(Lk. 15:1-10)
“Bütün vergiyığanlar və günahkarlar Onu dinləmək üçün Ona yaxınlaşırdılar. Fəriseylər və din alimləri: “O, günahkarları qəbul edir və onlarla yemək yeyir”, — deyə gileylənirdilər”. HD 133.1
Onlar Məsihin günahkar və qüsurlu adamlarla ünsiyyətə üstünlük verdiyini, onların günahkarlığını duymadığını göstərmək istəyirdilər. Fəriseylər və din alimləri İsadan əllərini üzdülər. Nə üçün belə nəcib xasiyyətli insan onlarla ünsiyyətə girmir və onların təliminə riayət etmir? Nə üçün O Özünü bu qədər sadə aparır və xalqın bütün təbəqələri arasında təbliğ edir? Əgər “O, həqiqətən, peyğəmbər olsa idi, — onlar deyirdilər, — bizə qoşulardı, vergiyığan və günahkarlara isə layiq olduqları etinasızlıqla yanaşardı”. Bu cəmiyyət keşikçilərini özlərindən çıxaran o idi ki, onların daima mübarizə apardıqları və Öz qüsursuz həyatı ilə eyni zamanda həm onların hörmətini qazanan, həm də onları mühakimə edən Şəxs cəmiyyətin tullantılarına gizlədilməyən şəfqətlə yanaşaraq, onlarla görüşürdü. Onlar Onun iş metodlarını bəyənmirdilər. Onlar özlərini savadlı, seçilmiş, kamil və yüksək dərəcəli dindar hesab edirdilər, Məsihin nümunəsi isə istər-istəməz hamı qarşısında onların eqoizmini ifşa edirdi. Məsihin salehliyi onları acıqlandırırdı və onların mühakiməsinə səbəb olurdu. HD 133.2
Onları hiddətləndirən həm də o idi ki, kahinlərə nifrətlə yanaşan və havranı heç vaxt ziyarət etməyənlər İsaya can atır və Onun sözlərini böyük diqqətlə dinləyirdilər. Qanunşünaslar və fəriseylər eləcə də dərk edə bilmirdilər ki, nəyə görə vergiyığanlar və günahkarlar İsaya can atırdılar. HD 134.1
Onlar bunun izahının nifrətlə ifadə etdikləri həmin sözlərdə gizləndiyini güman belə etmirdilər: “O, günahkarları qəbul edir”. İsanın yanına gələn adamlar Onun hüzurunda hiss edirdilər ki, hətta onlar üçün də günah uçurumundan xilas olmaq imkanı açılır. Fəriseylər bu adamlara yalnız nifrət edib, onları mühakimə edirdilər; Məsih isə onlara müvəqqəti olaraq Ata evindən getmiş, lakin Ata ürəyinin unutmadığı Allah övladları kimi yanaşırdı. Zəif və günahkar olmalarının özü onları Onun qayğı və mərhəmət obyektinə çevirirdi. Onlar Ondan uzaqlaşdıqca, Onun onları xilas etmək arzusu artır və bundan ötrü daha böyük səy və qurban tələb edilirdi. HD 134.2
Bütün bunları İsrail müəllimləri özlərini qoruyucusu və şərhçisi saydıqları Müqəddəs Yazılardan öyrənə bilərdilər. Məgər dəhşətli günaha batmış Davud yazmamışdımı: “Qoyun kimi azmışam, bu qulunu axtar Sən” (Məz. 118:176). Məgər Mikəya Allahın günahkara olan məhəbbətini bu sözlərlə açmadımı: “Sağ qalan xalqının cəzasını aradan götürən, asiliyini bağışlayan Sənin kimi Allah varmı?” (Mik.7:18) HD 134.3