Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Adaxlının qarşılanması

    (Mt. 25:1-13)

    Məsih Öz şagirdləri ilə Zeytun dağında oturmuşdu. Günəş dağların arxasına enmişdi və səma qaralmışdı. Onların qarşısında bayram üçün hazırlanmış kimi bəzəkli yaşayış evi vardı. Qapı və pəncərələrdən işıq saçırdı. Evin qabağında adamlar dayanmışdılar. Çox güman ki, tezliklə toy şənliyinin gəlməsi gözlənilirdi. Şərqin çox yerlərində toy şənlikləri axşam keçirilir. Adaxlı qabaqcadan yola düşür ki, öz nişanlısını qarşılayıb, onu evinə qədər müşayiət etsin. Çıraq işıqlarında toy şənliyi gəlinin evindən adaxlının evinə yollanır, orada dəvət olunmuş qonaqlar üçün toy ziyafəti olmalıdır. Məsihin gördüyü səhnədə qonaqlar toy şənliyinin gəlişini gözləyirdilər ki, ona qoşulsunlar.HD 323.1

    Gəlin evi qarşısında ağ paltarlar geymiş on qız əyləşmişdir. Hər birinin çırağı və yağ üçün qabları vardır. Onlar adaxlının gəlişini gözləyirlər. Fəqət o gecikir. Saatlar keçir; gözləməkdən yorulanlar mürgüləyib yatdılar. Gecə yarısı bir qışqırıq qopdu: “Budur, adaxlı gəlir, onu qarşılamağa çıxın!” Yatanlar oyanıb ayağa qalxdılar. Onlar parlaq çıraqlarla və şən musiqi ilə hərəkət edən toy şənliyini gördülər. Adaxlı ilə gəlinin səslərini eşidirdilər. Qızların onu da durub öz çıraqlarını düzəltdilər ki, şənliyə qoşulsunlar, lakin onların beşinin qabında yağ qalmamışdı. Onlar güman etmirdilər ki, bu qədər çox gözləmək lazım olacaq və ona görə də çıraqlarında yağ qurtaracaqdır. Həyəcan içində onlar öz ehtiyatlı rəfiqələrinə müraciət edirlər: “Bizə yağınızdan verin, çünki çıraqlarımız sönür”. Lakin onlar öz çıraqlarını dolduraraq, artıq yağ qablarını boşaltmışdılar. Onlarda artıq yağ yoxdur və onlar cavab verirlər: “Xeyr! Bizə və sizə çatmaya bilər. Hər şeydən yaxşı gedin satıcılardan alın”.HD 323.2

    Yağ almaq üçün getdikləri zaman isə şənlik onları arxada qoyub irəliyə getdi. Yanan çıraqlarla beş qız şənliyə qoşularaq adaxlının evinə girdilər. Ağılsız qızlar şənliyə gəldikləri zaman isə onları içəri buraxmadılar. Ev sahibi onlara dedi: “Doğrusun sizə deyirəm ki, sizi tanımıram”, onlar kimsəsiz küçədə gecənin qaranlığında qaldılar.HD 324.1

    Məsih adaxlını gözləyənlərə baxaraq, Öz şagirdlərinə on qız haqqında danışdı ki, onların timsalında bilavasitə Onun İkinci gəlişindən əvvəl imanlılar cəmiyyəti ilə nə baş verəcəyini göstərsin.HD 324.2

    Gözləyən qızların iki qrupu öz timsallarında Rəbbləri ilə böyük görüşü gözləyən iki insan kateqoriyasını təsvir edir. Onlar məhz ona görə qızların timsalında təsvir olunublar ki, özlərinin ən pak imana malik olduqlarını bəyan ediblər. Məsəldəki çıraqlar İlahi Kəlamı təsvir edir. Zəbur oxuyan deyir: “Sözün hər addımım üçün çıraqdır, yollarıma işıqdır” (Məz. 118:109). Çıraqlar üçün yağ Müqəddəs Ruhu təsvir edir. Eyni ilə Müqəddəs Ruh Zəkəriyyənin peyğəmbərliyində də təsvir olunubdur. “Mənimlə danışan mələk geri qayıdıb, — o deyir, — məni yuxusundan oyanan adam kimi oyatdı. O məndən soruşdu: “Nə görürsən?” Mən dedim: “Büsbütün qızıldan olan bir çıraqdan görürəm. Onun başında zeytun yağı üçün bir qab, üzərində yeddi çıraq, çıraqlarda isə yeddi lülə var. Çıraqdanın yanında isə biri yağ qabının sağında, o biri solunda olmaqla iki zeytun ağacı var”. Sonra mənimlə danışan mələkdən soruşdum: “Ay ağam, bunlar nədir?” Mənimlə danışan mələk “bunların nə olduğunu bilmirsənmi?” deyə soruşdu. Mən də “yox, ağam” dedim. O mənə cavab verdi: “Zerrubbabilə Rəbbin sözü budur: “Güclə, qüdrətlə уох, yalnız Mənim Ruhumla iş görəcəksən” deyir Ordular Rəbbi. Sən kimsən, ey uca dağ? Zerrubbabilin önündə düzənliyə çevriləcəksən. O “nə gözəldir, nə gözəldir” nidaları altında məbədin təpə daşını götürəcək”. Mənə Rəbbin sözü nazil oldu: “Bu evin təməlini Zerrubbabilin əlləri qoydu, onun əlləri də bunu sona çatdıracaq. Onda biləcəksən ki, Ordular Rəbbi məni sizin yanınıza göndərmişdir. Bu günü kim əhəmiyyətsiz hesab edə bilər? Məhz bu gün adamlar Zerrubbabilin əlində şaqulu görəndə sevinəcək. Bu yeddi çıraq isə Rəbbin bütün yer üzündə dolaşan gözləridir”. Mən ondan soruşdum: “Bəs çıraqdanın sağ və solunda olan bu iki zeytun ağacı nədir?” Sonra yenə soruşdum: “İki qızıl borucuq vasitəsilə içindən qızıl rəngində yağ axan bu iki zeytun budağı nədir? O məndən soruşdu: “Bunların nə olduğunu bilmirsənmi?” Mən də “yox, ay ağam” dedim. O mənə dedi: “bunlar bütün yer üzünün Sahibinin önündə duran məsh olunmuş iki nəfərdir” (Zək. 4:1-14).HD 324.3

    İki zeytun ağacından qızıl yağ qızıl borucuqlarla çırağın yağ qabına axıdılır və oradan əqdəsə işıq saçan qızıl qəndillərə tökülür. Beləliklə, Allahın önündə duran müqəddəslərdən Onun Ruhu, Allahın sözünü Onun xidmətinə təyin edilmiş kahinlərə verir. İki məsh olunmuşun vəzifəsi Allah adamlarına Onun sözünü addımlar üçün çıraq və yol üçün işıq edə biləcək səmavi lütfü çatdırmaqdan ibarətdir. “Güclə, qüdrətlə yox, yalnız mənim Ruhumla iş görəcəksən” deyir Ordular Rəbbi” (Zək.4:6).HD 325.1

    Bu məsəldə qızların onu da adaxlını qarşılamağa çıxmışdılar, hamısının çırağı və yağ qabı vardı. Əvvəl onların arasında fərq yox idi. Beləcə, müəyyən vaxta kimi Məsihin İkinci gəlişindən qabaq imanlılar cəmiyyəti də belə görünəcək. Hamıya Yazı verilmişdir, hamı onu bilir və hamı Məsihin tezliklə gələcəyini eşitmişdir. Hamı inamla Onun zühur edəcəyini gözləyir. Fəqət indi də məsəldəki kimidir: gözləmə vaxtı keçir, imanın sınaq vaxtı yaxınlaşır, lakin eşidəndə ki “Budur? adaxlı gəlir, onu qarşılamağa çıxın!” çoxları hazır olmayacaqlar. Onların qablarında öz çıraqları üçün yağ yoxdur. Onlarda Müqəddəs Ruh yoxdur.HD 325.2

    Allahın Ruhu olmadan Onun sözünü bilmək faydasızdır. Yalnız ağılla qavranılmış və Müqəddəs Ruhla möhkəmləndirilməmiş həqiqət nəzəriyyəsi qəlbi canlandıra və ürəyi qüdsləşdirə bilməz. İnsan Müqəddəs Kitabın əmr və vədlərini öyrənə bilər; fəqət Müqəddəs Ruh bu həqiqətləri onun ürəyində kökləndirməsə, insanın xasiyyəti dəyişməyəcək. Müqəddəs Ruhla maariflənmədən insan həqiqətləri yalanlardan ayırmağı öyrənməyəcək və şeytanın hiyləgər imtahanları qarşısında məğlub ediləcək.HD 326.1

    Ağılsız qızlar bu məsəldə hiyləgərləri təmsil etmirlər. Bu qızlar həqiqətə sayğı göstərirlər, həqiqəti qoruyurlar, həqiqətə iman edənlərə can atırlar; fəqət özləri Müqəddəs Ruhun yeniləşdirici təsirinə təslim olmayıblar. Onlar İsa Məsih Qayasına yıxılsalar da, köhnə təbiətlərinin dağılmasına icazə verməmişlər. İnsanların bu növü həm də əkinçi haqqında məsəldə alleqoriya şəklində daşlı torpaq kimi təsvir edilmiş insanlara bənzəyirlər. Onlar İlahi Kəlamı dərhal qəbul edirlər, lakin onun prinsiplərini mənimsəmirlər. Kəlamın təsiri daimi deyildir. Ruhun insan qəlbində işləməsi üçün sonuncunun istəyi və yeni təbiətə malik olmaq arzusu gərəkdir; ağılsız qızların timsalında göstərilmiş insanlar isə zahiri təsir ilə kifayətlənirlər. Onlar Allahı tanımırlar. Onun xasiyyətini dərk etməmişdirlər; Onunla daimi ünsiyyətdə olmadıqlarına görə Ona necə etibar etməyi, necə baxmağı və Onda necə yaşamağı bilmirlər. Onların Allaha xidmətləri formal xarakter alır. “Xalq hər vaxt olduğu kimi sənın yanına gəlir. Mənim xalqım olduqları halda önündə oturur, sözlərinə qulaq asır, amma dediklərini etmirlər.Dilləri ilə səmimi olduqlarını iddia edirlər, ancaq ürəkləri haram qazanc dalınca gedir” (Yez. 33:31). Həvari Pavel qeyd edir ki, insanların Allaha qarşı belə münasibəti xüsusilə Məsihin İkinci gəlişindən əvvəl geniş yayılacaqdır. O deyir: “Son günlərdə çətin anlar gələcək. Zira insanlar xudbin, məğrur, zövqü Allahdan çox sevən, bir din şəklini tutan, bunun qüdrətini isə inkar edən olacaqlar” (2 Tim. 3:1-5).HD 326.2

    Bu sinif insanlar həyəcan və çətinliklər dövründə etinasızlıqla sülh və təhlükəsizlik bəyan edirlər. Onlar öz ürəklərinə lay-lay çalırlar ki, yaxınlaşan təhlükə haqqında fikirdən gizlənsin və təcili olaraq xilas axtarmasınlar. Gözlənilmədən yuxudan oyandıqda isə aşkar edirlər ki, fəlakətli bir vəziyyətdədirlər və vaxt ikən özləri ehtiyat görmədikləri şey üçün başqalarına müraciət edirlər. Fəqət heç kim insanın ruhlu itkisini ödəyə bilməz. Allahın lütfü azad surətdə һәг bir cana təklif edilirdi. Müjdə hamı üçün eyni dərəcədə səslənirdi: “Susayan qoy gəlsin, arzu edən qoy həyat suyunu müftə götürsün” (Vəh. 22:17). Başqasına öz xasiyyətini, öz keyfiyyətlərini vermək imkansızdır. Heç kim başqa adamın əvəzinə Ruha malik ola bilməz. Ruhun işinin məhsulu olan xasiyyətini heç kim başqasına verə bilməz. “Nuh, Daniel və Əyyub... — Rəbb Allah deyir, — nə oğullarını, nə də qızlarını qurtarar, salehlikləri ilə yalnız öz canlarını qurtarar” (Yez. 14:20).HD 327.1

    İnsanın xasiyyəti sınaq vaxtı aşkar edilir. Gecə yarısı “Budur, adaxlı gəlir, onu qarşılamağa çıxın!” çağırışı eşidiləndə və yatan qızlar oyandıqda dərhal müəyyən oldu ki, baş verən hadisəyə kim hazırdır. Onların heç birinə başqa bir xəbərdarlıq verilməmişdi, onların hər biri gözlənilmədən oyandılar; fəqət bir qismi qabaqcadan ola biləcək hadisəyə hazırlaşmışdılar, digərləri isə çaş-baş qaldılar, hazır olmadılar. Eləcə də bu gün insanı ölümlə üz-üzə qoyan gözlənilməz və gümanedilməz fəlakət, təsadüf aşkar edir ki, bu insan Allahın vədlərinə real imana malikdirmi, onun qəlbi lütf ilə dəstəklənirmi. Ən böyük, axırıncı sınaq insanın dünya həyatı sona çatan zaman gəlir, onda qəlbin tələblərini ödəmək artıq çox gec olur.HD 327.2

    On qız dünya tarixinə məxsus axşamda səbirsizliklə gözləməkdədir. Onların hamısı özlərinin Məsihə iman etdiklərini bəyan edirlər. Hamısı dəvəti eşidiblər, məsihçi adı alıblar, çıraq götürüblər və hamısı bəyan edirlər ki, Allaha xidmət edirlər. Hamısı Məsihin gəlişini gözləyirlər. Fəqət onların beşi buna hazır deyildir. Onların beşi məəttəl qalacaq, məyus olacaq və ziyafətə girməyəcək.HD 327.3

    Son gündə bir çoxları Məsihin Padşahlığına girməyə hüquqları olduğunu bəyan edərək, deyəcəklər: “Biz Sənin önündə yeyib-içirdik və Sən bizim küçələrdə öyrədirdin”. “Ya Rəbb, Ya Rəbb, biz Sənin isminlə peyğəmbərlik etmədikmi?... və Sənin isminlə çox möcüzələr yaratmadıqmı?” Fəqət cavabında onlar eşidəcəklər: “Sizə deyirəm ki, sizi tanımıram, haradansınız; Məndən uzaqlaşın” (Lk. 13:26, 27; Mt. 7:22). Bu həyatda onlar Məsihlə etibarlı münasibətlər yaratmadırlar; buna görə səmavi dil onlara yaddır, onlar səmavi sevincdən uzaqdırlar. “Zira, insan düşüncələrini insanın özündə olan ruhdan başqa insanlar arasında kim bilər? Beləcə də, Allahın düşüncələrini Allahın Ruhundan başqa heç kim bilmir” (1 Kor.2:11).HD 328.1

    İnsanın nə vaxtsa eşitdiyi sözlər içində bu sözlərdən qəmlisi yoxdur. “Mən sizi heç vaxt tanımamışam”. Sizin rədd etdiyiniz Ruhun məhəbbəti, yalnız o, sizi şən ziyafətin qonağı edə bilərdi. Fəqət siz onda iştirak etmirsiniz. Onun işığı sizin tutulmuş gözlərinizə düşməyəcək, onun nəğməsi sizin eşitməyən qulaqlarınıza çatmayacaqdır. Bu ziyafətin sevgisi və sevinci süstləşmiş dünyəvi ürəkdə qarşılıqlı sevinc oyada bilməz. Onlarla görüşə hazır olmadığınıza görə siz göylərdən istisna edilmisiniz.HD 328.2

    Biz “Budur, adaxlı gəlir!” nidasından oyanıb, dərhal Rəbbi qarşılamağa hazırlaşa bilməyəcəyik. Bütün yerdəki həyatımız müddətində Məsihdən uzaqda yaşayıb və eyni zamanda Onunla göylərdə ünsiyyətə hazırlaşmaq imkansızdır.HD 328.3

    Ağıllı qızlar öz çıraqları üçün yağ qablarını qabaqcadan hazırlamışdılar. Onların çıraqları intizar gecəsini işıqlandıran parlaq alovunu saxlayırdı. Onların işığı adaxlının şərəfinə bütün ətrafa yayılırdı. Qaranlıqda parlayaraq, o, adaxlının evinə aparan yolu toy məclisi olacaq evə kimi işıqlandırırdı.HD 328.4

    Beləcə, Məsihin həqiqi davamçıları dünyanın qaranlığında nur saçmalıdırlar. Müqəddəs Ruhun sayəsində Allahın Sözü, üzərinə axdığı hər kəsin həyatını yeniləşdirir. İnsanların ürəyində İlahi Kəlamın prinsiplərini kökləndirərək, Müqəddəs Ruh onlarda İlahi keyfiyyətlər inkişaf etdirir. Onun izzətinin nuru — Onun xasiyyəti ardıcıllarının qəlblərində yanmalıdır. Beləcə, onlar Allahı izzətləndirərək, Adaxlının iqamətgahına, Səmavi şəhərə, Quzunun toy məclisinə gedən yolu nurlandırırlar.HD 329.1

    Məsəldə adaxlı ən qaranlıq saatda, gecə yarısı gəldi. Beləcə, Məsihin gəlişi də dünya tarixinin ən qaranlıq dövründə baş verəcək. Nuhun və Lutun dövrləri İnsan Oğlunun gəlişi ərəfəsindəki dünyanın təsvirini verir. Yazı bu dövrə işarə edərək göstərir ki, şeytan həmin günlərdə “tam qüdrət... və yalançı xariqələrlə” hərəkət edəcək (2 Saln. 2:9, 10). Bu son günlərdə onun hiyləgər işi qaranlığın qatılaşması ilə hər cür yalanın, cəfəngiyyatın görünməmiş təntənəsi ilə müşayiət ediləcək. Şeytan öz hiyləsi ilə yalnız ayrı-ayrı adamları tutmayacaq, həm də özünü məsihçi adlandıran imanlılar cəmiyyətlərinə təsir edəcək. Böyük küfr zülmətə gətirəcək, gecə yarısında olan zülmətə, o zülmət ki işıq keçirmir. Allahın xalqı üçün o, sınaq gecəsi, ağlaşma gecəsi, həqiqətə görə təqiblər gecəsi olacaqdır. Fəqət bu gecə zülmətindən Allahın nuru parlayacaqdır.HD 329.2

    O, “qaranlıqdan işıq parlayacaq” deyir (2 Kor. 4:6). Nə zaman ki “yer quruluşsuz və boş idi; dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı. Allah dedi: Qoy işıq olsun. İşıq oldu” (Yar.1:2,3). Beləcə, ruhlu zülmət gecəsində də Allahın səsi eşidilir: “İşıq olsun”. O Öz xalqına deyir: “Qalx, işıqlan, çünki nurun gəldi, Rəbbin izzəti üzərində gəldi!” (Yeş. 60:1).HD 329.3

    “Budur, — Yazı deyir, — dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək. Amma Rəbb üzərinə nur saçacaq, izzəti səni əhatə edəcək” (Yeş.60:2).HD 329.4

    Allah haqqında yanlış təsəvvürün qaranlığı dünyanı bürüyübdür. İnsanlar Onun haqqında doğru təsəvvürü itirirlər. Onlar Onu başa düşmürlər və Onun haqqında yalan danışırlar. Bizim dövrümüzdə Allahın xəbəri, işıq saçan və xilas etmək gücünə malik olan xəbər bəyan edilməlidir. Dünyaya Onun xasiyyəti izhar edilməlidir. Dünyanın qaranlığına Onun izzətinin işığı, yaxşılığının, mərhəmətinin və həqiqətinin işığı axıdılmalıdır.HD 330.1

    Yeşaya peyğəmbər bu iş haqqında deyir: “Ey Siona müjdə gətirən, yüksək dağa çıx! Ey Yerusəlimə Xoş Xəbər gətirən, ucalt səsini, car çək, qaldır səsini, qorxma. Yəhuda şəhərlərinə de: Budur Allahınız! Budur, Xudavənd Rəbb Öz qüvvəsi ilə gəlir, O, qüdrətlə hökm edəcək, Mükafatı Onunladır, ənamı önündədir” (Yeş. 40:9, 10).HD 330.2

    Adaxlını gözləyənlər insanlara deməlidirlər: “Budur Allahınız!” Lütfkar işığın son şüaları, məhv olan dünyaya axırıncı mərhəmət xəbəri Onun Məhəbbət olduğunun vəhyidir. Allahın övladlarına Onun izzətini bəyan etmək gərəkdir. Öz şəxsi həyatımız və xasiyyətimizin ləyaqəti ilə biz Allahın lütfünün bizim üçün nə etdiyini hamıya nümayiş etdirməliyik.HD 330.3

    Salehlik Günəşinin işığı onların xeyirxah işlərində — həqiqi sözlərində və müqəddəs işlərində parlamalıdır.HD 330.4

    Məsih, Atanın izzətinin parıltısı, dünyaya işıq kimi gəldi. O, insanlara Allahı izhar etmək üçün gəldi və Onun haqqında yazılıb ki, O, “Müqəddəs Ruh və qüdrətlə” məsh edilmişdir və “yaxşılıq edərək dolaşırdı” (Həv. iş. 10:38). Nazaretin havrasında O dedi: “Rəbbin Ruhu üzərimdədir; çünki yoxsullara Müjdəni bildirmək üçün O Məni məsh etdi, Məni qəlbi sınıq olanlara şəfa verməyə, əsirlərə azadlıq, korların gözlərinin açılmasını təbliğ etməyə, əzab çəkənləri azad etməyə və Rəbbin xoş ilini elan etməyə göndərdi” (Lk. 4:18, 19). Bu işi O Öz şagirdlərinə də tapşırdı. “Siz dünyanın işığısınız, — dedi O — Qoy sizin işığınız insanların qarşısında elə parlasın ki, xeyirxah işlərinizi görsünlər və Göydəki Atanıza həmd etsinlər” (Mt. 5:14, 16).HD 330.5

    Bu, Yeşaya peyğəmbərin təsvir etdiyi işlərdir: “Yediyiniz çörəyi acla bölüşdürmək, yurdsuz kasıbları evinizə gətirmək... çılpaq görəndə geyindirmək, yaxınlarınızdan köməyinizi əsirgəməmək gərəkdir. Onda şəfəq kimi nurunuz saçacaq, tezliklə şəfa tapacaqsınız, qarşınızda salehliyiniz gedəcək, Rəbbin izzəti sizə arxa olacaq” (Yeş. 58:7, 8).HD 331.1

    Beləcə, ruhlu qaranlıq gecəsində Allahın izzəti Onun imanlılar cəmiyyətinin içində parlayaraq, hamıya işıq saçır, əyilmişləri qaldırır və kədərlilərə təsəlli verir.HD 331.2

    Hər yandan dünyəvi bəlalar içərisində məhv olan insanların fəryadları ucalır. Ətrafımızda ehtiyacı olanları və iztirab çəkənləri görürük. İnsanların həyatdakı bəlalarını, onların bədbəxtliklərini yüngülləşdirmək və yumşaltmaq gərəkdir.HD 331.3

    Belə işlər adi təbliğdən qat-qat artıq nəticələr verəcək. Aclara qida, çılpaqlara paltar, evsizlərə sığınacaq vermək lazımdır. Fəqət biz bundan da böyük işlər görməyə çağırılmışıq. Qəlbin yanğısını yalnız Məsih ödəyə bilər. Əgər Məsih bizdə yaşayırsa, bizim ürəklərimiz İlahi şəfqətlə dolur. Buna kimi səmimi məsihçi məhəbbətinin gizli olan mənbələri indi açılacaqdır.HD 331.4

    Allah bizi ehtiyacı olanlarla ancaq paylaşmağa deyil, həm də onlara dost şəfqəti ilə, sevinc gətirən ümid sözləri ilə, təmənnasız dəstəklə təsəlli verməyə dəvət edir. Məsih xəstələri sağaldanda O, əllərini onların üstünə qoyurdu. Eləcə də bizə dəstək vermək istədiyimiz adamlarla sıx dostluq əlaqəsi yaratmaq gərəkdir.HD 331.5

    Bizim ətrafımızda hər cür ümidini itirmiş adamlar çoxdur. Onları yenidən gün işığına qaytarın. Çoxları cəsarətini itirmişlər. Onlara təsəlli sözləri deyin. Onların naminə dua edin. Həyat çörəyinə ehtiyacı olanlar da çoxdur. Onlara İlahi Kəlamı oxuyun. Bir çoxunun xəstəliyini heç bir dünyəvi dərman ilə sağaltmaq mümkün deyildir, onlara heç bir həkim kömək etməyəcək. Onların canları naminə dua edin; onları İsaya gətirin. Onlara deyin ki, Gileadda dərman vardır və Şəfaverici oradadır.HD 331.6

    İşıq xeyir-duadır, ümumi xeyir-duadır ki, öz sərvətlərini naşükür, pozğun və düşmüş dünyaya axıdır. Salehlik Günəşi də belədir. Günahın qəm və iztirab qaranlığına bürünmüş dünya İlahi məhəbbətin idrakı ilə işıqlanmalıdır. Göylərin taxtından axıdılan bu işıq heç kimi, heç bir adamı kənarda qoymamalıdır.HD 332.1

    Ümid və mərhəmət xəbəri dünyanın hər ucuna çatdırılmalıdır. O zaman arzu edən hər kəs Allahın verdiyi gücə bağlana bilər və Onun qarşısına çıxaraq, xilasedici dəstəyini hiss edər, Onunla ittifaq bağlayaraq qəlbində sülhə malik olar. Bütpərəstlər daha gecə yarısı zülmətində olmayacaqdırlar. Zülmət Salehlik Günəşinin parlaq şüaları altında dağılacaqdır. Cəhənnəm qüvvələri məğlub ediləcəklər.HD 332.2

    Fəqət Allahın işığını dünyaya gətirmək üçün özümüz bu işığa malik olmalıyıq. Allahın işində insanın özü nəyinsə mənbəyi ola bilməz. Heç kim şəxsi səyləri ilə özünü Allah üçün işıq daşıyıcısı edə bilməz. Bundan ötrü qızıl yağı qızıl borucuqlara axıdılmalıdır, bu borucuqlar qızıl yağı qabından məbədin çıraqlarına aparır və parlaq, göz qamaşdıran işıq saçılır; səma elçiləri tərəfindən qızıl yağı axıdılmalıdır. Bu daima insana verilən Allahın məhəbbətidir ki, ona başqaları ilə bu işığı paylaşmaq imkanı verir. Qızıl məhəbbət yağı asanlıqla iman vasitəsilə Allaha birləşənlərin ürəklərinə axır və Allah onlara həqiqi, ürəkdən olan xidmətlərində xeyirxah işlərilə parlamağa imkan verir.HD 332.3

    Göylərin bütün mənbələri böyük və hədsiz olan Müqəddəs Ruhun ənamında gizlənmişdir. Əgər Onun lütfünün axınları bəzən insanlara çatmırsa, bu, Allahın təqsirindən deyildir. Əgər insanların özləri həqiqətən səmavi sərvətlərə malik olmaq istəsəydilər, hər kəs Onun Ruhu ilə dolmuş olardı.HD 332.4

    Hər adama canlı arx olmaq üstünlüyü bəxş edilmişdir ki, onun vasitəsilə Allah dünyaya Öz Lütfünün sərvətlərini, Məsihin tükənməz cəvahiratını axıdır. Məsihin Onun Ruhunu və xasiyyətini dünyaya izhar edə biləcək vasitəçilərə malik olmaqdan böyük arzusu yoxdur. Dünyanın insan vasitəsilə izhar edilən Xilaskarın məhəbbətinə olduğu qədər heç nəyə ehtiyacı yoxdur. Göylər səbirsizliklə yeni-yeni arxlar gözləyir ki, onların vasitəsilə müqəddəs zeytun yağı insanların ürəklərinə axıdılaraq, onları sevinc və xeyir-dua ilə doldura biləcək.HD 332.5

    Məsih hər şey etdi ki, Onun imanlılar cəmiyyəti yeniləşərək dünya üçün İşığa çevrilsin, İmmanuelin izzətinin daşıyıcısı olsun. O hər bir məsihçini yüksək işıq və sülh atmosferi ruhu ilə əhatə etmək istəyir. İstəyir ki, biz öz şəxsi həyatımızda Onun sevincini başqalarına açaq.HD 333.1

    Müqəddəs Ruhun insanda mövcud olmasının doğru əlaməti ondan axıdılan səmavi məhəbbət axınıdır. İlahi dolğunluq Məsihin qüdsləşmiş davamçılarının vasitəsilə yayılaraq, başqa adamların üzərinə də axacaqdır.HD 333.2

    Həqiqət Günəşi “Öz şüalarında şəfa gətirir” (Məl. 4:2). Ona görə Məsihin hər bir həqiqi davamçısından insanlara həyat, cəsarət, ümid və həqiqi şəfa gətirən təsir törəməlidir.HD 333.3

    Məsihin dini, sadəcə günahların bağışlanmasından daha böyük şeylər verir; O bizim üzərimizdən günahlarımızın uzaqlaşması və əmələ gələn boşluğun Müqəddəs Ruhun ənamları ilə dolması deməkdir. O, İlahi paklaşma, Allahda sevincə malik olmaq deməkdir. O, eqoizmdən azad olmuş və Məsihlə dolmuş ürək deməkdir. Məsih qəlbə hakim olanda insan paklığa, günahdan azadlığa malik olur. Müjdə planının izzəti, dolğunluğu, tamlığı onun həyatında icra edilir. Xilaskarı qəbul etmək insana kamil məhəbbətin, kamil sülhün və kamil yəqinliyin parlaqlığını bəxş edir. Belə adamın həyatında izhar edilmiş Məsih xasiyyətinin gözəllik və ecazkarlığı şəhadət edir ki, Allah həqiqətən Öz Oğlunu dünyaya göndərdi ki, O, dünyanın Xilaskarı olsun.HD 333.4

    Məsih Öz davamçılarına ətrafdakı insanların üstünə işıq saçmaq üçün səy göstərsinlər deyə əmr etmir. O deyir: “Qoy sizin işığınız parlasın”. Əgər siz Allahın lütfünə maliksinizsə, işıq artıq sizdədir. İşığın qarşısını kəsən maneələri kənarlaşdırın və Rəbbin izzəti açılacaqdır. Ətrafdakı zülməti dağıtmaq üçün parlamaya bilməyəcəksiniz.HD 333.5

    İnsan varlıqlarında və onların vasitəsilə Onun şəxsi izzətinin izhar edilməsi göyləri insana o qədər yaxınlaşdıracaqdır ki, insan bədəninin məbədində məskunlaşan gözəllik Xilaskarın mövcud olduğu hər kəsdə görünəcək. Məsihin insanın ürəyində mövcud olan bu izzəti insanları cəlb edəcək. Bu üsul ilə Allah üçün fəth edilmiş bir çox qəlblərdən ucalan alqış və minnətdarlığın geniş axını vasitəsilə izzət geriyə, böyük Vericiyə qayıdacaqdır.HD 334.1

    “Qalx, işıqlan, çünki nurun gəldi, Rəbbin izzəti üzərinə gəldi!” (Yeş. 60:1). Bu xəbər Adaxlını qarşılamağa çıxanlara verilmişdir. Məsih böyük izzət və qüdrətlə gələcək. O Öz şəxsi izzəti və Atanın izzəti ilə gələcək. Bütün müqəddəs mələklərlə birlikdə gələcək. O zaman ki, bütün dünya zülmətə qərq olacaqdır, işıq Ruhun mövcud olduğu hər bir müqəddəsdən axacaqdır. Onlar ilk olaraq Onun İkinci gəlişinin işığını duyacaqlar. Onun böyüklüyü pak işıqla parlayacaq və Ona xidmət edənlərin hamısı Xilaskar Məsihlə fərəhlənəcəklər. O zaman ki, günahkarlar Onun mövcudluğundan qaçacaqlar, Məsihin davamçıları isə sevinəcəklər. Əyyub ata uzaqlara, Məsihin İkinci gəlişi dövrünə baxaraq, demişdir: “Mən Ona baxacağam, başqası yox, öz gözlərimlə görəcəyəm” (Əyy. 19:27 ). Öz sadiq davamçıları üçün Məsih həmişə daimi yoldaş və yaxın dost olmuşdur. Onlar Allahla sıx ittifaqda, daimi ünsiyyətdə yaşamışlar. Onların üzərində Rəbbin izzəti doğmuşdur. Onlarda Allahın izzətinin İsa Məsih vasitəsilə dərk edilməsinin işığı əks olunmuşdur. İndi isə onlar Padşahın izzəti işığının parlaq şüalarında Onun tam böyüklüyü içində şadlanırlar. Səmavi görüşə onlar hazırdırlar, çünki çoxdan bəri göyləri öz ürəklərində saxlamışdılar.HD 334.2

    Göylərə yönəlmiş və parlaq haqq Günəşinin şüaları ilə işıqlanmış sifətlər yaxınlaşan xilasın sevincində Adaxlının qarşısına çıxaraq, nida edirlər: “Budur bizim Allahımız! Ona etibar etdik, O bizi qurtardı” (Yeş. 25:9).HD 334.3

    “Və sanki böyük bir izdihamın səsini, gur-gur axan suların təlatümünü, qüvvətli göy gurultularının səsini eşitdim. Onlar deyirdilər: Haleluya! Çünki Külli-İxtiyar Rəbb Allahımız səltənət sürür. Sevinək və şadlanaq və izzəti Ona verək! Çünki Quzunun toy saatı gəldi. Onun gəlini özünü hazırladı... Və mələk mənə dedi: Yaz: Quzunun toy ziyafətinə dəvət olunanlar nə bəxtiyardırlar! O, rəbblərin Rəbbi və padşahların Padşahıdır və Onunla bərabər olanlar dəvət edilmiş, seçilmiş və sadiqdirlər” (Vəh. 19:6-9; 17:14).HD 335.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents