Bu dəfə Məsih Öz dinləyicilərinin diqqətini Yazılara yönəltmir. Onlara öz şəxsi həyat təcrübələrini xatırladır. Iordan yaxınlığında geniş yayılmış yaylaqlar çoxsaylı sürülər üçün bol otlaqlar idi; həm dərələrdə, həm meşəli təpələrdə çoxlu itmiş qoyunlar dolaşırdılar, qayğıkeş çobanlar onları axtarıb taparaq, geri gətirirdilər. Məsihi əhatə edənlərin arasında məhz çobanlar və həm də pullarını sürülərə sərf eləmiş varlılar var idilər. Onlar İsanın nəsihətini dərk edə bilərdilər: “Sizlərdən yüz qoyunu olan kim onlardan birini itirdiyi zaman doxsan doqquzunu səhrada buraxaraq, itmiş olanı tapıncaya qədər arxasınca getməz?” HD 134.4
“Eləcə də nifrət etdiklərinizin canları, — İsa deyirdi, — Allahın mülkiyyətidir. Onlar Ona mənsubdurlar, çünki onları O yaratmış və bağışlamışdır, onlar Onun gözündə dəyərlidirlər. Çoban öz qoyunlarını sevib qeyb olmuş bircə qoyunu tapmayınca rahatlıq və dinclik bilməyən kimi, Allah da hər azmış canı sevir, lakin hədsiz dərəcədə çox sevir. Adamlar Onun məhəbbətini rədd edə bilərlər, Ondan qaça bilərlər, özlərinə başqa sahib seçə bilərlər, bütün bunlara baxmayaraq, onlar Allaha mənsubdurlar və O Özününkünü qaytarmaq yanğısındadır. O deyir: “Dağılmış qoyunların arasındakı bir çoban sürüsünü necə yoxlayarsa, Mən də qoyunlarımla eləcə yoxlayacağam. Buludlu və qaranlıq bir gündə ətrafa səpələndikləri hər yerdən onları qurtaracağam” (Yez. 34:12). HD 135.1
Bu məsəldə çoban yalnız bir qoyunun axtarışına gedir, bu ən kiçik rəqəm idi. Deməli, hətta bir itirilmiş can olsaydı belə, Məsih həmin o bir nəfər üçün yenə də ölümə gedərdi. HD 135.2
Sürüdən ayrı düşmüş qoyun bütün yaradılmışlar içərisində ən köməksizidir. Çoban onu axtarmaladır, çünki özü geriyə yolu tapa bilməyəcək. Allahdan uzaqlaşmış adamla da belədir: o da itmiş qoyun kimi köməksizdir və İlahi məhəbbət köməyinə gəlməyincə, o, Allaha qayıda bilməyəcək. HD 135.3
Qoyunların birinin qeyb olduğunu aşkar edən çoban toplanmış sürünü qayğısız müşahidə edib: “Mənim doxsan doqquz qoyunum vardır, bir qeyb olmuşu axtarmaq üçün zəhmət çəkməyə dəymir. Qoy özü gəlsin və mən ağılın qapısını açıb onu içəri buraxaram”, — demir. Yox, bu bir qoyunun qeyb olması aşkar olunan kimi çobanın ürəyini narahatlıq götürür. O, sürünü təkrar-təkrar sayır. İtkiyə əmin olduqdan sonra, о, bir dəqiqəsini də itirməyəcək. Doxsan doqquz qoyunu ağılda buraxaraq, qeyb olanın axtarışına düşəcək. Gecə nə qədər qaranlıq və yol nə qədər təhlükəlidirsə, çobanın narahatlığı da o qədər güclü və axtarışları o qədər səyli olacaq. O bu bir qeyb olmuş qoyunu tapmaqdan ötrü qüvvəsini əsirgəməyəcəg. HD 135.4
O, qoyunun uzaqdan gələn səsini necə böyük məmnuniyyətlə qarşılayır. Səsin istiqamətinə cumaraq, sıldırım qayalara dırmaşır, uçurumun lap qırağı ilə öz həyatını təhlükə qarşısında qoyaraq gedir. Beləliklə, o, axtarışlarını o vaxta qədər davam etdirir ki, eşidilən səs get-gedə zəifləyərək qoyunun öləcəyini göstərir. Lakin axır ki, onun səyləri mükafatlandırılır: qeyb olmuş tapılır. Çoban ona bu qədər narahatlıq verdiyinə görə qoyunu danlamır. Onu qamçı ilə qovmur. Titrəyən canlını sevincək öz çiyinlərinə qoyur; əgər qoyun yaralı və sınıqlıdırsa, onu əlinə götürüb sinəsinə sıxır ki, ürəyinin istisi ona həyat verə bilsin. Axtarışlarının əbəs olmadığından yüngüllük və məmnunluq hissi ilə qoyunu ağıla aparır. HD 136.1
Allaha şükürlər olsun ki, O bizə bədbəxt çobanın qoyunsuz qayıtmasının təsvirini vermədi. Bu məsəl uğursuzluqdan deyil, xilas edilməyin müvəffəqiyyətindən və sevincindən danışır. Onda biz İlahi zəmanətə malik oluruq ki, Allah sürüsünün qeyb olmuş hətta bir qoyunu da unudulmayacaq, heç biri köməksiz qalmayacaqdır. Allahın bağışlanmasına icazə verdiyi hər kəsi Məsih ölüm uçurumundan və günah tikanlığından xilas edəcəkdir. HD 136.2
Ey ümidsiz və ruhdan düşən insan, məyus olma, ağır günah etmiş olsan da, ürəkli ol! Allah sənin günahlarını bağışlayarmı, Ona yaxınlaşmağına icazə verərmi deyə narahat olma. Allah artıq sənə doğru ilk addımını atıb. Hələ sən Ona qarşı üsyan etdiyin zaman O sənin axtarışına çıxıb. İncə ürəkli çoban kimi, O, doxsan doqquzunu buraxaraq, qeyb olmuş birinin dalınca səhraya getdi. Ölə biləcək taqətsiz və yaralı canı Öz sevən əllərilə qucaqlayıb, sevincək təhlükəsiz sığınacağa aparır. HD 136.3
Yəhudilər öyrədirdilər ki, İlahi məhəbbətin günahkara izhar edilməsindən əvvəl o tövbə etməlidir. Onların təsəvvürünə görə, tövbə — insanın göylərin xeyirxahlığını qazanması üçün vasitə idi. Məhz bu fikir fəriseylərin qəzəbli və hiddətli nidalarına səbəb olurdu: “O, günahkarları qəbul edir”. Onlar hesab edirdilər ki, Məsih yalnız tövbə etmişlərin Ona yaxınlaşmasına icazə verməli idi. Ancaq qeyb olmuş qoyun haqqında məsəllə Məsih öyrədir ki, xilas bizim Allahı axtarmağımızın sayəsində deyil, Allahın bizi axtarması nəticəsində baş verir. “Anlayan heç kim yoxdur; heç kim Allahı axtarmır; hamı öz yolunu azmışdır” (Rom. 3:11, 12). Biz Allah bizi sevsin deyə tövbə etmirik, əksinə, O bizə Öz məhəbbətini açır ki, tövbə edə bilək. HD 137.1
Azmış qoyun nəhayət evə gətirilən zaman, çobanın minnətdarlığı sevinc dolu şən nəğmələrdə ifadə olunur. O öz dostlarını və qonşularını çağırıb nida edir: “Mənim sevincimə şərik olun, mən itmiş qoyunumu tapdım”. Beləcə də azmış can ulu Çoban tərəfindən tapıldığı zaman, göylər və yer sevinc və minnətdarlıqda birləşir. HD 137.2
“Beləcə də göydə, tövbə edən bir günahkara görə, tövbəyə ehtiyacı olmayan doxsan doqquz saleh insan üçün olduğundan daha çox sevinc olacaqdır”. Məsih sanki deyir: “Siz fəriseylər, hesab edirsiniz ki, Göylər sizə başqalarından daha çox meyllidir. Siz elə bilirsiniz ki, özünüzü şəxsi doğruluğunuz ilə çəpərləyərək təhlükəsizlik içindəsiniz. Bilin ki, əgər tövbə etməyə ehtiyac duymursunuzsa, Mənim xidmətim sizin üçün deyil. Yoxsul və günahkar olduqlarını hiss edən bu zavallı canlar məhz onlardır ki, Mən almağa gəlmişəm. Səma mələkləri sizin nifrət etdiklərinizə şəfqətlə yanaşırlar. Siz onların hansısa Mənə can atdıqda hiddətlənir, yaxud istehza edirsiniz; bilin ki, bu zaman mələklər sevinirlər, səma həyətlərində isə qələbə nəğməsi ucalır”. HD 137.3
Kahinlərin məsəlləri vardı ki, Allaha qarşı günah işlədən öldüyü zaman göylər sevinir; İsa isə öyrədirdi ki, öldürmək Allaha yaddır. Əksinə, Onun yaratdığı canlarda Allahın surətinin bərpa edilməsinə bütün göylər sevinir. HD 137.4
Günah çirkabına batmış insan Allaha qayıtmaq istədiyi zaman düşmənçilik və etibarsızlıqla qarşılaşacaqdır. Onun tövbəsinin səmimiliyinə şübhə ilə yanaşan, yaxud da bir-birinə bu sözləri pıçıldayan adamlar da tapılacaq: “Onun möhkəmliyi yoxdur, mən inanıram ki, o, dözə bilməyəcəkdir”. Bu adamlar Allahın işini deyil, qardaşlarının ittihamçısı olan şeytanın işini görürlər. Günahdan azad olmaq istəməyən insan öz tənqidi ilə bu canı çaşdıraraq, onun cəsarətini sındırıb, ümiddən məhrum etmək və Allahdan daha da uzaqlaşdırmaq istəyir. Qoy tövbə edən günahkar hər azmışın qayıtması zamanı göylərdəki sevincdən xəbərdar olsun. Qoy O, İlahi məhəbbətdə rahatlaşsın və fəriseylərin şübhələri və nifrətlərilə rastlaşarkən, heç bir vəchlə ruhdan düşməsin. HD 138.1
Kahinlər elə başa düşürdülər ki, Məsihin məsəli vergiyığan və günahkarlara aiddir; lakin o, daha geniş məna daşıyırdı. İtirilmiş qoyunun timsalında Məsih yalnız adi bir günahkarı deyil, eyni zamanda Allahdan dönmüş və günah içində məhv olan bir dünyanı nəzərdə tuturdu. Allahın idarə etdiyi nəhəng kainatda bu dünya yalnız bir atomdur, lakin bu kiçik düşkün dünya — bir azmış qoyun — Onun gözündə sürüdən ayrılmamış doxsan doqquzundan daha qiymətlidir. Məsih, səmavi məskənlərin sevimli Hökmdarı Atası ilə bölüşdürdüyü uca mövqeyini və izzətini tərk etdi ki, tək bir azmış dünyanı xilas etsin. Bundan ötrü O, göylərdəki günahsız dünyaları, Onu sevən həmin doxsan doqquzunu müvəqqəti olaraq tərk etdi və günahkar yerə endi ki, bizim “asiliyimizə görə bədəni deşilsin, şər əməllərimiz naminə əzilsin” (Yeş. 53:5). Allah Özünü Oğlunda verdi ki, itirilmiş qoyunun qayıtmasının sevincinə malik olsun. HD 138.2
“Görün Ata bizə necə bir məhəbbət göstərmişdir ki, Allahın övladları adlanaq” (1 Yəh. 3:1). “Məsihin Öz bədəni olan imanlılar cəmiyyəti naminə çəkdiyi əzabların qalanlarını öz bədənimlə tamamlamaq” (Kol.1:24) üçün Məsih deyir: “Sən Məni dünyaya göndərdiyin kimi, Mən də onları dünyaya göndərdim” (Yəh. 17:18). Məsihin xilas etdiyi hər can, azmışların xilası üçün Onun adı naminə işləməyə çağırılmışdır. Qədim İsraildə bu iş çox vaxt rədd edilirdi. Bu gün də bəzən əsassız olaraq özlərini Məsihin davamçıları adlandıranlar bunu unutmurlarmı? HD 138.3
Bəs siz, ey oxucu, o itirilmişlərin neçəsini axtarıb Ata evinə gətirmisiniz? Sizə ümidsiz görünən və sizi əsəbiləşdirən adamlardan üz çevirdiyiniz zaman, Məsihin yorulmadan axtardığı insanları rədd etmiş olduğunuzu anlayırsınızmı? Onlardan üz çevirdiyiniz həmin vaxtda, ola bilsin ki, onlar sizin mərhəmətinizə böyük ehtiyac duyurlar. Hər imanlılar cəmiyyətində özlərinə dinclik və salehlik qaytarmaq istəyən canlar vardır. Zahirən onlar qayğısızdırlar, lakin həqiqətdə Müqəddəs Ruhu dinləmək qabiliyyətini itirməyiblər. Onların çoxları Məsih üçün alına bilərlər. HD 139.1
Azmış qoyunu ağıla qaytarmasan, ölənə kimi veyllənəcəkdir. Beləcə də, çox canlar vaxtında onların xilası üçün uzadılmış əl tapmayaraq, geri qaytarılmadan ölürlər. Çox zaman günah içində ölən insanlar dəyişməz, qayğısız görünürlər, lakin onlara da başqalarına verilən qədər imkanlar təqdim edilmiş olsa idi, onlar daha böyük qəlb xeyirxahlığı və faydalı həyata daha çox hazırlıq nümayiş etdirərdilər. Bu azmışlar üçün mələklərin ürəkləri yanır. İnsan gözləri yaşarmayıb, ürəyi mərhəmət üçün bağlı qalanda, mələklər ağlayırlar. HD 139.2
İmtahana çəkilənlərə və yolunu azmışlara dərin və qəlbi yandıra biləcək şəfqətlə yanaşmağımız nə qədər vacibdir! Bizim Məsihin ruhuna çox, özünəməhəbbətə isə az, mümkün qədər az ehtiyacımız var! HD 139.3
Fəriseylər Məsihin məsəlində öz ünvanlarına irad sezirdilər. Onların Öz ünvanına yönəlmiş tənqidlərini qəbul etməyərək, Özü onları vergiyığan və günahkarlara qarşı nifrətlərinə görə tənqid edirdi. Bunu açıq şəkildə etmirdi ki, onların ürəkləri Onun üçün bağlanmasın; lakin Onun məsəli Allahın onlardan gözlədiyi işin görülməsinə işarə edirdi, onlar bu işi görə bilmədilər. İsrailin rəhbərləri həqiqi çobanlar olsa idilər, həmin çoban kimi hərəkət edərdilər. Onlar Məsihin mərhəmət və məhəbbətini izhar edərək, insanlara xidmətində Ona qoşulardılar. Bundan imtina etmələri — iddia və bəyanatlarının bütün yalanını təsdiq etdi və riyakarlıqlarını ifşa elədi. Bu zaman çoxları Məsihin iradını rədd etdilər, lakin buna baxmayaraq, Onun sözləri bəzilərini əmin etdi. Məsihin səmaya yüksəlməsindən sonra onların üzərinə Müqəddəs Ruh endi və azmış qoyun haqqında məsəldə Onun şagirdlərinə buyurulmuş vəzifənin icrasına başladılar. HD 139.4