(Lk. 18:9-14)
“Özlərinin saleh olduğuna güvənib, başqalarına xor baxan bəziləri üçün” Məsih fərisey və vergiyığan haqqında məsəli söylədi. Fərisey məbəddə dua etməyə gəlir, lakin özünü günahkar hiss edərək bağışlanmağa ehtiyacı olduğu üçün deyil, doğru olduğu və mükafat almaq üçün. Duanı özünə məziyyət sayaraq, onu Allahın gözündə ucaldacağını güman edir. Eyni zamanda o öz möminliyi ilə adamları mütəəssir etmək istəyir. Həm Allahın, həm də ətrafındakıların rəğbətini qazanmaq istəyir. Onun Allaha sitayişi şəxsi mənfəət güdür. HD 106.1
O, şöhrətpərəstliklə doludur. Bu onun duasında, yerişində və sifətində büruzə verilir. Başqalarından uzaqlaşıb, sanki “Uzaq dur, Mənə yaxınlaşma, çünki mən səndən müqəddəsəm” deyərək (Yeş.65:5), təklikdə “öz-özünə” dua edir. Özündən tam razı halda hesab edir ki, Allah və insanlar ona heyrandırlar. HD 106.2
“Ya Allah! Mən başqaları kimi soyğunçu, haqsız, zinakar və yaxud da bu vergiyığan kimi olmadığım üçün, — o deyir, — Sənə minnətdaram”. O özünü Allahın qüdsiyyəti ilə ölçmür, lakin başqa insanlarla müqayisə etməklə kifayətlənir. Onun şüuru İlahi keyfiyyətlərə deyil, bəşəri keyfiyyətlərə yönəlmişdir. Onun özündən razılığının səbəbi də bundadır. HD 106.3
O öz yaxşı əməllərini saymaqda davam edir: “Həftədə iki dəfə oruc tuturam, əldə etdiyim hər şeyin onda birini verirəm”. Ancaq bu fəriseyin dini onun qəlbinə toxunmur. O, İlahi xasiyyətin keyfiyyətlərinə nail olmağa çalışmır, sevgi və mərhəmətlə dolu ürəyə malik olmaq istəmir. Həyatının yalnız zahiri tərəfini əhatə edən dinlə məhdudlaşır. Onun paklığı özü güman etdiyi paklıqdır, onun şəxsi səylərinin məhsuludur və bəşəri meyarlarla dəyərləndirilir. HD 107.1
Kim özünü doğru sayırsa, başqalarına yuxarıdan baxacaqdır. Özünü başqaları ilə müqayisədə təsdiqləyən fərisey, onları da özü ilə müqayisə edib dəyərləndirir. Öz möminliyini başqa adamların möminliyi ilə müqayisədə qiymətləndirir və ona görə də əhatəsindəkilər nə qədər pisdirlərsə, onlarla müqayisədə özü-özünə o qədər mömin görünür. Onun özünü mömin saymağı başqalarını mühakimə etməyə rəvac verir. “Başqalarını” Allah Qanununun pozucuları kimi mühakimə edir. Beləliklə də onda qardaşları mühakimə edən şeytanın ruhu büruzə verilir. Bu ruhla o, Allahla ünsiyyətə girə bilməz. Dua etdikdən sonra o öz evinə İlahi xeyir-duanı almadan qayıdır. HD 107.2
Vergiyığan isə başqa dindarlarla bir yerdə ibadətə gəlmişdir, lakin tezliklə özünü onlarla birgə dua etməyə layiq bilmədiyi üçün bir kənarda dayandı. Onlardan uzaqda durub, o, “gözlərini göyə qaldırmağa belə cəsarət etmirdi”, fəqət döşünə döyüb dərindən kədərlənir və özünə nifrət edirdi. O özünü Allah qarşısında cinayətkar, günahkar və murdar sayırdı. O, ətrafındakılardan mərhəmət gözləmirdi, çünki onlar ona nifrətlə baxırdılar. O bilirdi ki, Allah qarşısında ona bəraət yoxdur və tam ümidsiz halda deyirdi: “Ya Allah! Mən günahkara mərhəmət et!” O özünü başqaları ilə müqayisə etmirdi. Günah hissi ilə tutularaq, o, sanki, Allahla təkbətək qalmışdı. Yeganə arzusu bağışlanıb, salehliyə nail olmaq idi, yeganə diləyi Allahın mərhəməti idi və o, xeyir-dua aldı. “Sizə deyirəm ki, — Məsih dedi, — o birisi yox, bu adam evinə təmizə çıxaraq getdi”. HD 107.3
Fərisey və vergiyığanın timsalında Allaha ibadətə gələn iki qrup adam təsvir olunmuşdur. Onlar bizim dünyaya ilk olaraq göz açmış iki körpəyə bənzəyirlər. Qabil özünü doğru sayırdı və Allahın hüzuruna yalnız minnətdarlıq qurbanı ilə gəlmişdi. O, günahlarında tövbə etməyib, Allahın mərhəmətinə ehtiyac duymurdu. Habil isə qan ilə qurban gətirib gələcəkdə gözlənilən Allahın Quzusuna işarə edirdi. O özünü Allah üçün itirilmiş sayaraq, tövbə edən günahkar kimi gəlmişdi; onun yeganə ümidi Allahın tükənməz məhəbbətinə etibar etmək idi. Rəbb onun qurbanından məmnun qaldı, Qabilin qurbanını isə qəbul etmədi. Allahsız yaşamağın mümkün olmadığını dərk etmək, öz zəifliyimizi və günahkarlığımızı başa düşməyimiz Allahın bizi qəbul etməsi şərtlərinin birincisidir. “Nə bəxtiyardırlar ruhən yoxsullar; çünki Göylərin Padşahlığı onlarındır” (Mt. 5:3). HD 108.1
Dua edənlərin fərisey və vergiyığanla təsvir edilmiş hər iki nümayəndəsi üçün həvari Peterin əhvalatında özünəməxsus dərs vardır. Həvariliyinin başlanğıcında Peter özünü güclü sayırdı. Fərisey kimi, o da özündən razı idi və fəxr edirdi ki, “başqaları kimi deyil”. Yəhudanın satqınlığı ərəfəsində Məsih Öz şagirdlərinə xəbərdarlıq edib, “Hamınız bu gecə Məndən dönəcəksiniz” dediyi zaman, Peter inamla dedi: “Hamı Səndən dönsə də, mən dönməyəcəyəm” (Mk. 14:27, 29). Peter özünü aldatmağın təhlükəsini təxmin etmirdi. Özünə güvənmək onu aldatdı. O hesab edirdi ki, nəfsə qalib gəlmək gücündədir; ancaq qısa bir vaxtdan, bir neçə saatdan sonra sərt sınaq vaxtı gəldi və o and içib Allahı şahid edərək, öz Rəbbindən imtina etdi. HD 108.2
Xoruzun banlaması ona Məsihin sözlərini xatırlatdığı zaman, etdiyindən dəhşətə gəlmiş Peter dönüb öz Rəbbinə baxdı. Bu anda Məsih də Peterə baxdı və məhəbbət və mərhəmətlə dolu olan bu kədərli baxışın altında Peter özünü dərk etdi. O, çölə çıxıb ürəkdən ağladı. Məsihin baxışı onun ürəyini dağladı. Peterdən ötrü həlledici an yetişdi və o kədərlənərək öz günahında tövbə etdi. Öz kədəri və tövbəsi ilə o, sözügedən vergiyığana bənzəyirdi və onun kimi, Peter də Rəbbin mərhəmətinə nail oldu. Məsihin baxışı onun bağışlandığına zəmanət verirdi. HD 108.3
O andan özünəgüvənmək onu tərk etdi. O, bir daha heç vaxt qürurlu sözlər söyləmədi. HD 109.1
Dirildikdən sonra Məsih üç dəfə Peteri sınadı. “Yunis oğlu Şimon, Məni bunlardan çox sevirsənmi? — O soruşdu”. Peter artıq özünü qardaşlarının yanında yüksək tutmurdu. O, ürəyini oxuya Bilənə müraciət elədi. “Ya Rəbb! — o dedi, — Sən hər şeyi bilirsən; Səni sevdiyimi bilirsən” (Yəh. 21:15, 17). HD 109.2
Bu zaman ona məsul vəzifə tapşırıldı, əvvəlkilərdən daha böyük və incə iş həvalə edildi, Məsih ona Öz qoyun və quzularını güdməyi əmr etdi. Məsih həyatını verdiyi canların qayğısını Peterə tapşırmaqla, onun imanda möhkəm olacağına ən böyük zəmanət verdi. Nə vaxtsa qürurlu, özünəgüvənən və hövsələsiz olan həvari təvazökar və tövbə edən oldu. Bu andan o daim özündən imtina etməyə və özünü qurban verməyə hazır olaraq, öz Rəbbinin arxasınca getdi. O, Məsihin əzablarını bölüşdürən oldu və Məsih Öz izzət taxtında oturduğu zaman, Peter Onun izzətini də bölüşdürəcək. HD 109.3
Peteri satqınlığa gətirmiş və fəriseyin Allahla canlı ünsiyyətinə mane olan günah bu gün də bir çoxlarının qəlbini çürütməkdədir. Allah üçün yad və insan qəlbi üçün təhlükəli keyfiyyətlərdən qürur və özünəgüvənmək kimi zərərliləri yoxdur. Bütün günahların içində bunlar ən ümidsiz və əlacsızlarıdır. HD 109.4
Peterin satqınlığı adi zəifliyin nəticəsi deyil, çoxdan başlamış və tədricən davam edən düşkünlüyün nəticəsi idi. Özünəgüvənmək onu artıq xilas olduğunu düşünməyə vadar etdi və addım-addım aşağıya sürükləyib, öz Müəllimindən imtina etməyə gətirdi. Özümüzə tam əmin olub hələ göylərdə deyil, burada, yerdə aldanmaqdan mühafizə edildiyimizi güman etmək bizim üçün sadəlövhlük olardı. Doğru yola dönmələri nə qədər səmimi olsa da, Xilaskarı qəbul etmiş adamlar heç zaman artıq xilas olunmuş kimi danışıb, düşünməməlidirlər. Bu, səhv fikirdir. Öz imanını uca tutaraq, xilas olmağa ümid etmək hər kəsin vəzifəsidir, ancaq biz özümüzü Məsihə təslim edib, Onun bizi qəbul etdiyini bildikdə belə, aldanmaqdan azad deyilik. Allah Kəlamı öyrədir: “Çoxları paklanıb ləkəsiz və təmiz olacaq” (Dan. 12:10). Yalnız sınaqdan çıxmış adamlar “həyat tacını alacaqlar” (Yaq. 1:12). HD 109.5
Kim ki Məsihi qəbul edib özünün yenicə malik olduğu əminliyi ilə xilas edildiyini bəyan edirsə, o özünə güvənmək təhlükəsi qarşısındadır. Belələri öz zəifliklərini və İlahi qüvvəyə daim ehtiyac duyduqlarını unudurlar. Onlar iblisin hiylələrinə hazır olmadıqları üçün, imtahan gəldiyi zaman Peter kimi günahın dərinliklərinə yuvarlanırlar. Bizə xəbərdarlıq edilir: “Kim düşünürsə ki, ayaq üstə durub, ehtiyatlı olsun ki, yıxılmasın” (1Kor. 10:12). Bizim təhlükəsizliyimizin yeganə təminatı özünə güvənməmək və daim Məsihdən asılı olmaqdır. HD 110.1
Peterə öz xasiyyətindəki yamanlığı və zəifliyi görüb, Məsihin qüdrətinə və lütfünə ehtiyacı olduğunu dərk etmək lazım idi. Rəbb onu sınaqdan qoruya bilməzdi, lakin əgər Peter diləsəydi, onu məğlub olmaqdan xilas edə bilərdi. Peter Məsihin xəbərdarlığına riayət etmək istəsəydi, duasında ayıq olardı. O büdrəməkdən qorxaraq, qorxu və titrəyiş içində gəzərdi və Allahın yardımını və dəstəyini alaraq, şeytana məğlub edilməzdi. HD 110.2
Peterin düşkünlüyü onun qüruru ilə şərtlənmişdi və yalnız tövbə və təvazökarlıq sayəsində yenidən möhkəmlik əldə edə bildi. Peterin təcrübəsi hər bir tövbə edən günahkara ümid və təskinlik verə bilər. Peter dəhşətli günah etmiş olsa da, tərk edilmədi. Onun qəlbində Məsihin sözləri həkk edilmişdi: “Mən sənin üçün dua etdim ki, imanın azalmasın” (Lk. 22:32). Məsihin bu duası və Onun məhəbbət və mərhəmət dolu baxışının xatirəsi acı vicdan əzabı içində olan Peterə ümid verdi. Məsih dirildikdən sonra Peteri xatırlayaraq, mələk vasitəsilə qadınlara dedi: “Gedin Onun şagirdlərinə və Peterə deyin: O sizdən qabaq Qalileyaya gedir, sizə dediyi kimi, Onu orada görəcəksiniz” (Mk. 16:7). Peterin tövbəsi qəbul edilmişdi, onun günahını Xilaskar bağışlamışdı. HD 110.3
Peteri xilas etməkdən ötrü ona qarşı göstərilmiş mərhəmət bu gün də sınaq qarşısında tab gətirməyən hər qəlbə yönəlmişdir. İnsanı günaha qərq etdikdən sonra, onu köməksiz və titrəyən, əfv olunmağını diləməkdən qorxan bir vəziyyətdə buraxmaq şeytanın sevimli hiyləsidir. Lakin biz qorxmalı deyilik, çünki Allah demişdir: “Qoy Mənə pənah gətirsinlər, Mənimlə barışsınlar. Bəli, qoy Mənimlə barışsınlar” (Yeş. 27:5). Bizim imanımızı möhkəmlətmək üçün hər tədbir görülmüşdür. Məsihə gedən yolda bizə təskinlik vermək üçün hər təklif verilmişdir. HD 111.1
Məsih Öz yaralı bədənini qurban verdi ki, Allahın mirasını alsın, verdi ki, Allahla barışmaq üçün insana bir imkan da yaratsın. “Buna görə O Özü vasitəsilə Allaha yaxınlaşanları tamamilə xilas etməyə qadirdir; çünki onlar üçün vəsatət etmək məqsədilə daim yaşamaqdadır” (İbr.7:25). Öz ləkəsiz həyatı, itaətkarlığı və Qolqota çarmıxında ölümü ilə Məsih itirilmiş bəşəriyyət üçün vəsatət edir. İndi xilasımızın Başçısı bizdən ötrü yalnız diləyən kimi yox, lakin Öz qələbəsini bəyan edən Qalib kimi vəsatət edir. Onun qurbanı dolğun və kamildir. Bizim Vəsatətçimiz olub, Allahın hüzurunda Öz qüsursuz keyfiyyətləri və duaları, eləcə də xalqının tövbəsi və şükranlığı ilə dolu bir buxurdan tutaraq, Öz üzərinə götürdüyü işi icra edir. Onun salehliyinin ətrilə bürünmüş bu qabdan ucalan xoş qoxu Allaha ecazkar ətir kimi çatır. Bu qurban Allahın rəğbətini qazanır və bağışlanma hər bir günahı yuyur. HD 111.2
Məsihin Özü bizim Əvəzedicimiz və Zəmanətçimiz oldu və O heç kimi tərk etməyəcəkdir. Əbədi ölümə məhkum olmuş bir adamı belə tənhalıqda qoymayan, Özünü insanların uğrunda qurban verən Kəs, daim öz gücü ilə xilas ala bilməyəcəyini dərk etmiş hər qəlbə şəfqət və mərhəmətlə baxacaqdır. HD 111.3
Məsih Ona yalvarışla yaxınlaşan heç bir adama etinasız qala bilmir, O hər kəsə qalxmaqda kömək edəcəkdir. Öz əvəzedici qurbanı ilə insana tükənməz ruhlu güc ehtiyatı vermiş Şəxs bu qüvvədən bizim xilasımız üçün istifadə etməyi dayandırmayacaqdır. Biz öz günah və kədərlərimizi Onun ayaqları altına qoymalıyıq; çünki O bizi sevir. Onun hər baxışı və hər sözü bizə təskinlik verir və etibar etməyə çağırır. O bizim xasiyyətimizi formalaşdıraraq, onu Öz iradəsinə uyğun nəcibləşdirəcəkdir. HD 111.4
Sadə etibarla tam şəkildə Məsihə arxalanan qəlb üzərində qələbə çalmaq üçün heç bir şeytani qüvvə kifayət deyildir. “O, yorğunlara güc verər, taqətsizlərin qüvvətini artırar” (Yeş. 40:29). HD 112.1
“Əgər günahlarımızı etiraf ediriksə, sadiq və adil olan Allah günahlanmızı bağışlayıb, bizi hər yamanlıqdan təmizləyəcək”. “Üzərinizə təmiz su tökəcəyəm, təmizlənəcəksiniz. Sizi bütün kirlərinizdən və bütlərinizdən təmizləyəcəyəm”. Rəb deyir: “Ancaq sən öz təqsirini boynuna al ki, Allahın Rəbbə qarşı üsyan etdin” (1 Yəh. 1:9; Yez. 36:25; Yer. 3:13). HD 112.2
Ancaq əfv edilib rahatlığa nail olmazdan əvvəl özümüzü dərk etməliyik ki, bu dərketmə bizi səmimi tövbəyə gətirsin. Məsəldəki fərisey özünün günahkar olduğunu dərk etmirdi. Buna görə də Müqəddəs Ruh onun qəlbinə nüfuz edə bilmirdi. Onun qəlbi öz möminliyi ilə qürurlu “mən” zirehinə bürünmüşdü ki, onu mələklərin əllərilə itilənmiş və onların əli ilə göndərilən Allah oxları da deşə bilmirdi. Məsih yalnız o adamı xilas edə bilər ki, özünü günahkar hiss edir. O, “qəlbi sınıq olanlara şəfa verməyə, əsirlərə azadlıq, korların gözlərinin açılacağını təbliğ etməyə, əzab çəkənləri azad etməyə” gəldi (Lk. 4:18). Çünki “sağlamlar de’yil, xəstələr həkimə möhtacdırlar” (Lk. 5:31). Öz həqiqi vəziyyətimizi müəyyən etməyimiz lazımdır, əks halda biz Məsihin köməyinə ehtiyac hiss etməyəcəyik. Üstümüzü almış təhlükəni dərk etməliyik, əks halda sığınacaq axtarmayacağıq. Öz yaralarımızın ağrısını hiss etməliyik, əks halda müalicə olunmaq istəməyəcəyik. HD 112.3
Rəbb deyir: “Çünki deyirsən: Mən zənginəm və varlanmışam, heç nəyə ehtiyacım yoxdur. Amma bilmirsən ki, zavallı, yazıq, yoxsul, kor və çılpaqsan. Sənə məsləhət görürəm, Məndən odla təmizlənmiş qızıl al ki, zəngin olasan; ağ paltarlar al ki, geyinəsən və sənin çılpaqlığının eybi görünməsin; göz dərmanı da al ki, gözlərinə sürtüb görəsən” (Vəh. 3:17). Odla təmizlənmiş qızıl — məhəbbətlə hərəkətə gətirilən imandır. Yalnız bu bizi Allahla barışığa gətirə bilər. Biz həddindən çox fəal və işgüzar ola, çox iş görə bilərik; lakin məhəbbətsiz, Məsihin məhəbbətinə malik olmadan heç zaman səma ailəsinə daxil ola bilməyəcəyik. HD 112.4
Heç bir kəs öz yamanlıqlarını dərk edə bilmir. “İnsan ürəyi hər şeydən hiyləgərdir, sağalmaz xəstəliyi var. Onu kim başa düşə bilər?” (Yer. 17:9). Dil qəlbin yoxsulluğundan danışa, lakin eyni zamanda ürək öz yoxsulluğunu dərk etməyə bilər. Dil Allaha ruhən yoxsul olduğunu etiraf edən zaman, ürək şəxsi ləyaqəti və yüksək möminliyinə görə qürurlana bilər. Özünü dərk etməyin yalnız bir yolu və vasitəsi var: Məsihə nəzər salmalıyıq. Məhz Allahı tanımaması insanı öz gözündə bu qədər saleh edir. Onun paklığı və kamilliyi bizə açılan zaman isə öz zəifliyimizi, yoxsulluğumuzu və yamanlıqlarımızı həqiqətdə olduğu kimi görəcəyik. Özümüzü şişirdilmiş düzgünlüyümüzün qiyafəsində, hər hansı bir başqa günahkar kimi, itirilmiş və ümidsiz görəcəyik. Biz görəcəyik ki, nə vaxtsa xilas olunacağıqsa da, bu bizim şəxsi keyfiyyətlərimiz sayəsində deyil, Allahın hədsiz lütfü hesabına baş verəcəkdir. HD 113.1
Vergiyığanın duası ona görə qəbul edildi ki, onda Rəbbə etibar, Ondan asılılıq, tamamilə Onun qüdrətinə arxalanmaq ifadə edilirdi. Vergiyığan özündə rüsvayçılıqdan savayı heç nə görmür. Allaha can atan hər kəs də özünü belə görməlidir. Ehtiyacı olan insan imanla, hər cür qüruru rədd edən imanla Allahın sonsuz gücünə arxalanmalıdır. HD 113.2
Heç bir zahiri mərasim sadə imanı və öz mənliyindən tam imtinanı əvəz edə bilmir. Ancaq heç kim öz mənliyindən imtina edə bilmir. Biz yalnız bu işi görmək üçün Məsihə icazə verə bilərik. Sizin qəlbiniz nida etməlidir: “Ya Rəb, al mənim ürəyimi, çünki mən özüm onu Sənə verə bilmirəm. Sənin ona hüququn var. Təmizlə onu, çünki mən özüm onu Sənin üçün təmiz saxlaya bilmirəm. Mənim mənliyimin müqavimətinə baxmayaraq, xilas et məni, çünki o zəifdir və Sənin surətini itirmişdir. Bərpa et və təzələ məni, pak və müqəddəs göylərə ucalt məni, orada Sənin məhəbbətinin səxavətli axını qəlbimi yuyacaqdır”. HD 113.3
Bu cür öz mənliyimizdən imtina etmək bizim məsihçi həyatımızın yalnız əvvəlində baş verməməlidir. Göylərə aparan yolda atdığımız hər addımla yeniləşməliyik. Bütün yaxşı işlərimiz bizdən kənarda olan qüvvədən asılıdır. Ürəyimizdə daim Allaha müraciət etməyin, öz günahlarımızı daim səmimiyyət və hərarətlə etiraf edib, qəlbimizi Onun qarşısında itaətə gətirməyin vacibliyi bundadır. Yalnız daim özündən imtina edərək və Məsihə etibar edərək, hüzur içində yaşaya bilərik. HD 114.1
Məsihə nə qədər yaxın olub, Onun xasiyyətinin təmizliyini daha aydın görürüksə, günahın dəhşətli çirkinliyini o qədər çox dərk edirik və özümüzü o qədər az yüksəltmək istəyirik. Səmanın müqəddəs saydığı insanlar hamıdan az öz yaxşılıqları ilə qürrələnirlər. Həvari Peter Məsihin sadiq xidmətçisi oldu, o, Allahın işığı və gücü ilə yüksək dərəcədə nişanələnmişdi, Məsihin imanlılar cəmiyyətinin qurulmasında fəal iştirak edirdi; lakin Peter heç vaxt öz dəhşətli düşgünlüyünü unutmurdu; onun günahı bağışlanmışdı, lakin o yaxşı başa düşürdü ki, düşgünlüyünə səbəb olan xasiyyətinin zəifliyi yalnız Məsihin lütfü ilə bütünlüklə məhv edilə bilərdi. O özündə fəxr etməyə layiq olan heç nə görmürdü. HD 114.2
Həvarilərdən heç biri özünün günahsız olduğunu bəyan etmədi. Ən çox Allaha yaxın olan adamlar, öz həyatlarını qurban verməyi bilərəkdən səhv hərəkət etməkdən üstün tutanlar, Allahın İlahi işıq və güclə nişanələdiyi kəslər öz təbiətlərinin günahkar olduğunu dərk edirdilər. Onlar öz bədənlərinə etibar etmir, öz möminlikləri ilə qürrələnmirdilər, lakin bütünlüklə Məsihin salehliyinə arxalanırdılar. Məsihə nəzər salan hər kəs də belə edəcəkdir. HD 114.3
Bizim məsihçi həyatımızdakı hər yeni addımla tövbəmiz dərinləşəcəkdir. Bu sözlər məhz Rəbbin bağışladığı, Öz xalqı adlandırdığı kəslərə aiddir: “O zaman pis əməllərinizi, xeyirsiz işlərinizi yada salacaqsınız. Təqsirlərinizdən və iyrənc işlərinizdən ötrü özünüzdən iyrənəcəksiniz” (Yez. 36:31). O yenə də deyir: “Səninlə yenidən əhd bağlayacağam və biləcəksən ki, Rəbb Mənəm. Eləcə bütün etdiklərini bağışladığım zaman bunu yada salıb utanacaqsan.” (Yez. 16:62, 63). 0 zaman dodaqlarımız özümüzü tərifləmək üçün açılmayacaqdır. Möhkəmliyimizin yalnız Məsih olduğunu biləcəyik. Bu zaman həvarinin etirafı bizimki olacaqdır: “Bilirəm ki, məndə, yəni cismani təbiətimdə yaxşı şey yaşamır” (Rom. 7:18). “Mən isə Rəbbimiz İsa Məsihin çarmıxından başqa şeylə əsla öyünmürəm; o çarmıx vasitəsilə dünya mənim üçün çarmıxa çəkilmişdir, mən də dünya üçün çarmıxa çəkilmişəm” (Qal. 6:14). HD 114.4
Bu insanın təcrübəsilə tam ahəngdarlıqda çağırış səslənir: “Öz xilasınızı başa çatdırmaq üçün qorxu və lərzə ilə hərəkət edin. Zira sizdə Öz iltifatına görə istək və hərəkət hasil edən — Allahdır” (Flp. 2:12,13). Bu sözlərdə təhdid yoxdur ki, O Öz vədlərini yerinə yetirməyəcəkdir, Onun səbri tükənəcək, yaxud da Onun mərhəməti qurtara bilər. Ondan qorxmaq gərəkdir ki, iradəniz Məsihin iradəsinə zidd ola bilər, irsi, yaxud mənimsənilmiş cəhətləriniz və xasiyyətinizin keyfiyyətləri həyatınızı idarə edə bilər. “Sizdə Öz iltifatına görə istək və hərəkət hasil edən — Allahdır”. Qorxun ki, şəxsi mənliyiniz sizinlə sizdə Öz işini görən böyük Rəbbin arasında dursun. Qorxun ki, iradəniz Allahın sizin vasitənizlə yerinə yetirmək istədiyi o ali məqsədi rədd etsin. Öz gücünüzə arxalanmaqdan qorxun, əlinizi Məsihin əlindən çıxararaq, həyat yolunu Onun daimi iştirakı olmadan getmək cəhdindən çəkinin. HD 115.1
Biz qürura və özünə güvənməyə sövq edən hər şeydən uzaqlaşmalıyıq. Buna görə də necə öz ünvanımıza, eləcə də başqalarının ünvanına söylənən tərif və yaltaqlıqdan çəkinməliyik. Yaltaqlıq — iblisin sevimli hiylələrindən biridir. O, təqsirləndirmə və mühakimə ilə yanaşı, yaltaqlığa da əl atır. Beləliklə, qəlbi yıxmağa çalışır. Başqalarını tərifləyənlərdən şeytan öz alətləri kimi istifadə edir. Məsihin xidmətçilərinə öz ünvanlarına səslənən һәг tərif sözünü kənar etmək lazımdır. Öz mənliyinizin yüksəlməsinə icazə verməyin. Yüksəldilməyə yalnız Məsih layiqdir “Bizi sevənə, Öz qanı ilə günahlarımızdan bizi azad edənə” hər ürəkdən ucalan izzət və tərif olsun; bütün nəzərlər qoy Ona yönəlsin (Vəh. 1:5). HD 115.2
Allah qorxusuna yer verilən həyat kədərli və qaranlıq olmayacaqdir. Məhz Məsihin olmaması insanın üzünə qəm möhürü vurur, onun həyatını isə kədərli dərbədər gəzintiyə çevirir. Özünəhəsəd və özünəməhəbbət əsarətində olanlar Məsihlə canlı, şəxsi birliyə ehtıyac duymurlar Qayaya düşüb sınmayan ürək öz bütövlüyü ilə fəxr edır. Insanlar çox zaman elə din axtarırlar ki, onların şəxsi ləyaqətlərini möhkəmləndirə bilsin. Onlar mümkün qədər geniş yollar axtarırlar ki, öz ecazkar ləyaqətlərinə dar olmasın. Onların kəskin heysiyyatları, şöhrət yanğısı və tərifə məhəbbət ürəklərində Xilaskar üçün yer qoymur, lakin Onsuz onların aqibəti kədər və qəmdir. İnsanın qəlbində yaşayan Məsih isə onun üçün tükənməz sevinc mənbəyi olur. Məsihi əldə etmiş hər kəs üçün Allah Kəlamının hər kəlməsi belə sevinc və səadətdir. HD 116.1
“Uca və əzəmətli, əbədi yaşayan, adı müqəddəs Olan belə deyir: “Mən yüksək və müqəddəs yerdə yaşayıram, qırıq qəlbli olanların ruhunu diriltmək, həlimlərin ürəklərini dirçəltmək üçün onlarla birlikdəyəm” (Yeş. 57:15). HD 116.2
Allahın izzətini gördüyü zaman, Musa qayaların arasındakı dərədə gizlənmişdi. Eləcə də biz, Məsihin Öz deşilmiş əllərilə örtdüyü Qayalıqda gizlənərkən, Rəbbin Öz qullarına dediklərini eşidəcəyik. Allah Özünü Musaya göstərdiyi kimi, bizə də “rəhmli və lütfkar, hədsiz səbirli, məhəbbət və sədaqətlə dolu, cəzanı, asiliyi və günahı bağışlayan” kimi göstərəcəkdir (Çıx. 34:6, 7). HD 116.3
Bağışlanma işi insanın təsəvvür edə bilməyəcəyi nəticələrə aparır. “Allahın Onu sevənlər üçün hazırladığı şeyləri, nə göz görmüş, nə qulaq eşitmiş və nə də insanın ürəyi duymuşdur” (1 Kor. 2:9). Məsihin gücü ilə cəlb edilmiş günahkar ucaldılmış çarmıxa yaxınlaşıb onun qarşısında sərilərək, yeni yaradılmış olur. Ona yeni ürək verilir. O, İsa Məsihdə yenidən doğulur. Qüdsiyyət üçün artıq heç nə tələb olunmur. “Adil olub İsaya iman edəni saleh sayan” Allahın Özüdür (Rom. 3:26). “O... saleh saydığı kimsələri də izzətləndirdi” (Rom. 8:30). Bağışladan məhəbbət vasitəsilə yaranmış izzət və ucalıq — günah vasitəsilə yaşanmış rüsvayçılıq və düşkünlük qədər nəhəng və hətta ondan da böyük olacaqdır. Allahın surətinə müvafiq olmağa can atan insanlara səmavi xəzinə — onları heç vaxt yıxılmayan mələklərdən yüksək qoyacaq güc üstünlüyü hazırlanıbdır. HD 116.4
“Adamların nifrət etdiyi, millətin həqarətlə baxdığı, hökmdarların qulu olan şəxsə İsrailin Satınalanı, Müqəddəs Tanrısı, Rəbb belə deyir: İsrailin Müqəddəs Tanrısı, sadiq Rəbb səni seçdiyinə görə padşahlar səni görüb ayağa qalxacaq, əmirlər qarşında yerə səriləcəklər” (Yeş. 49:7). HD 117.1
“Çünki öz-özünü yüksəldən hər kəs alçaldılacaq, öz-özünü alçaldan isə yüksəldiləcəkdir” (Lk. 14:11). HD 117.2