(Lk. 13:1-9)
Öz nəsihətlərində Məsih mərhəmətin dəvəti ilə məhkəmə haqqında xəbərdarlığı birləşdirirdi. “İnsan Oğlu, — O deyirdi, — insanların canını məhv etməyə deyil, qurtarmağa gəlmişdir” (Lk. 9:56). “Allah Öz Oğlunu dünyaya göndərməmişdir ki, dünyaya hökm etsin. Amma göndərmişdir ki, dünya Onun vasitəsilə qurtulsun” (Yəh. 3:17). Onun mərhəmət və şəfqət xidməti və onların İlahi ədalət və məhkəmə ilə bağlanması barsız əncir haqqındakı məsəldə parlaq təsvir edilibdir. HD 157.1
Məsih insanları Allahın padşahlığının yaxınlaşması barədə xəbərdar edirdi və onları avamlıqlarına və laqeydliklərinə görə sərt məzəmmət edirdi. Hava haqqında qabaqcadan xəbər verən göydəki əlamətləri onlar oxuya bilirdilər; lakin Onun gəlişinə açıq-aydın işarə edən zaman əlamətlərini elə də dərk edə bilmədilər. HD 157.2
Lakin insanlar o zaman da, bu gündəki kimi, həvəslə aldanırdılar ki, onlar göylərin seçdiyi adamlardır və ifşa xəbəri başqa kimsələrə aiddir. İsanın dinləyiciləri böyük həyəcana səbəb olmuş hadisə haqqında danışdılar. Yəhudeyanın hakimi Pontlu Pilatın bəzi tədbirləri xalq arasında güclü narazılığa səbəb olmuşdu. Yerusəlimdə ixtilaflar baş verən zaman, Pilat onları güclə yatırmağa cəhd etdi. İğtişaşların birində əsgərlər hətta məbədin sahəsinə soxulub, qurbanlıq mərasimi keçirən bir neçə qalileyalı zəvvarı öldürmüşdülər. İbranilər bu faciənin səbəbini həlak olanların günahkar olmasında görürdülər. Dəhşətli əhvalat haqqında danışanlar gizli məmnuniyyət hissi keçirirdilər. Onlar hesab edirdilər ki, onlar üçün uğurlu qurtarmış bu faciə onların həmin qalileyalılardan qat-qat yaxşı olduqlarını təsdiq edir, çünki Allah onlara qarşı daha çox mərhəmətli olmuşdur. Onlar Məsihdən həlak olanların ünvanına mühakimə sözləri eşitmək istəyirdilər, çünki onların bu cəzaya layiq olduqlarına şübhə etmirdilər. HD 157.3
Məsihin şagirdləri Müəllimlərinin nə deyəcəyini eşitmədən, bu hadisə barədə öz fikirlərini ifadə etmək istəmirdilər. O, başqalarının mühakiməsinə və onlar üçün məhkəmə qərarına uyğun olan cəzanın müəyyən edilməsinə dair onlara artıq məlumat vermişdi. Lakin buna baxmayaraq, onlar gözləyirdilər ki, həlak olmuş qalileyalılar başqalarına nisbətən daha çox günahkar olduqlarına görə Məsih onları mühakimə edəcəkdir. Onun cavabı isə onların böyük təəccübünə səbəb oldu. HD 158.1
Yığıncağa müraciət edərək, Xilaskar dedi: “Məgər elə düşünürsünüz ki, bu qalileyalılar bu aqibətə uğradıqlarına görə bütün digər qalileyalılardan daha günahkardırlar? Yox, deyirəm sizə; lakin əgər tövbə etməzsinizsə, hamınız onlar kimi həlak olacaqsınız”. Bu müdhiş faciə insanların ürəklərini itaətli edib onları tövbəyə gətirməli idi. Məsihdə özünə sığınacaq tapmayan insanların üzərində çaxacaq intiqam şimşəyi yaxınlaşırdı. HD 158.2
Şagirdləri ilə və yığıncaqla danışdığı zaman peyğəmbərliklə gələcəyə baxaraq, Məsih orada orduların mühasirəyə aldıqları Yerusəlimi görürdü. O, seçilmiş şəhər üzərinə addımlayan düşmənlərin ayaq səslərini eşidir, bu mühasirədə minlərlə həlak olmuşları görürdü. İbranilərin çoxları, qalileyalılar kimi, məbədin həyətlərində qurbanlıq mərasimi keçirən zaman öldürülmüşdürlər. Ayrı-ayrı insanların başına gələn faciələr onlar kimi günahkar olan bütün xalq üçün edilən Allah xəbərdarlığı idi. “Əgər tövbə etməzsinizsə, — İsa deyir, — hamınız onlar kimi həlak olacaqsınız”. Qısa bir müddətə insanlar üçün sınaq zamanı yenə də uzadılmışdır. Onların əmin-amanlığına xidmət edəni dərk etmək üçün onlara yenə vaxt verilmişdir. HD 158.3
“Bir nəfərin bağında əkilmiş bir əncir ağacı var idi, — O davam edir, — və gəlib onun üzərində meyvə axtardı, lakin tapmadı. Bağbana dedi: Budur, artıq üç ildir ki, mən bu əncir ağacının yanına gəlib meyvə axtarıram və tapmıram; onu kəs; niyə boş yerə torpaq tutur?” HD 159.1
Məsihi dinləyənlər qəti surətdə bu sözlərin kimə aid edildiyini bilirdilər. Davud öz nəğmələrində İsraili Misirdən gətirilmiş üzüm tənəyinə bənzədirdi. Yeşaya yazırdı: “İsrail nəsli Ordular Rəbbinin üzüm bağıdır, Yəhuda adamları isə Onun sevimli meynələridir” (Yeş. 5:7). Məsihin gəlişinə təsadüf edən nəsil Rəbbin üzüm bağındakı məhz həmin əncir ağacı idi ki, Onun xüsusi qayğısı və xeyir-duası ilə əhatə edilmişdi. HD 159.2
Allahın Öz xalqı üçün müəyyən elədiyi o uca məqsəd və Onun verdiyi o möhtəşəm imkanlar aşağıdakı gözəl sözlərdə təsvir edilmişdir: “Onlara Rəbbin şöhrətini aşkar etmək üçün Rəbbin əkdiyi salehlik palıd ağacları deyiləcək” (Yeş. 61:3). Can üstündə olan Yaqub Müqəddəs Ruhdan ilham alaraq öz sevimli oğlu haqqında deyir: “Yusif barlı bir ağac, çeşmə kənarında meyvəli bir ağacdır, budaqları divarın üzərindən aşar”. Və davam edir: “Sənə kömək edən Atanın Allahıdır. Sənə xeyir-dua verən Külli-İxtiyardır. Yuxarıda göylərin bərəkəti ilə, dərinlikdə olan su mənbələrin bərəkəti ilə, döşlərin, bətnlərin bərəkəti ilə sənə xeyir-dua verəcək” (Yar. 49:22, 25). Beləliklə, Allah İsraili həyat bulağı üstündəki məhsuldar ağac kimi əkmişdir. O Özünün üzüm bağını “məhsuldar bir təpədə” yerləşdirdi. “O, torpağı belləyib, daşları kənara atdı, seçmə meynələr əkdi” (Yeş. 5:1, 2). HD 159.3
“Üzümlüyün barını gözlədi, amma bağ cır üzüm gətirdi” (Yeş. 5:2). Məsihin dövründə bu xalq öz möminliyini əvvəlki yüzilliklərdəki yəhudilərdən daha çox şişirdirdi, lakin Müqəddəs Ruhun möcüzəli məhsullarından onlardan çox məhrum olmuşdu. Yusifin xasiyyətinin o dəyərli cəhətləri ki, onun həyatını bu qədər gözəl və rayihəli edirdilər, ibrani xalqının xasiyyətində təzahür edilmirdi. HD 159.4
Allah Öz Oğlunun timsalında İsraildə xeyirli məhsul axtardı və tapmadı. İsrail boş yerə torpaq tuturdu. Onun mövcud olmasının özü lənət idi, çünki o, üzümlükdə xeyirli ağacın bitə biləcəyi torpağı tuturdu. Beləliklə, İsrail Allahın onun vasitəsilə bu dünyaya göndərmək istədiyi xeyir-dualardan onu məhrum edirdi. İsraillilər öz həyatları ilə Allahı başqa millətlərin gözündə təhrif olunmuş şəkildə təsvir edirdilər. Onlar nəinki yararsız idilər, lakin artıq başqa xalqların da Allaha qayıtmağına ciddi mane olurdular. Onların dinləri əsas etibarilə təhriflər toplusuna dönmüşdü və insanları xilasa gətirmək əvəzinə, onları ölümə düçar edirdi. HD 160.1
Bu məsəldə bağban ağanın hökmünün ədalətli olduğuna şübhə etmir ki, ağac barsız qaldıqda onu kəsmək gərəkdir; lakin o, ağanın bu ağaca dərin marağını dərk edir və onu bölüşdürür. Bağbanı bu ağacı çiçəklənən və məhsuldar görməkdən çox heç nə sevindirə bilməz. Ağanın da bunu arzuladığını başa düşən bağban ona belə cavab verir: “Ağa! Ona bu il də toxunma, mən onun ətrafını belləyər və peyinlə dövrəyə alaram: meyvə gətirərsə, yaxşı”. HD 160.2
Bağban bundan sonra da, demək olar ki, ümidsiz ağaca qayğı göstərməyə hazırdır. O onu daha böyük qayğı ilə əhatə etməyi təklif edir. Ona bütün diqqətini yönəldəcəkdir. HD 160.3
Ağa və bağban bu əncirə eyni dərəcədə maraq göstərirlər. Seçilmiş xalqa qarşı məhəbbətlərində də Ata və Oğul məhz buna bənzər şəkildə birdirlər. Məsih Öz dinləyicilərinə deyirdi ki, onlara daha böyük imkanlar veriləcəkdir. İlahi məhəbbətin ixtira etməyə qadir olduğu hər cür vasitələrdən istifadə ediləcəkdir ki, onlar salehlik əkmələri ola bilsinlər və bütün dünyaya xeyir-dua məhsulu versinlər. HD 160.4
Məsih bu məsəldə bağbanın səylərinin nəticələrindən danışmır. Onun hekayəsi burada bitir. Bu hekayənin necə qutaracağının məsuliyyəti Məsihin sözlərini dinləyən nəslin üzərinə qoyulmuşdur. Onlara ciddi xəbərdarlıq edildi: “Əgər gətirməzsə, gələn il kəsərsən”. Son qərarın icra edilməsi Müəllimi dinləyənlərdən asılı idi. Qəzəb günü yaxın idi. Həmin vaxta kimi artıq İsrail üzərinə düşmüş bəlaların içində bağın yiyəsi mərhəmətlə Öz xalqına barsız əncirin ölə biləcəyi haqqında xəbər verirdi. HD 160.5
Məsihin bu xəbərdarlığı bu gün də səslənməkdədir. Ey qayğısız insanlar, siz də Rəbbin bağında barsız ağac deyilsinizmi? Hökmün sözləri sizə də aid deyildirmi? Nə müddətdir ki, siz Onun ənamlarını alırdınız? Nə müddətdir ki, O sizin həyatınızı müşahidə edirdi və qarşılıqlı məhəbbət gözləyirdi? Allahın üzümlüyündə, bağbanın himayəsi və qayğısı altında olaraq, necə böyük imkanlara malik idiniz! Müjdənin xəbəri nə qədər tez-tez sizin ürəyinizə toxunurdu! Siz Məsihin adını daşıyırsınız. Zahirən siz hətta Onun bədəni olan imanlılar cəmiyyətinə mənsubsunuz. Yenə də siz dərk etmirsiniz ki, böyük məhəbbət ürəyi ilə canlı ünsiyyətiniz yoxdur. Onun həyatının axını sizin içinizdən axmır. Onun xasiyyətinin müsbət cəhətləri, “Ruhun ənamları” sizin həyatınızda büruzə edilmir. HD 161.1
Məhsulsuz ağac həm yağışı, həm günəş işığını, həm də bağbanın diqqət və qayğısını alır. O, başqaları kimi, torpağın şirələri ilə qidalanır. Lakin onun barsız budaqları yalnız torpağa kölgə salır və məhsuldar bitkilərin böyüməsinə mane olur. Beləcə də, bolluqla sizin üzərinizə axıdılan İlahi ənamlar dünyaya xeyir-dua gətirmir. Siz başqalarının malik ola biləcəkləri xeyir-duanı alırsınız. HD 161.2
Tam aydınlıqla olmasa da, dərk edirsiniz ki, yer üçün yüksünüz. Lakin yenə də Öz böyük rəhminə görə Allah sizi kəsmir. O sizə soyuq baxışla baxmır. Sizdən laqeydliklə dönüb, ölüm ayağında qoymur. İnsana baxarkən, neçə əsr əvvəl qədim İsrail üçün ağladığı kimi, acı-acı hönkürür: “Ey Efrəyim, səni necə əldən verim? Ey İsrail, səni necə təslim edim?.. Mən qızğın qəzəbimlə rəftar etmərəm, Efrayimi artıq məhv etmərəm. Çünki Mən Allaham, insan deyiləm” (Huş. 11:8, 9). Mərhəmətli Xilaskar һәг birimiz haqqında deyir: “Ona bu il də toxunma, Mən onun ətrafını belləyər və peyinlə dövrəyə alaram”. HD 161.3
Uzun sınaq müddəti boyunca necə yorulmaz məhəbbətlə Məsih İsrailə xidmət edirdi. O, çarmıxda yalvarırdı: “Ata! Onları bağışla, zira nə etdiklərini anlamırlar” (Lk. 23:34). Onun yüksəldilməsindən sonra Müjdə əvvəl Yerusəlimdə təbliğ edildi. Elə orada da Müqəddəs Ruh Onun şagirdlərinin üzərinə endi. Elə orada da ilk imanlılar cəmiyyəti dirilmiş Xilaskarın qüdrətini bəyan etdi. “Mələk üzlü” Stefan da Onun haqqında şəhadət edib öz canını verdi (Həv.iş. 6:15). Göylərin insanlara verə biləcəkləri hər nə vardırsa, əvvəl Yerusəlimə bəxş edilmişdi. Məsih dedi: “Bağım üçün etmədiyim şey qalmadı” (Yeş. 5:4). Eləcə də sizin üçün Onun qayğısı və əməyi zəifləmir, əksinə çoxalır. O hələ də deyir: “Mən, Rəbb, bağı qoruyuram, tez-tez sulayıram, gecə-gündüz keşiyində dururam ki, heç kəs ona zərər verməsin” (Yeş. 27:3). HD 162.1