(Lk. 18:1-8) HD 118.1
Məsih məhz İkinci gəlişinin ərəfəsindəki zamanlardan və Onun ardıcıllarının keçməli olacaqları təqiblərdən danışırdı. Məhz bu vaxtlara işarə edərək, O “daim dua etmək və heç ruhdan düşməmək barədə” məsəl söylədi. HD 118.2
“Bir şəhərdə, — O dedi, — Allahdan qorxmayan və adamlara hörmət etməyən bir hakim var idi. Elə həmin şəhərdə bir dul qadın da var idi. Və qadın onun yanına gəlib dedi: “Məni rəqibimdən müdafiə et”. Amma hakim xeyli müddət istəmədi. Sonra isə öz-özünə dedi: “Hərçənd mən nə Allahdan qorxur, nə də adamlara hörmət edirəm, bu qadın mənə zəhmət verdiyi üçün onu müdafiə edim ki, o, bir daha gəlib, mənim zəhləmi tökməsin”. Və Rəb dedi: Ədalətsiz hakimin nə dediyini dinləyin. Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənləri müdafiə etməyəcəkmi? Onlar üçün çoxmu gecikəcək? Sizə deyirəm ki, onları tezliklə müdafiə edəcəkdir”. HD 118.3
Bu məsəldə təsvir edilmiş hakim nə ədalətə hörmət, nə də məzlumlara mərhəmət edir. Ondan kömək uman dul qadına daim imtina edirdi. Qadın təkrar-təkrar onun yanına gəlirdi, ancaq nifrətlə rastlaşırdı və ədalət tapmırdı. Hakim bilirdi ki, həqiqət onun tərəfindədir və dərhal ona yardım etməli idi, lakin istəmirdi. O öz hökm və qüdrətini nümayiş etdirmək istəyirdi, qadının müntəzəm yalvarış və diləkləri onun şöhrətpərəstliyinə həzz verirdi. Lakin qadın ruhdan düşmür və cəsarətini itirmirdi, o öz diləklərilə o vaxta qədər gəldi ki, hakim onun məsələsi ilə məşğul olmağa razılaşdı. “Hərçənd mən nə Allahdan qorxur, nə də adamlara hörmət edirəm, bu qadın mənə zəhmət verdiyi üçün onu müdafiə edim ki, o, bir daha gəlib, mənim zəhləmi tökməsin”. Öz nüfuzunu xilas etmək üçün, hakimliyinin tərəfgirliyinin və ədalətsizliyinin ifşasından qorxaraq, o, inadkar qadını müdafiə etdi. HD 118.4
“Rəbb dedi: Ədalətsiz hakimin nə dediyini eşidin. Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənləri müdafiə etməyəcəkmi? Sizə deyirəm ki, onları tezliklə müdafiə edəcəkdir”. Burada ədalətsiz hakimlə Allah arasındakı kəskin təzad göstərilmişdir. Hakim dul qadının diləklərini yalnız öz mənfəətini rəhbər tutaraq, onun inadkarlığından azad olmaqdan ötrü yerinə yetirdi. O, qadına qarşı nə şəfqət, nə də mərhəmət hissi keçirirdi; onun bədbəxtliyi hakim üçün heç bir əhəmiyyət kəsb etmirdi. Allahın Onu axtaranlara olan münasibəti bundan nə qədər fərqlidir! O, ehtiyaclı və yükü ağır olanların diləklərini hədsiz mərhəmətlə qəbul edir. HD 119.1
Hakimdən ədalət tələb edən qadın ərini itirmişdi. Yoxsul və tənha olub, əvvəlki varını artıq əldə edə bilmirdi. İnsan da beləcə günahın nəticəsində Allah ilə rabitəni itirmişdir və onun özündə xilas olmaq üçün heç bir vəsait yoxdur. Lakin Məsihdə biz yenə də Allaha yaxın oluruq. Allahın seçdikləri Onun ürəyinə əzizdirlər. Bu Onun zülmətdən Öz ecazkar işığına çağırdığı kəslərdir ki, Onu izzətləndirib dünyanın zülmətində çıraq kimi parlasınlar. Ədalətsiz hakim ona inadlı diləklərlə müraciət edən dul qadını qorumaq üçün heç bir xüsusi maraq göstərmirdi; yalnız onun müntəzəm diləklərindən canını qurtarmaq üçün, yalvarışlarını dinləyib, axırda onu rəqibindən qorudu. Allah isə Öz övladlarını hədsiz və təmənnasız məhəbbətlə sevir. Yer üzündə Allahdan ötrü ən dəyərli şey — Onun imanlılar cəmiyyətidir. HD 119.2
“Çünki Rəbbin payı Öz xalqıdır, Yaqub Onun payına düşən irsidir. Onu quraq bir torpaqda, uğultulu, boş-biyaban səhrada tapdı. Bir sipər kimi onu hifz etdi. Göz bəbəyi kimi onu qorudu” (Qan. tək. 32:9, 10). “Çünki Ordular Rəbbi deyir ki, izzəti üçün sizi qarət etmiş millətlərin yanına məni göndərdi. Sizə toxunan Onun göz bəbəyinə toxunmuş olur’’ (Zək. 2:8). HD 120.1
Dul qadının diləyi — “məni rəqibimdən müdafiə et” bu məsəldə Allahın övladlarının duasını təsvir edir. Onların ən böyük rəqibləri iblisdir. O, “qardaşlarımızın ittihamçısıdır” ki, onları Allahımızın önündə gecə və gündüz ittiham edir (Vəh. 12:10). O daim Allahın xalqını şərləmək, günahlandırmaq, aldatmaq və məhv etməklə məşğuldur. Məsih bu məsəllə məhz iblis və onun qullarının təsirindən qorunmaq üçün dua etməyi öyrədir. HD 120.2
Zəkəriyyənin peyğəmbərliyində insanları şərləyən iblisin səyləri və Öz xalqını düşməndən qoruyan Məsihin müdafiəsi təsvir olunur. Peyğəmbər deyir: “Rəbb mənə bunu göstərdi: Rəbbin mələyinin önündə baş kahin Yeşua durmuşdu və onu ittiham etmək üçün sağında şeytan dayanmışdı. Rəbb şeytana dedi: “Rəbb səni məzəmmət etsin, ey şeytan, Yerusəlimi seçən Rəbb səni məzəmmət etsin. Bu adam oddan çıxarılmış, yarısı yanmış odun parçasına bənzəmirmi?” O vaxt Yeşua əyninə çox çirkli paltar geyinib mələyin önündə dayanmışdı” (Zək. 3:1-3). HD 120.3
Allahın xalqı burada mühakimə qarşısında duran cinayətkar kimi təsvir olunmuşdur. Yosedek oğlu Yəşua baş kahin kimi böyük bəlaya düşmüş xalqı üçün xeyir-dua diləyir. Allahın qarşısında xalq üçün dilədiyi müddətdə şeytan onun sağ tərəfində əleyhdarı olaraq durmaqdadır. O, Allahın övladlarını ittiham edir və onların işini mümkün qədər ümidsiz qələmə verməyə çalışır. O, Allah qarşısında onların yaman işlərini və çatışmayan cəhətlərini təsvir edir, Məsihin Öz köməyini onlardan əsirgəyəcəyini güman edir. Yəşua Allahın xalqının nümayəndəsi kimi ləkəli paltarlar geyinib, ittiham qarşısında durur. Öz xalqının günahkarlığını dərk edərək, ittihamın böyüklüyündən sarsılmışdır. İblis onun qəlbini təqsir hissi ilə kədərləndirərək, tam ümidsizlik fikrini aşılayır. Buna baxmayaraq, o yenə də iblisin təqiblərinin qarşısında xahişçi kimi durmaqdadır. HD 120.4
İblisin ittihamçı kimi fəaliyyəti hələ səmada başlamışdı. İnsanın günaha batmasından sonra o bu məhvedici işini yerdə davam etdirdi. Bu məhvedici fəaliyyət dünya tarixinin sonuna yaxınlaşdıqca xüsusi şəkil alacaqdır. Vaxtının az qaldığını gördükdə, şeytan daha böyük inadla hərəkət edərək, aldadıb məhv etməyə çalışacaqdır. İndi isə yerdə hətta öz zəiflikləri və günahları içində Yəhovanın qanununa riayət edən adamları gördükdə, qəzəblənir. O onların ləyaqətsizliklərinə sevinərək, insanı azdırıb Allahdan uzaqlaşdırmaq yolunda dəridən-qabıqdan çıxır. Şeytan Allahı və eləcə də dünyada Onun məqsədlərinin yerinə yetməsinə kömək edənləri, mərhəmətli və məhəbbətli, şəfqətli və һәг şeyi bağışlamağa çalışanları mühakimə edib ittiham etməyə cəhd edir. HD 121.1
Xalqına ənam edilən İlahi qüdrətin hər təzahürü iblisi qəzəbə gətirir. Нәг dəfə Allah insanların xeyrinə hərəkət etdiyi zaman, iblis öz mələklərilə birlikdə ikiqat qüvvə sərf edərək, insanları ölümə gətirmək istəyir. O, Məsihdə güclənən һәг kəsə paxıllıq edir. Onun məqsədi yamanlığa sövq etməkdir və buna nail olan zaman pisliyin bütün təqsirini məhz özü azdırdığı adamın boynuna yıxır. Onların ləkəli geyimlərinə, kamil olmayan xasiyyətlərinə işarə edir. Onların zəifliklərindən və çatışmayan cəhətlərindən, naşükür günahlarından danışır, onların Məsihə oxşamayıb, yalnız öz Xilaskarlarının adını ləkələdiklərindən bəhs edir. Təkid edir ki, bütün bunlar ona bu adamları məhv etmək ixtiyarı verir. Şeytan insanlara belə bir fikir aşılayıb qorxudur ki, guya onların vəziyyətləri ümidsizdir və onların günah ləkələrini yumaq mümkün deyil. Onların imanlarını o qədər sarsıtmaq istəyir ki, onlar tamamilə onun azdırmalarına uyub, bütövlüklə Allahdan üz çevirsinlər. HD 121.2
Rəbbin xalqı iblisin ittihamlarına özü cavab verə bilmir. Özlərinə baxdıqları zaman, adamlar ümidsizliyə qapılmağa hazırdırlar. Lakin onlar İlahi Tərəfdara üz tuturlar. Bu zaman Xilaskarın Öz məziyyətləri onların bəraətinə çevrilir. “Allah adil olaraq İsaya iman edənə bəraət verə” bilər (Rom. 3:26). Allahın övladları Ona etibarla yalvarıb, iblisin ittihamlarını uzaqlaşdıraraq hiyləsini ifşa etməyini istəyirlər. “Məni rəqibimdən müdafiə et”, — deyə diləyirlər və Qolqota çarmıxının qüdrətli şəhadətilə Məsih qəzəbli ittihamçını susmağa məcbur edir. HD 121.3
“Rəbb şeytana dedi: Rəbb səni məzəmmət etsin, ey şeytan, Yerusəlimi seçən Rəbb səni məzəmmət etsin. Bu adam oddan çıxarılmış, yarısı yanmış odun parçasına bənzəmirmi?” İblis Allahın xalqını zülmətə qərq edib məhv etmək istədiyi zaman onun qarşısında Məsih dayandı. İnsanların günaha batmalarına baxmayaraq, Məsih onların təqsirini Öz üzərinə götürdü. O, kösövü oddan çıxaran kimi, insanları zülmətdən qopardı. Öz insan təbiətilə Məsih insanlarla bağlıdır, Öz İlahi təbiəti ilə də nəhayətsiz Allahla birləşmişdir. İndi məhv olan qəlbə kömək etmək mümkündür və ən ağır ittiham götürülür. HD 122.1
“O vaxt Yeşua çox çirkli paltar geyinib mələyin önündə dayanmışdı. Bu mələk önündə duran mələklərə dedi: “Onun əynindən çirkli paltarı çıxarın”. Sonra Yeşuaya dedi: “Bax, günahını sənin üzərindən götürdüm, indi sənə bayram paltarı geyindirəcəyəm”. Mən isə dedim: “Qoy başına da təmiz çalma bağlasınlar”. Başına təmiz çalma bağlayıb, ona paltar geyindirdilər. Rəbbin mələyi də yanında durmuşdu. Sonra Rəbbin mələyi Yeşuaya şəhadət edib dedi: “Ordular Rəbbi belə deyir: Əgər yollarımla getsən, verdiyim buyruğumu qoruyub saxlasan, evimə sən başçılıq edəcəksən, həyətlərimi sən qoruyacaqsan. Burada duranların arasından içəri keçmək haqqını sənə verirəm” (Zək. 3:3-7). Mələk vasitəsilə Orduların Rəbbi adından Allahın qarşısında Onun xalqını təmsil edən Yeşuaya belə təntənəli vəd verilmişdir. HD 122.2
Allahın xalqının yamanlıqlarına baxmayaraq, Məsih onu Öz sevgi və qayğısından məhrum etmir. Onların paltarlarını dəyişmək üçün Onun hüququ və qüdrəti vardır. O onların ləkəli paltarlarını çıxararaq, tövbə edib Ona iman edənləri Öz şəxsi salehlik paltarına bürüyür və səma yazılarında onların adları qarşısında dilək qeyd edir. O onları bütün səmavi Kainat qarşısında Öz xalqı kimi təbliğ edir. Onların düşməni olan iblis yalançı və hiyləgər kimi ifşa edilir. Özü seçdiyi insanlara Allah ədalətlə yanaşır. HD 122.3
“Məni rəqibimdən müdafiə et” duası yalnız iblisdən deyil, həm də onun Allah xalqını təhrif olunmuş şəkildə təsvir etməyə, azdırmağa və məhv etməyə sövq etdiyi əlaltılarından qorunmaq haqqındadır. Allahın əhdlərinə riayət etməyi qərara alanlar öz şəxsi təcrübələrində görəcəklər ki, şər qüvvələrin istiqamətləndirdiyi düşmənləri vardır. Belə düşmənlər Məsihə hər addımda müqavimət göstərirdilər və bunu insana xas olmayan davamlı inadla edirdilər. Məsihin şagirdləri də öz Rəbləri kimi, bu dünyada daim sınaqlarla rastlaşırlar. HD 123.1
Yazılar Məsihin İkinci gəlişi ərəfəsində dünyanı belə təsvir edir: həvari Yaqub acgözlük və zorakılığın təntənəsini təsvir edir. O deyir: “Gəlin indi, ey varlılar... Siz son günləriniz üçün sərvət toplayıbsınız!. Budur, tarlalarınızı biçən işçilərdən hiylə ilə gizlətdiyiniz əmək haqqı fəğan edir. Biçinçilərin fəryadı Səmavi Orduların Rəbbinin qulaqlarına çatdı! Siz dünyada zövqlə yaşadınız və kef çəkdiniz. Sanki boğazlanacağınız gün üçün özünüzü kökəltdiniz! Siz salehi məhkum edib öldürdünüz. O, sizə müqavimət göstərmirdi” (Yaq. 5:1-6). Bu mənzərəni biz bu günlər də müşahidə edirik. Hər vasitə ilə, təqiblərə və rüşvətə əl ataraq, insanlar saysız-hesabsız var-dövlət toplayırlar, aclıq çəkən adamların fəryadı isə Allaha ucalır. HD 123.2
“Ədalət geri çəkildi, salehlik durdu uzaqda, çünki həqiqət şəhər meydanında yıxıldı, dürüstlük aramıza daxil ola bilmir. Həqiqət heç bir yerdə yoxdur, şərdən uzaq duran talan olunur” (Yeş. 59:14, 15). Bu peyğəmbərlik artıq Məsihin yerdəki həyatı dövründə yerinə yetmişdi. İlahi əhdlərə sadiq olaraq, O bu əhdlərdən üstün qoyulmuş bəşəri qanun və adətlərə riayət etmədi. Buna görə Ona nifrət bəsləyir və təqib edirdilər. Tarix təkrar olunur. İnsanların qanun və adətləri Allah Qanunundan üstün tutulur və İlahi əhdlərə sadiq olan adam təqib və təhqirlərə məruz qalır. Məsih Şənbəni pozmaqda və küfr etməkdə yalnız ona görə ittiham edildi ki, Allaha sadiq qalırdı. Onu şeytanın qulluqçusu adlandırır, Onu Bəəl-Zəvul elan etmişdilər. Eynilə Onun davamçıları da ittiham və təhrif edilirlər. Beləliklə, şeytan adamları günaha sövq edib, Allahın üzərinə kölgə salmaq istəyir. HD 123.3
Nə Allahdan qorxan, nə də insanlardan utanan hakim Məsihin məsəlində ondan ötrü təsvir edilmişdir ki, bir az sonra qarşısında Özünün duracağı o uzaq dövrün məhkəməsinin tərzini göstərə bilsin. O istəyir ki, Onun xalqı bədbəxtlik günündə dünyəvi hökmdar və hakimlərə bel bağlamağın nə qədər etibarsız olduğunu hər zaman dərk etsin. Allahın seçdiyi xalq tez-tez rəsmi şəxslər qarşısında durmalı olur, onlardan ötrü HD 124.1
İlahi Kəlam nəsihətçi və müşavir deyildir, lakin onlar öz təqdis olunmamış və idarə olunmayan ehtiras və istəklərinə riayət edirlər. HD 124.2
Ədalətsiz hakim haqqında məsəllə Məsih bizə nə etməli olduğumuzu göstərir. “Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənləri müdafiə etməyəcəkmi?” Hər şeydə bizə nümunə olan Məsih Öz bəraəti və müdafiəsi üçün heç bir cəhd göstərmədi. O Öz taleyini Allahın əlinə verdi. Eynilə Onun davamçıları da öz müdafiələri üçün düşmənlərini ittiham edib mühakimə etməli, yaxud da öz gücünə güvənməli deyillər. HD 124.3
Biz layiq olmadığımız sınaqlardan keçdiyimiz zaman, salehlik və təmkinliliyimizi itirməməliyik. Başımıza gələnlər nə qədər ədalətsiz olsa da, biz çaşqınlığa düşməməliyik. Qisas hissinə qapılmaq doğru deyil, bununla biz ən əvvəl öz qəlbimizə zərər verəcəyik. Bu təqdirdə biz Allaha olan etibarımızı itirir və Müqəddəs Ruhu təhqir edirik. Axı bizim tərəfimizdə sadiq şahid, səma elçisi var ki, əvəzimizə düşmənə qarşı döyüşür. O bizi Həqiqət Günəşinin parlaq şüalarında gizlədəcəkdir. İblis bu səddi keçə bilməyəcək, bu müqəddəs işığın qalxanını deşə bilməyəcəkdir. HD 124.4
Nə qədər ki dünya yamanlıq yolu ilə getməkdədir, çətinliklərin bizdən yan keçəcəyinə heç birimiz arxayın ola bilmərik. Ancaq məhz bu çətinliklər bizi Uca Olanın hüzuruna gətirir. Biz yalnız hər cür müdrikliyin dolğunluğu olan Şəxsdən nəsihət ala bilərik. HD 125.1
Rəbb deyjr: “dar gündə Məni çağır” (Məz.50:15). Bizim bütün müşküllərimizi və problemlərimizi, İlahi yardıma ehtiyacımızı Ona təqdim etməyə dəvət edir. O bizi dualarımızda inadkar olmağa çağırır. Çətinliklərlə qarşılaşdığımız zaman biz dərhal səmimi, qızğın dua ilə Ona müraciət etməliyik. Bizim inadlı dualarımız Allaha olan böyük etibarımıza şəhadət edir. Ehtiyacımızın dərk olunması bizi ürəkdən dua etməyə gətirir və Səmavi Atamız həmişə diləkləri dinləyir, onlardan ötrü narahat olur. HD 125.2
Çox zaman öz imanları üçün təqiblərdən əziyyət çəkənlər aldanıb bu fikrə düşürlər ki, Allah onları unutmuşdur. İnsanların gözündə onlar cüzi azlıq kimi görünürlər. Düşmənləri sanki onların üzərində qələbə çalmışlar. Ancaq qoy onlar belə düşünməsinlər. Onların əvəzinə əzab çəkib, əziyyət və qəmlərini daşıyan Kəs onları unutmamışdır. HD 125.3
Allahın övladları düşmən qarşısında yalnız və köməksiz buraxılmayıblar. Dua Qadir Olanın əlini hərəkətə gətirir. Dua vasitəsilə “ölkələr fəth etdilər, ədalət tətbiq etdilər, vədlərə nail oldular, aslanların ağızlarını bağladılar, şiddətli atəşi söndürdülər”. Biz iman uğrunda əzab çəkənlərin hekayələri ilə tanış olduqda, bunların mənasını dərk edəcəyik. Dualar “yadların ordularını qovdular” (İbr. 11:33, 34). HD 125.4
Əgər öz həyatımızı Ona xidmətə həsr eləsək, heç vaxt Allahın bizi çıxara bilməyəcəyi bir vəziyyətə düşməyəcəyik. Hansı bir ağır vəziyyətə düşsək də, daim etibarlı Bələdçiyə malikik. Yolumuzu istiqamətləndirən etibarlı Məsləhətçiyə malikik; itkilərimiz, kədərimiz, tənhalığımız nə qədər ağır olsa da, yanımızda daim şəfqətli Dostumuz var. Öz biliksizliyimizdən səhvə yol veririksə də, Məsih bizi tərk etmir. Onun təmiz və aydın səsi bizə deyir: “Yol, həqiqət və həyat Mənəm” (Yəh. 14:6). “Çünki O imdad deyib çağıran fəqirləri, məzlumları, köməksizləri qurtarır. Yoxsula, fəqirə rəhm edər, fəqirlərin canlarını azad edər (Məz.72:12, 13). HD 125.5
Rəbb bəyan edir ki, Ona yaxınlaşanlar, Ona səcdədə sadiq qalanlar tərəfindən izzətləndiriləcəkdir. “Ağlı Sənə yönəlmiş adamlara Sən kamil sülh verirsən, çünki onlar Sənə güvənirlər” (Yeş. 26:3). Qadir olanın əli bizə uzanaraq, bizi getdikcə uzaqlara aparır. “İrəliyə get”, — Rəbb deyir. Mən sənə yardım göndərəcəyəm. Mənim adımın izzətlənməsi üçün diləyirsən və dilədiyinə nail olacaqsan. Mən sənin müvəffəqiyyətsizliyini gözləyənlər qarşısında izzətləndiriləcəyəm. Onlar Mənim Kəlamımın izzətli qələbəsini görəcəklər”. “Və dua ilə iman edərək hər nə dilərsinizsə, alacaqsınız” (Mt. 21:22). HD 126.1
Qoy istismar edilən və ədalətsiz təqibə məruz qalanların hamısı Allaha üz tutsunlar. Ürəkləri möhkəmlikdə polada bənzəyənlərdən üz çevirin və öz diləklərinizi Yaradana açın. Onun hüzuruna tövbə etmiş ürəklə gələn heç kimə imtina edilməyəcəkdir. Heç bir səmimi dua cavabsız qalmayacaqdır. Onun izzəti üçün səslənən səma xorunun himnləri arasında, Allah ən zəif insan varlıqlarının dualarını da eşidir. Biz ürəyimizin istəyini gizlicə bildirir, yol gedərkən sakitcə dua kəlmələrini pıçıldayırıq, lakin sözlərimiz kainatın Hökmdarına yetişir. Onlar, ola bilsin ki, heç bir insanın qulağına çatmır, lakin sakitlikdə, yaxud da dünyəvi qayğıların arasında itə bilməz. Qəlbin arzusunun qarşısını heç nə ala bilməz. O, küçələrin gurultusu arasında, kütlənin burulğanından ucalaraq səmaya yetişir. Axı biz Allaha müraciət edirik və buna görə də duamız mütləq Ona yetişir. HD 126.2
Özünüzü ən ləyaqətsiz hesab etsəniz də, işinizi Allaha tapşırmaqdan çəkinməyin. Məsih də Özünü dünyanın günahı əvəzinə qurban verdiyi zaman, O hər qəlbin işini Öz üzərinə götürdü. “Məgər Öz Oğlunu əsirgəməyib hamımız üçün təslim edən, Onunla bərabər bütün şeyləri bizə ehsan etməyəcəkdirmi?” (Rom. 8:32). Məgər O bizə ayıqlığımız və möhkəmliyimiz üçün verdiyi mərhəmətli sözünü icra etməyəcəkdirmi? HD 126.3
Məsih Öz mirasını iblisin əsarətindən azad etməkdən çox heç nə istəmir. Lakin iblisin xarici təsirinin hökmündən azad edilməzdən əvvəl, onun daxilimizdəki hökmündən azad olmalıyıq. Rəbb sınaqlara ona görə icazə verir ki, dünyəvi keyfiyyətlərimizdən və zəifliklərimizdən, özünəməhəbbətdən, xasiyyətimizin qaba, qeyri-məsihçi cəhətlərindən təmizlənə bilək. O icazə verir ki, əzabların dərin suları bizim qəlbimizin üzərindən keçsin, çünki yalnız beləliklə biz Onu və Onun göndərdiyi İsa Məsihi dərk edə bilərik. Biz öz həyatımızda əzablarla üzləşirik ki, onların sayəsində son nəticədə günahdan təmizlənməyə ürəkdən ehtiyac duyaraq, sınaqlardan dəyişmiş, müqəddəsləşmiş və xoşbəxt çıxa bilək. Çox zaman sınaq alovuna biz özünəməhəbbətdən zəifləmiş qəlblə ayaq basırıq; lakin dəhşətli sınağı səbirlə keçsək, ondan İlahi xasiyyətin cəhətlərini əks etdirərək çıxacağıq. Bizi keçirdiyi əzabların məqsədinə yetişdiyimiz zaman, “Rəbb sənin salehliyini nur kimi aydınlaşdıracaq, həqiqətini gündüz günəşi tək çıxaracaq” (Məz. 37:6). HD 127.1
Rəbb Öz xalqının dualarını dinləmir deyə qorxmaq lazım deyil. Təhlükə ondan ibarətdir ki, sınaqlar və acılar içində adamlar ruhdan düşüb ümidsızliyə qapılaraq, dualarında inadkarlığı itirə bilərlər. HD 127.2
İlahi mərhəmətin gücünü Xilaskar sirofinikiyalı qadına münasibətdə göstərdi. Ananın faciəsi Onun ürəyini ağrıtmışdı. O, ürəkdən əmin etmək istəyirdi ki, onun duası eşidilmişdir, lakin bununla bərabər O Öz şagirdlərinə müəyyən dərs vermək istədiyinə görə bir müddət sanki onun fəryad edən qəlbinin səsini eşitmirdi. Qadın öz imanının bütün gücünü təzahür etdirdiyi zaman isə ona təskinlik sözləri deyərək, dilədiyi qiymətli xeyir-dua ilə yola saldı. Şagirdlər heç vaxt bu dərsi unutmurdular və o, Yazılarda həkk edildi ki, inadlı duanın nəticəsini göstərsin. HD 127.3
Bu qadının ürəyinə inkaredilməz inadı Məsihin Özü qoymuşdu. Hakimə yalvaran dul qadına cəsarət və qətiyyət verən Məsih idi. Bundan neçə yüz il qabaq Yəbbok çayının sahilində baş vermiş sirli güləşdə Yaquba belə inadkar iman verən Məsih idi. Onun insanlara bəxş etdiyi etibar heç vaxt mükafatsız qalmırdı. HD 127.4
Səma əqidəsində mövcud Olan ədalətlə hökm edir. Onun günah dünyasında sınaqlarla mübarizə edən xalqı Məsihi Onun taxtını əhatə edən mələklərdən daha çox sevindirir. HD 128.1
Bütün səmavi kainat bizim xırdaca planetimizə həddindən çox maraq göstərir, çünki burada məskunlaşmış insanların canları üçün Məsih hədsiz qiymət vermişdir. Dünyanı Bağışladan gözəgörünməz bağlarla yeri göylərə bağladı, çünki burada Rəbbin bağışlatdıqları yaşayırlar. Səma varlıqları gəlib İbrahim və Musa ilə söhbət etdikləri günlərdəki kimi, yenə də yerə nüfüz edirlər. Böyük şəhərlərimizin iş burulğanında, küçələri, ticarət mərkəzlərini və əyləncə yerlərini dolduran kütlələr içində, insanların sanki həyatlarının yeganə məqsədi kimi, səhərdən axşamadək olduqları biznes, idman və əyləncə yerlərində və çox azlarının ali dəyərlər haqqında düşündüyü yerlərdə də səma yenə öz təmsilçilərini və müqəddəslərini saxlayır. Gözəgörünməz səma nəzarətçiləri insanın hər sözünü və əməlini izləyirlər. İş, yaxud da əyləncə ilə məşğul olan hər yığıncaqda, hər ibadətdə adi insanın görə biləcəyindən daha çox dinləyici mövcuddur. Vaxtaşırı səmavi varlıqlar gözəgörünməz dünyanı gizlədən örtüyü qaldırırlar ki, fikirlərimizi dünyanın gündəlik qaçaqaçları və cəfəngiyyatlarından ayırıb, dediklərimizin və etdiklərimizin hamısından xəbərdar olan şahidlərə yönəldək. HD 128.2
Bizi ziyarət edən mələklərin səfərlərinin məqsədi bizə daha aydın olmalıdır. Yadda saxlamaq lazımdır ki, bütün fəaliyyətimizdə səma varlıqlarının köməyi və qayğısı bizi müşayiət edir. Gözə görünməyən işıq və güc orduları həlim və təvazökar olanları ziyarət edirlər, o kəsləri ki, iman edərək İlahi vədlərin yerinə yetməsini diləyirlər. Nəhəng qüvvəyə malik olan mələklər, minlər və on minlər Onun sağ yanında dururlar, “onların hamısı qurtuluşu miras alacaq olanlara yardım etmək üçün göndərilən xidmətçi ruhlardırlar” (İbr. 1:14). HD 128.3
Bu səma elçiləri insan oğullarının bütün söz və əməllərini diqqətlə qeyd edirlər, Rəbbin xalqına edilən hər bir qəddarlıq və ədalətsizlik hadisəsi, Allahın övladlarının namussuz adamların hökmündən çəkdikləri hər şey göylərdə yazıya alınır. HD 129.1
“Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənləri müdafiə etməyəcəkmi? Onlar üçün çoxmu gecikəcək? Sizə deyirəm ki, onları tezliklə müdafiə edəcəkdir”. HD 129.2
“Buna görə böyük mükafat olan cəsarətinizi atmayın. Çünki sizin təhəmmülə ehtiyacınız var ki, Allahın iradəsini yerinə yetirib vəd olunmuş şeyə nail olasınız. Çünki daha bir az, lap az sonra Gələn gələcək, gecikməyəcək” (İbr. 10:35-37). “Budur, əkinçi ilk və son yağıntını alıncayadək, torpaqdan qiymətli məhsulu səbirlə gözləyir. Siz də səbirli olun, ürəklərinizi möhkəmlədin, çünki Rəbbin gəlişi yaxındır” (Yaq. 5:7, 8). HD 129.3
Allahın çoxsəbirliliyi fövqəladədir. Mərhəmət günahkar üçün havadarlıq edənə kimi ədalət çox gözləyir. Lakin “ədalətlə həqiqət Onun taxtının təməlidir” (Məz. 96:2). “Rəbb hədsiz səbirlidir”, lakin O, “qüdrətlidir və təqsirkarı cəzasız əsla qoymaz; Rəbbin yolu fırtınadadır, qasırğadadır, buludlar ayaqlarının tozudur” (Nah. 1:3). HD 129.4
İlahi Qanunun pozulmasında dünya ədəbsiz olub. Onun dözümlülüyünə cavab olaraq, insanlar Onun nüfuzunu kobudcasına pozdular. Onlar Onun mirasına münasibətdə təqib və qəddarlıqda bir-birinə yardım edərək deyirlər: “Allah haradan biləcək? Haqq-Təalanın nə xəbəri var bundan?” (Məz. 73:11). Lakin elə sədd mövcuddur ki, onlar onu keçə bilmirlər. Onlar üçün müəyyən edilmiş həddə çatacaqları vaxta az qalıb. Artıq bu gün onlar Allahın dözümünün, lütfünün və mərhəmətinin son həddinə çatıblar. Lakin tezliklə Rəbb qalxacaqdır ki, Öz ləyaqətini müdafiə etsin, Öz xalqını azad etsin, şərin və yalanın daha geniş yayılmasının qarşısını alsın. HD 129.5
Nuhun dövründə adamlar Allah Qanunundan o vaxta kimi imtina elədilər ki, artıq yer üzündə Yaradıcı haqqında hər cür təsəvvür itirildi. Onların haqsızlıqları elə dəhşətli həddə çatdı ki, Rəbb daşqın sularını yer üzünə yönəldərək, onun bütün haqsız sakinlərini məhv etdi. HD 130.1
Rəbb Öz işlərilə nəsildən-nəslə insanlara aşkar olurdu. Böhran yetişdiyi zaman, O Özünü izhar elədi və müdaxilə etdi ki, iblisin planlarının təcəssümünə imkan verməsin. Çox zaman Allah hadisələrin elə inkişafına imkan verirdi ki, bütöv xalqlar, ailələr, yaxud da ayrı-ayrı adamlar böhranlı vəziyyətə düşürdülər və Onun müdaxiləsi açıq-aşkar baş verirdi. Belə anlarda hamı açıq-aydın görürdü ki, İsraildə Öz qanununu bərpa edən və Öz xalqının Müdafiəçisi Allah vardır. HD 130.2
Ümumi qanunsuzluğun təntənəsi dövründə sonuncu böyük böhranın yaxınlaşmasını aydın görə bilərik. İlahi qanuna itaətsizlik, demək olar ki, ümumi hal aldığı zaman, Onun xalqı öz vətəndaşları tərəfindən sıxıntılara və təqiblərə məruz qaldıqları zaman Rəbbin müdaxiləsi qaçılmazdır. HD 130.3
Elə bir vaxt yaxınlaşır ki, O deyəcəkdir: “Ey xalqım, keç içəri otaqlara, qapıları ört, Rəbbin qeyzi keçənəcən qısa bir müddətə gizlən! Çünki budur, Rəbb yer üzünün sakinlərini qəbahətləri üzündən cəzalandırmaq üçün Öz məskənindən gəlir. Torpaq udduğu qanı üzə çıxaracaq, öldürülənləri artıq gizlətməyəcək” (Yeş. 26:20, 21). Özlərini məsihçi hesab edənlərin çoxları indi yoxsulları qarət edib sıxışdıra bilərlər, dulları və yetimləri aldada bilərlər; ancaq Allahın övladlarının vicdanını əsarətə sala bilmədikləri üçün, şeytanın qəzəbi onların da ürəyində baş qaldıra bilər, lakin bunların hamısına görə Allah onları məhkəməyə gətirəcəkdir. “Mərhəmət göstərməyənə hökm mərhəmətsiz” olacaq (Yaq. 2:13). Bu adamların bütün yer üzünün Hakimi qarşısında duraraq, Onun mirasına verdikləri cismani və ruhlu ağrılara görə cavab verməli olacaqları o an yaxındır. İndi onlar yalan ittihamlar irəli sürə bilərlər, Allahın Öz işini icra etmək üçün seçdiyi adamlara gülə bilərlər, Ona iman edənləri həbsə, qandallara, kökünün kəsilməsinə, ölümə məhkum edə bilərlər, lakin hər verdikləri ağrıya görə, hər tökülmüş göz yaşı üçün cavab verməli olacaqlar. Allah onların günahlarının əvəzini ikiqat verəcəkdir. Dönük imanlılar cəmiyyətinin simvolu olan Babili nəzərdə tutaraq, məhkəmə işindəki xidmətçilərinə belə deyir: “Çünki onun günahları göyə qədər çatdı və Allah onun haqsızlıqlarını yada saldı. Babil sizə nə verdisə, ona da elə əvəzini verin. Onun əməllərinə görə ikiqat əvəzini verin. Sizə şərab hazırladığı kasada siz ona ikiqat hazırlayın” (Vəh. 18: 5, 6). HD 130.4
Hindistandan, Afrikadan, Çindən, dənizdəki adalardan, məsihçi adlandırılan ölkələrdən milyonlarla istismar edilmiş insanın acı fəryadı Allaha yetişir. Bu yalvarışlar cavabsız çox qalmayacaqdır. Allah dünyanı əxlaqi çürümədən təmizləyəcəkdir, lakin Nuhun dövründəki kimi, daşqın suları ilə deyil, heç bir insan hiyləsinin söndürə bilməyəcəyi alov dənizilə. HD 131.1
“Millət yaranandan o vaxta qədər olmamış əzablı dövr gələcək. O dövrdə sənin xalqından kitabda adı yazılmış olan hər kəs xilas olacaq” (Dan. 12:1). HD 131.2
Məsih çardaqlardan, daxmalardan, zindanlardan, edam səkilərindən, dağ və səhralardan, yerin mağaralarından və dəniz batıqlarından Öz xalqını, Öz övladlarını Öz yanına yığacaqdır. Onlar yerdə itkilər, əzablar və işgəncələr çəkirdilər. Onlardan milyonları qəbirə rüsvayçı şəkildə gömüldü, çünki iblisin yalan vədlərinə inanmaqdan imtina etdilər. İnsan məhkəməsi bu Allah övladlarını qatı cinayətkar elan etdi. Ancaq “Allahın Özünün Hakim kimi” oturacağı gün yaxındır. Həmin gün dünyəvi hökm ləğv ediləcək və Rəbb “Öz xalqının rüsvayçılığını götürəcək” (Yeş. 25:8). Onların hər birinə ağ paltarlar veriləcək (Vəh. 6:11). ““Rəbbin satın aldığı müqəddəs xalq” deyəcəklər” (Yeş. 62:12). HD 131.3
Öz dövrlərində hansı çarmıxı daşımağa məhkum edilmələrinə, necə itkilər vermələrinə, yerdə necə təqiblərə məruz qalmalarına, müvəqqəti həyatlarını itirmələrinə baxmayaraq, Allahın övladları bolluqla mükafatlandırılacaqlar. “Onun üzünü görəcəklər və Onun adı onların alnında olacaqdır” (Vəh. 22:4). HD 132.1