yox, həm də Onun tərəfindən xilas edilmişdir deyə mənsubdur. Məsih dünyadan ötrü Özünü qurban verdi. “Zira, Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi” (Yəh. 3:16). Təkcə bu ənamın sayəsində insanlara bütün başqa şeylər də verilmişdir. Bütün dünya hər gün Allahın xeyir-duasını alır. Bu naşükür bəşəriyyət üzərinə düşən hər günəş şüası, hər yağış damlası, hər bir yarpaq, çiçək və məhsul Allahın çox səbirli olduğu və Onun böyük məhəbbəti haqqında şəhadət edir.HD 233.2

    Bizə hər cür nemətlər bəxş Edənin Özü bəs cavabında nə alır? İnsanlar Onun çağırışlarına necə cavab verirlər? İnsan kütlələri öz həyatlarını kimə xidmət etməyə verirlər? Onlar mammona xidmət edirlər. Var-dövlət, cəmiyyətdə yüksək mövqe, dünyəvi ləzzətlər — onların məqsədləri bunlardır. Var-dövlət isə yalnız insanlardan deyil, Allahdan da oğurlamaqla toplanır. Bu, yaxud başqa yol ilə əldə edilmiş vəsaitləri insanlar öz eqoizmlərinin ödənilməsinə sərf edirlər. Qopara bildikləri hər şey onların tamahkarlığının və ehtiraslarının ödənilməsinə yönəldilir.HD 233.3

    Bu gün dünyanın günahı bir zaman İsraili məhvə gətirən həmin günahdır. Allaha qarşı naşükürlük, insanlara ənam edilmiş imkanlara və xeyir-dualara qarşı onların sayğısızlığı, Allahın ənamlarını eqoistcəsinə mənimsəmək — bütün bunları bir zaman Allahın qəzəbini öz üzərinə cəlb etmiş İsrailin günahı özündə cəmləşdirmişdir. Elə bu da dünyanı bu gün məhvə sürükləyir.HD 234.1

    Zeytun dağından seçilmiş şəhərə baxarkən Məsih yalnız Yerusəlim üçün ağlamırdı. Yerusəlimin timsalında O bütün məhvə doğru gedən dünyanı görürdü.HD 234.2

    “Ah, kaş sənin bu günündə də olsa, sülhün üçün xidmət edən şeyləri biləydin! Amma bunlar indilik gözlərindən gizlənmişdir” (Lk. 19:42).HD 234.3

    “Sənin bu günündə”. Həmin gün sona yaxınlaşır. Rəhm və lütf vaxtı yaxın zamanda qurtaracaqdır. Qisas və cəza buludları yığılır. Allahın lütfünü rədd edənlər tez və qaçılmaz məhvə yaxınlaşırlar.HD 234.4

    Amma dünya hələ də yuxudadır. Adamlar onlara yaxınlaşan günün vaxtını bilmirlər.HD 234.5

    İmanlılar cəmiyyəti bu böhranlı vaxtda harada olmalıdır? Onun üzvləri Allahın tələblərinə riayət edirlərmi? Onlar Onun tapşırığını dünyada icra edirlərmi və Onun xasiyyətini bəşəriyyət qarşısında açırlarmı? Öz yaxınlarının diqqətini sonuncu rəhmli dəvətin xəbərdarlığına cəlb edirlərmi?HD 234.6

    İnsanlar təhlükədədirlər. Çoxları məhv olmaqdadırlar. Fəqət özlərini Məsihin davamçıları adlandıranların içində bu məhv olan insanlardan ötrü həyəcan keçirən nə azdır. Dünyanın taleyi tərəziyə qoyulmuşdur; lakin bu hətta həqiqətə ən əhatəli və dolğun şəkildə inandıqlarını bəyan edənləri də az həyəcanlandırır. Məsihi Öz səma evini tərk edib insan təbiətini qəbul edərək, bəşəriyyətə yaxınlaşdıran, onu Allaha qarşı aparmağa güc verən məhəbbətin azaldığı hiss edilir. Hətta Allahın xalqında da hansısa iradə iflici, donma hiss edilir, bunlarsa onlara özlərinin ən mühüm vəzifələrini dərk etməyə mane olur.HD 234.7

    İsraillilər Kənana daxil olduqları zaman onlar bütün bu torpağa malik olmadılar, bununla da Allahın niyyətlərini həyata keçirmədilər. Torpağı qismən fəth edərək, onlar nail olduqlarında rahatlandılar və öz qələbələrinin məhsulları ilə fəxr etdilər. Öz imansızlıqlarında və asan yol ilə getmək arzularında güclənərək, zəbt etdikləri sahədə məskunlaşdılar və irəliyə gedərək yeni ərazilər zəbt etmək istəmədilər. Beləliklə, onlar Allahdan uzaqlaşmağa başladılar. Allahın niyyətlərini həyata keçirməkdə bacarıqsızlıq göstərməklə Allahın onlara vəd etdiyi xeyir-duasını da almadılar. İmanlılar cəmiyyəti bu gün də həmin işi etmirmi? Qarşılarında Müjdəyə möhtac olan bütün dünya olduğu halda, özlərini məsihçi adlandıran adamlar Xoş Xəbərin gözəlliyindən yalnız özləri həzz ala bildikləri yerə toplaşırlar. Onlar irəliyə getmək ehtiyacı, yeni ərazilərə yol açaraq onu öyrənməyə, xilas xəbərini yeni yerlərə aparmağa ehtiyac duymurlar. Onlar Məsihin Bütün dünyaya gedin, Müjdəni bütün xilqətə təbliğ edin!” əmrini icra etməkdən boyun qaçırırlar (Mk. 16:15). Məgər onlar yəhudilərin imanlılar cəmiyyətindən azmı günahkardırlar?HD 235.1

    Bu gün Məsihin bütün davamçıları Səma qarşısında sınaqdan keçirlər; fəqət şövq azlığı və səylərin zəifliyi səbəbindən Allaha xidmətdə çoxları sədaqətsiz qul hesab ediləcəklər. Əgər onların gördükləri iş bacardıqlarının ən yaxşısı olsa idi, onlar mühakimə edilməzdilər; əgər onlara tapşırılan işlərinə ürəkdən sadiq olsa idilər, daha çox iş görə bilərdilər. Həm onların özləri, həm də dünya bilir ki, onlar çox şeydə fədakarlıq ruhunu və üzərlərinə çarmıxı götürməyə hazır olmalarını itirmişlər. Səma kitablarında onların bir çoxunun adı qarşısında yazılacaqdır: “İş görən deyil, istifadə edənlər”. Məsihin adını daşıyanların bir çoxu insanların qarşısında Onun izzətini, gözəlliyini gizlədir və Onun şərəfini kiçildirlər.HD 235.2

    Bu gün dünyada adları imanlılar cəmiyyətlərinin kitablarında yazılmış, fəqət özləri Məsihin rəhbərliyi altında olmayanlar çoxdur. Onlar Onun öyüdlərini dinləmir və Onun işini yerinə yetirmirlər. Beləliklə də, onlar insan nəslinin düşməninin rəhbərliyi altına düşürlər. Əgər onlar bilavasitə və aydın şəkildə xeyirə xidmət etmirlərsə, deməli, onlar ölçüsü olmayan zərər verirlər. Onların təsiri həyatverən canlandırıcı ətir deyildirsə, onda o, ölüm üstünə ölüm gətirir.HD 235.3

    Rəbb deyir: “Bunlara görə Mən onlara cəza verməyimmi?” (Yer. 5:9). İsrail oğulları Allahın niyyətini icra etmədiklərinə görə tərk edildilər, Allahın dəvəti isə digər xalqlara yönəldi. Əgər onlar da sədaqətsiz olacaqlarsa, buna bənzər tərk edilməyəcəklərmi?HD 236.1

    Üzüm bağı haqqında məsəldə Məsih bağbanları ittiham etdi. Onlar torpağının məhsulunu sahibinə qaytarmaqdan imtina etdilər. Bunlar ibrani xalqındakı kahin və müəllimlər idilər ki, xalqı səhv yola istiqamətləndirərək, Allahdan Onun tələb etdiyi xidməti oğurlayırdılar. Məhz onlar xalqı Məsihdən döndərdilər.HD 236.2

    İnsan ənənələri ilə qarışdırılmamış Allahın Qanunu Məsih tərəfindən itaətin ən böyük ölçüsü kimi nümayiş etdirilmişdir. Bu, kahinlərin düşmənçiliyinə səbəb oldu. Onlar insan təlimini İlahi Kəlamdan üstün tutdular və xalqı Onun qərarlarından döndərdilər. Onlar İlahi Kəlamın tələblərinə itaət etmək üçün insanların icad etdikləri əmrləri atmaq istəmirdilər. Onlar hətta həqiqət naminə belə, şüurlarının qüruru və insanlar qarşısındakı izzəti qurban vermədilər. Məsih gəlib xalqa Allahın tələblərini nümayiş etdirdiyi zaman kahin və ağsaqqallar Onun onlarla xalq arasında durmaq hüququnu qəbul etmədilər. Onlar Onun ifşasını və xəbərdarlığını rədd etdilər və bütün qüvvələrini xalqı Ona qarşı qaldırıb, Onu məhv etməyə yönəltdilər.HD 236.3

    İsrailin dini rəhbərləri Məsihin rədd edilməsinə və bunun nəticələrinə görə məsuliyyət daşıyırlar. Xalqın günahının və məhv olmasının məsuliyyəti onların üzərindədir.HD 236.4

    Məgər bizim günlərdə buna bənzər dağıdıcı qüvvələr mövcud deyilmi? Məgər bizim günlərdə Rəbbin üzüm bağının bağbanları yəhudi rəhbərlərinin izi ilə getmirlərmi? Din müəllimləri adamları İlahi Kəlamın aydın tələblərindən döndərmirlərmi? Adamlara İlahi Qanuna itaətli olmağı öyrətmək əvəzinə, Allaha qarşı üsyankar olmağı öyrətmirlərmi? Bir çox imanlılar cəmiyyətində adamları öyrədirlər ki, İlahi Qanun daha insanları məhdudlaşdırmır. İlahi Qanun əvəzinə insani adətlər, qərarlar və ənənələr təsdiq edilir. Allahın ənamlarına malik olmaqları ilə əlaqədar Onun tələblərinə etinasızlıq edilərək, insanda qürur və özündən razılıq həvəsləndirilir.HD 237.1

    İlahi Qanunu kənarlaşdıraraq, insanlar nə etdiklərini başa düşmürlər. Allahın Qanunu həm də Onun xasiyyətinin inikasıdır. Onda Onun Padşahlığının prinsipləri təcəssüm edilmişdir və bu prinsipləri qəbul etməkdən imtina edən şəxs Allahın xeyir-dua axınından kənarda qalır.HD 237.2

    İsrailə ənam edilmiş gözəl imkanlar yalnız Allahın əmrlərinə riayət etmək sayəsində həyata keçə bilərdi. Eləcə də biz vəd edilmiş gözəl xasiyyətə, bol-bol xeyir-dualara (şüurumuz, canımız və bədənimiz üçün xeyir-dualara, evimizin və tarlamızın xeyir-duasına, bugünkü həyatımız və gələcək həyatımız üçün xeyir-dualara) yalnız itaət vasitəsilə malik ola bilərik.HD 237.3

    Mənəvi dünyada da, təbiətdə olduğu kimi, Allahın qanunlarına riayət etmək məhsul verməyin mütləq şərtidir. İnsanlar başqalarına Allahın əmrlərinə sayqısızlıq göstərməyi öyrətməklə, dinləyicilərin Allahın izzəti naminə məhsul vermələrinə mane olurlar. Bu müəllimlər Rəbbi Onun üzüm bağının məhsulundan məhrum etməkdə təqsirkardırlar.HD 237.4

    Allahın elçiləri bizim yanımıza Rəbbin tapşırığı ilə gəlirlər. Onlar gəlirlər ki, Məsih kimi bizdən İlahi Kəlama itaət etməyi tələb etsinlər. Onlar bizə Onun Öz üzüm bağının məhsullarına, məhəbbət, itaət və fədakar xidmət məhsullarına hüququndan danışırlar. Lakin məgər bizim günlərin bağbanları yəhudi rəhbərlərinə bənzəyərək, qəzəblənmirlərmi? İnsanların qarşısında İlahi Qanunun tələblərini açarkən, bu müəllimlər öz təsirlərindən istifadə edərək, insanları bu Qanunu rədd etməyə sövq etmirlərmi? Məhz belə müəllimləri Allah sədaqətsiz qullar adlandırır.HD 237.5

    Allahın qədim İsrailə yönəlmiş sözləri müasir imanlılar cəmiyyətinə və onun rəhbərlərinə də təntənəli surətdə və ciddi xəbərdarlıq edir. İsrail haqqında Rəbb demişdir: “Mən onlar üçün çoxlu qanun yazdım, onlarsa bunları yad bir şey hesab etdilər” (Huş. 8:12).HD 238.1

    Onun səsi xalqın kahinlərinə və müəllimlərinə yönəlmişdir: “Xalqım biliksizlikdən məhv oldu. Sən biliyi rədd etdiyin üçün Mən də səni rədd edəcəyəm ki, bir daha Mənə kahinlik etməyəsən. İndi ki öz Allahının qanununu unutdun, Mən də sənin balalarını unudacağam” (Huş. 4:6).HD 238.2

    Allahın xəbərdarlığı diqqətsiz qalacaqmı? Allaha xidmət etmək imkanları itiriləcəkmi? Dünyanın təkəbbürü, şüurun qüruru, bəşər adət və ənənələrinə sədaqət Məsihin davamçılarını Ona xidmət etməkdən çəkindirəcəkmi? Onlar İlahi Kəlamı bir zamanlar yəhudilər Məsihi rədd etdikləri kimi rədd etməyəcəklərmi? İsrailin günahının nəticələri bizə məlumdur. Bu, müasir imanlılar cəmiyyəti üçün xəbərdarlıq olacaqdırmı?HD 238.3

    “Fəqət əgər budaqlardan bəzisi qoparıldıqdan sonra sən yabanı zeytun ağacı olaraq, onların yerinə aşılanıb zeytun ağacının kökünə və bolluğuna şərik oldunsa, budaqlar qarşısında təkəbbürlənmə... onlar imansızlıqdan qırıldılar, sən isə imanına görə durursan; öyünmə, fəqət qorx. Zira, əgər Allahın təbii budaqlara rəhmi gəlmədisə, sənə də rəhmi gəlməyəcək” (Rom. 11:17-21).HD 238.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents