Rəbbin üzüm bağı
(Mt. 21:33-44)
Iki oğul haqqında məsəlin ardınca üzüm bağı haqqında məsəl gəlir. Birincisində Məsih ibrani xalqının müəllimlərinə Allaha itaət etməyin vacibliyindən danışır. İkincisində isə O, İsrailə bəxş edilmiş zəngin xeyir-dualara işarə edir və Allahın onlardan gözlədiyi itaətkarlıq tələbinin ədalətli olduğunu deyir. O, dinləyicilər qarşısında Allahın məqsədinin böyüklüyünü açaraq, bunun Ona tabe olmaqla yerinə yetəcəyini göstərir. Gələcəyin üzərindən örtüyü götürərək göstərir ki, Onun niyyətini icra etməkdən imtina edən xalq Onun xeyir-duasını almayacaq və fəlakətə uğrayacaqdır.HD 217.1
“Ev sahibi olan bir adam var idi. Üzüm bağı saldı, — deyir Məsih, — ətrafını da hasarladı, içində bir üzümsıxan qazdı, bir qüllə tikdi və bağı bağbanlara icarəyə verib başqa məmləkətə getdi”.HD 217.2
Bu üzüm bağının təsvirini Yeşaya peyğəmbər verir: “Sevgilimin üzüm bağı barəsində məhəbbət nəğməsini oxuyuram: torpağın məhsuldar bir təpəsində sevgilimin bir üzüm bağı var idi. O, torpağı belləyib daşları kənara atdı, seçmə meynələr əkdi, ortada gözətçi qülləsi tikdi, üzümsıxan düzəltdi, üzümlüyün barını gözlədi” (Yeş. 5:1, 2).HD 217.3
Ev sahibi torpaq seçdi, onu hasarladı, təmizlədi, bellədi və seçilmiş üzüm basdıraraq, bərəkətli məhsul gözlədi. O gözləyirdi ki, indi ətrafındakı xam yerdən olduqca fərqlənən torpaq onun çəkdiyi zəhmət və qayğınınHD 217.4
müqabilində məhsul verəcək və ona şərəf gətirəcəkdir. Eləcə də Allah dünyadan bir xalqı seçdi ki, o, Məsih tərəfindən tərbiyə və nəsihət alsın. Peyğəmbər deyir: “İsrail nəsli Ordular Rəbbinin üzüm bağıdır, Yəhuda adamları isə Onun sevimli meynələridir” (Yeş. 5:7). Bu xalqa Allah böyük üstünlüklər verərək, Öz səxavətli əli ilə onlara bolluca xeyir-dua verdi. O gözləyirdi ki, bu adamlar Onu məhsul gətirməklə izzətləndirəcəklər. Onlar hamıya Allahın Padşahlığının prinsiplərini açmalı idilər. Bu düşkünləşmiş günahkar dünyada onlar Allahın xasiyyətini nümayiş etdirməli idilər.HD 218.1
Rəbbin üzüm bağı olaraq, onlar bütpərəst xalqların gətirdikləri məhsula tamamilə oxşamayan məhsul verməli idilər. Bu bütpərəst xalqlar tamamilə günahlı əməllərə cəlb edilmişdilər. Zorakılıq və cinayət, tamahkarlıq və istibdad, hər cür öldürücü adətlər hər hansı bir məhdudiyyətsiz bu xalqların həyatını doldururdu. Pozğunluq, çürümə və fəlakət bu cır ağacların məhsulları idi. Allahın basdırdığı tənəklərin məhsulları onlar kimi olmamalı idi.HD 218.2
İbrani xalqının xüsusi imtiyazı Allahın xasiyyətini Musaya açıldığı kimi nümayiş etdirmək idi. Musanın “İzzətini mənə göstər” duasına Rəbb cavab verərək vəd edir: “Mən bütün xeyirxahlığımı sənin qarşından keçirəcəyəm və Rəbb olan adımı qarşında bəyan edəcəyəm” (Çıx. 33:19). “Musanın qarşısından keçərək dedi: Rəbb Mənəm, rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, bol məhəbbətli və sədaqətliyəm, minlərlə nəslinə məhəbbətimi göstərərəm, cəzanı, asiliyi və günahı bağışlayaram; lakin cəzasız qoymaram, ataların cəzasını üçüncü-dördüncü nəslə qədər nəvə-nəticələrinə verərəm” (Çıx. 34:6, 7). Allah Öz xalqından da belə məhsul gözləyirdi. Ürəklərinin təmizliyi ilə, həyatlarının qüdsiyyəti ilə, mərhəmətli, xeyirxah və şəfqətli olmaları ilə onlar göstərməli idilər ki, “Rəbbin qanunu kamildir, canı təzələyir” (Məz. 19:7).HD 218.3
Allahın məqsədi ibrani xalqının vasitəsilə bütün digər xalqlara bolbol xeyir-dua vermək idi. İsrail vasitəsilə Onun nurunun parıltısı bütün dünyaya yayılmalı idi. Dünya xalqları öz pozğun ehtirasları və adətləri ardınca gedərək, Allah bilgisini unutdular. Buna baxmayaraq, Öz mərhəmətilə Allah onları yer üzündən silmədi. O onlara Öz imanlılar cəmiyyəti vasitəsilə Onu tapmaq imkanı verdi. O istəyirdi ki, Onun xalqı vasitəsilə açılmış ruhlu prinsiplər, insanda Allahın ruhlu surətini bərpa etməyə kömək etsin.HD 218.4
Məhz bu məqsədə görə Allah İbrahimi öz bütpərəst ətrafından ayrılıb Kənan torpağına getməyə təhrik etdi. “Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan” (Yar. 12:2).HD 219.1
İbrahimin törəmələri Misirə gətirildilər ki, bu çoxsaylı və günahkar xalqın içində onlar Allahın Padşahlığının prinsiplərini aça bilsinlər. Yusifin paklığı və onun bütün Misir xalqının həyatının xilası üçün gördüyü heyrətamiz işləri Məsihin xasiyyətinin gözəlliyini nümayiş etdirirdi. Musa və İbrani xalqının bir çox digər nümayəndələri də Allah haqqında şəhadət edənlər idilər.HD 219.2
İsraili Misirdən çıxararaq, Rəbb yenə də Öz gücünü və Öz mərhəmətini göstərir. Onun ibraniləri köləlikdən azad etmək üçün gördüyü heyrətamiz işləri, onlar səhrada olduqları zaman göstərdiyi himayə və mərhəmət yalnız bu xalqa qarşı xeyirxahlıq deyildi. Bunlar bütün ətraf xalqlar üçün ibrətamiz dərslər idi. Bununla Rəbb Özünü xalqlara hər cür insan hakimiyyətindən və insan ucalığından yüksək olan Allah kimi nümayiş etdirirdi. Onun Öz xalqı naminə göstərdiyi əlamət və möcüzələr Onun təbiət üzərində və təbiətə səcdə edənlərin ən dahiləri üzərində hakim olduğuna şəhadət edirdi. Allah qürurlu Misir torpağı üzərindən axır günlərdə yer üzərindən keçəcəyi kimi keçdi. Od və tufanla, zəlzələ və ölümlə böyük “Mən Var Olanam” Öz xalqını xilas elədi. O onları quldarlıq ölkəsindən çıxardı. Onları “böyük və qorxunc səhradan, zəhərli ilan və əqrəblərlə dolu olan susuz şoran torpaqlardan” keçirdi (Qan.tək.8:15). O “onlara yemək üçün manna yağdırdı, göylərin taxılını verdi” (Məz. 78:24). “Çünki Rəbbin payı Öz xalqıdır, — Musa dedi, — Yaqub Onun payına düşən mirasıdır. Onu quraq bir torpaqda, uğultulu boş — biyaban səhrada tapdı. Bir sipər kimi onu hifz etdi. Göz bəbəyi kimi onu qorudu. Yuvasında balalarını sövq etdirərək uçuran, onların üzərində qanad çalan, qanadlarını açıb onları tutan, pərlərinin üzərində aparan qartal kimi, ona yol göstərən yalnız Rəbb idi. Yanında özgə bir allah yox idi” (Qan.tək. 32:9-12). Beləliklə, onları Özününkü etdi ki, onlar Uca Olanın qanadları altında qala bilsinlər.HD 219.3
Məsih İsrail övladlarının səhrada gəzdikləri zaman da rəhbəri idi. Gündüz buludda, gecə isə odda gizlənərək onlara istiqamət verirdi. O onları səhradakı təhlükələrdən qorudu, vəd edilmiş torpağa gətirdi və Allahı tanımayan bütün xalqların qarşısında İsraili Öz şəxsi mirası kimi, Rəbbin üzüm bağı kimi təsdiqlədi.HD 220.1
Bu xalqa İlahi vəhy verilmişdi. Bu xalqın hasarları Onun qanununun müddəaları, əbədi həqiqət, salehlik və paklıq prinsipləri idi. Bu prinsiplərə riayət etmək onlar üçün mühafizə olmalı idi və onları günahkar işlərlə özlərini məhv etməkdən qorumalı idi. Üzüm bağındakı qüllə kimi, Allah da vəd edilmiş torpağın içində Öz müqəddəs məbədini yerləşdirdi.HD 220.2
Səhrada olduğu kimi, indi də Məsih İsrail xalqının müəllimi və onun rəhbəri idi. Qurbangah və məbəddə Onun izzəti daim əqdəsdə əhd sandığının üstündə idi. Allah daim seçdiyi xalqa Öz məhəbbətinin və çoxsəbirliliyinin zənginliyini göstərirdi.HD 220.3
Allah Öz xalqını tərif və şərəf içində yüksəltmək istəyirdi. Bu xalqa bütün ruhlu üstünlüklər verilmişdi. Allah ondan heç nəyi əsirgəmədi ki, bu onlarda Onun haqqında yanlış təsəvvür formalaşdıra bilməsin.HD 220.4
İbranilərin İlahi Qanuna riayət etmələri onların bütün dünya qarşısında möcüzəli inkişafına səbəb olardı. Onlara ilkin müdriklik və bacarıq verən Şəxs, bundan sonra da onların müəllimi olaraq, Öz qanunlarına riayət etmək vasitəsilə onları daha çox yüksəldə və nəcibləşdirə bilərdi. Onlar itaətkar olsaydılar, özlərini xəstəliklərdən qoruyar və daha çox əqli xeyir-dualar alardılar. Onların inkişafında Allahın izzəti, Onun qadirliyi və qüdrəti izhar olunmalı idi. Onlar kahinlər və padşahlar xalqı olacaqdılar. Allah onların yer üzündə ən böyük xalq olmaları üçün hər cür xeyir-dua verəcəkdi.HD 220.5
Məsih, Musanın vasitəsilə aydın surətdə İsrail qarşısında Allahın məqsədini qoydu və onların inkişafının şərtlərini göstərdi. “Siz Allahınız Rəbbin müqəddəs xalqısınız. O sizi yer üzündəki bütün xalqlar içərisindən Özünə məxsus xalq olaraq seçdi. Rəbbin sizi sevməsi, seçməsi o biri xalqlardan daha çox olduğunuz üçün deyil. Həqiqət, siz onlardan azsınız. Rəbb sizi sevdiyi və atalarınıza verdiyi vədi yerinə yetirmək istədiyi üçün qüdrətli əli ilə sizi Misirdən çıxartdı. O sizi köləlik diyarından, Misir padşahı firondan satın aldı. Bilin ki, Allahınız Rəbb əsl Allahdır. O, vəfalı Allahdır. Əhdinə sadiq qalıb Onu sevənlərin, əmrlərini yerinə yetirənlərin minlərlə nəslinə məhəbbətini göstərər. Ona nifrət edənləri isə qisas alaraq məhv edəcək. Onlardan qisasını almağa gecikməyəcək, mütləq edəcək. Ona görə sizə bu gün buyurduğum əmrləri, qanunları və hökmləri diqqətlə yerinə yetirin. Əgər bu əmrlərə qulaq asıb diqqətlə əməl edəcəksinizsə, Allahınız Rəbb ata — babalarınıza etdiyi anda sadiq qalıb məhəbbətini göstərəcək. O sizi sevəcək, bərəkətli edib çoxaldacaq. Sizə vermək üçün atalarınıza and etdiyi torpaqda, bətndən doğulanlarınızı, torpağınızın bəhrəsini, buğdanızı, təzə şərabınızı, zeytun yağınızı, mal — qaranızın və qoyun — keçilərinizin balalarını bərəkətli edəcək. O biri xalqlardan daha çox siz xeyir-dua alacaqsınız... Rəbb üzərinizdən bütün xəstəlikləri götürəcək. Sizi Misirdə gördüyünüz dəhşətli xəstəliklərin heç birinə məruz qoymayacaq” (Qan.tək. 7:6-15).HD 221.1
Əgər onlar onun əmrlərini yerinə yetirsəydilər, Allah onlara buğdanın ən yaxşısını verməyi və onlardan ötrü qayadan bal çıxaracağını vəd etmişdi. Onlara uzun ömür bəxş edəcək və xilasını açacaqdı.HD 221.2
Allaha itaətsizliklərinə görə Adəm və Həvva Ədəmi itirdilər, onların günahı üzündən isə bütün yer lənətləndi. Fəqət Allahın xalqı Məsihin öyüdlərinə riayət etsə idi, onun torpağının bərəkəti və gözəlliyi bərpa olacaqdı. Allah insanlara torpağın becərilməsinə dair Özü nəsihət verdi; onlar onun bərpa edilməsində yalnız Onunla əməkdaşlıq etməli idilər. Bütün dünya Allahın idarəsi altında olaraq, mənəvi həqiqətin təsviri dərsi olardı. Torpaq Allahın təbiətdə qoyduğu qanunlara uyğun olaraq öz məhsulunu verdiyi kimi, insanların ürəkləri də Onun ruhlu qanununa tabe olaraq, Onun xasiyyətinin keyfiyyətlərini əks etdirə bilərdi. Hətta bütpərəstlər də canlı Allaha xidmət və səcdə edənlərin üstünlüyünü etiraf edərdilər.HD 222.1
“Baxın, — Musa deyir, — Allahım Rəbbin mənə əmr etdiyi qayda və hökmləri sizə öyrətmişəm ki, mülk olaraq almaq üçün daxil olacağınız torpaqda bunlara əməl edəsiniz. Onlara diqqətlə riayət edin. Bu, digər xalqlara nə qədər müdrik və aqil olduğunuzu göstərər. Onlar bu qaydaları eşidəndə deyəcəklər ki, bu böyük millət həqiqətən müdrik və aqil bir xalqdır! Allahımız Rəbb hər dəfə dua edərkən bizə yaxın olar. Axı hansı millət belə üstündür ki, Allahı ona bu cür yaxın olsun? Hansı millət belə üstündür ki, bu gün qarşınıza gətirdiyim bu Qanun kimi ədalətli qaydalara və hökmlərə malik olsun?” (Qan.tək. 4:5-8).HD 222.2
İsrail övladları Allahın onlar üçün nəzərdə tutduğu bütün ərazidə yayılmalı idilər. Bu torpaqlar İsrailə həqiqi Allaha səcdə və xidmət etməyən xalqlardan verilməli idi. Lakin Allahın məqsədi israillilərin vasitəsilə Öz xasiyyətini açaraq, digər xalqları da Özünə cəlb etmək idi. Müjdənin dəvəti bütün dünyaya verilmişdir. Qurbanlıq mərasimində açılan təlim vasitəsilə Məsih bütün xalqlar qarşısında yüksəldilməli idi və Ona iman edən hər kəs yaşaya bilərdi. Kənanlı Rahav və Moavlı Rut kimi, bütpərəstlikdən dönüb həqiqi Allaha ibadət etməyə başlayan hər kəs Onun seçdiyi xalqla birləşməli idi. İsrailin sakinlərinin sayı artdıqca onun sərhədləri bu padşahlıq bütün dünyanı əhatə edənə qədər genişlənməli idi.HD 222.3
Allah istəyirdi ki, bütün xalqlar Onun mərhəmətli rəhbərliyini qəbul etsinlər. O istəyirdi ki, yer üzü sevinc və sülh ilə dolsun. O insanı səadət üçün yaratmışdır və insanların qəlblərini səmavi sülh ilə doldurmağa çalışır. O arzu edir ki, burada, dünyada insan ailələri böyük səma ailəsinin simvolu olsunlar.HD 223.1
Fəqət İsrail Allahın məqsədini yerinə yetirmədi. Rəbb nida etdi: “Mən səni gözəl meynə, tər-təmiz toxum kimi əkmişdim. Sən necə əleyhimə çıxıb cır, yabanı meyvə oldun?” (Yer. 2:21). “İsrail bir qollubudaqlı meynədir ki, bol-bol bar gətirir” (Huş. 10:1). “İndi isə xahiş edirəm, ey Yerusəlimdə yaşayanlar, ey Yəhuda adamları, mənimlə üzüm bağımın arasında hakim olun! Bağım üçün daha nə etməliyəm? Üzümlüyün barını gözləyərkən axı nə üçün bağım cır üzüm gətirsin? İndi qoy mən sizə bağımla nə edəcəyimi bildirim: çəpərini sökəcəyəm və meynələrini heyvanlar yeyib qurtaracaq, hasarını yıxacağam və onlar tapdalanacaq. Oranı viranəliyə çevirəcəyəm, oranı nə budayacaqlar, nə də belləyəcəklər. Orada tikan və qanqal bitəcək, buludlara əmr edəcəyəm ki, üzərinə yağış yağmasın. İsrail nəsli Ordular Rəbbinin üzüm bağıdır, Yəhuda adamları isə Onun sevimli meynələridir. O, ədalət gözləyirdi, budur, zorakılıq gördü, O, salehlik gözləyirdi, budur, fəryadlar gördü!” (Yeş. 5:3-7).HD 223.2
Rəbb Musa vasitəsilə Öz xalqına onun sədaqətsizliyinin nəticələrini göstərdi. Onun əhdini qorumaqdan imtina etməklə, özlərini Allahda olan həyatdan ayırırdılar və Onun xeyir-duaları onlara çatmazdı. “Bu gün sizə buyurduğum Rəbbin əmr, hökm və qanunlarına riayət edin, — Musa deyirdi. — Yeyib doyanda, gözəl evlər tikib içərisində oturanda, naxırınız, sürünüz çoxalanda, qızıl-gümüşünüz və hər şeyiniz artanda ürəyiniz qürurla dolmasın. Diqqət edin ki, sizi Misir torpağından — köləlik diyarından çıxaran Allahınız Rəbbi unutmayasınız. Rəbb sizi o böyük və qorxunc səhrada, zəhərli ilan və əqrəblərlə dolu olan o susuz şoran torpaqlarda gəzdirdi, sizə sərt qayalardan su çıxartdı. Sizi atalarınıza məlum olmayan manna ilə qidalandırdı. Xoş güzəranınız olsun deyə qürurunuzu sındıraraq sizi sınaqdan keçirdi. Ürəyinizdə “biz öz qabiliyyətimizlə və biləyimizin gücü ilə bu sərvəti qazandıq” deməyəsiniz. Unutmayın ki, bu sərvəti qazanmaq qabiliyyətini sizə verən Allahınız Rəbdir. O bunu edir ki, bugünkü kimi atalarınıza vəd verərək sizinlə kəsdiyi əhdi yerinə yetirsin. Əgər Allahınız Rəbbi unudub başqa allahların ardınca getsəniz, onlara sitayiş edərək səcdə etsəniz, bu gün sizin qarşınızda şəhadət edirəm ki, mütləq məhv olacaqsınız! Allahınız Rəbin sözünə qulaq asmasanız, Rəbb sizin qarşınızda millətləri yox etdiyi kimi, sizi də yox edəcək” (Qan.tək. 8:11-20).HD 223.3
İsrail xalqı bu xəbərdarlığa fikir vermədi. O heç nəyə baxmayaraq Allahı unutdu və Onun bu dünyada təmsilçisi olmaq kimi yüksək üstünlüyü nəzərdən qaçırdı. Onun aldığı xeyir-dualar bütün dünya üçün nəzərdə tutulmuşdur. Malik olduğu bütün üstünlüklər özünün izzətləndirilməsi üçün sərf edildi. Onlar Allahdan Onun tələb etdiyi xidməti, yaxınlarından isə dini rəhbərliyi və müqəddəslik nümunəsini oğurlayırdılar. Daşqından əvvəlki dünyanın sakinləri kimi, onlar öz yaman ürəklərinin hər cür istəklərini ödəmək yolu ilə gedirdilər. Onlar Müqəddəs mərasimləri əyləncəyə çevirərək deyirdilər: “Burada Rəbbin məbədi var, Rəbbin məbədi var, Rəbbin məbədi var” (Yer. 7:4) və eyni zamanda, Allahın xasiyyətini təhrif edirdilər, Onun adını şərəfsiz edirdilər və Onun əqdəsini murdarlayırdılar.HD 224.1
Rəbbin üzüm bağına xidmət etmək tapşırılmış bağbanlar onlara göstərilmiş etibarı doğrultmadılar. Kahin və müəllimlər xalqın həqiqi öyüd verənləri olmadılar. Onlar xalqa Allahın xeyirxahlığını, Onun mərhəmətini və Onun onlardan məhəbbət və sədaqətli xidmət gözləməyə hüququ olduğunu nümayiş etdirmədilər. Onlar yalnız özlərinin izzətlənməsi üçün can atırdılar. Əslində üzüm bağının məhsulunu onlar özlərinə götürmək fikrində idilər. Onlar hörmət və diqqəti özlərinə cəlb etmək istəyirdilər.HD 224.2
İsrail rəhbərlərinin təqsiri adi günahkarın təqsirindən fərqli idi. Bu adamlar Allah qarşısında xüsusi məsuliyyət daşıyırdılar. Onlar öz üzərlərinə “Rəbb deyən kimi” öyrətmək və öz gündəlik həyat tərzlərilə Allaha itaətkarlıq nümunəsi olmaq işini götürmüşdülər. Bunun əvəzinə onlar Yazıları təhrif edirdilər. Onlar insanların üzərlərinə onların hər addımını izləyən gərəksiz mərasimlərin ağır yükünü qoymuşdular. Kahinlərin onların üzərinə qoyduqları tələbləri yerinə yetirə bilmədiklərinə görə, insanlar daim narahatlıq içində idilər. Onlar insanların icad etdikləri bütün qaydalara riayət etməyin mümkün olmadığını görərək, bu nəticəyə gəlirdilər ki, Allahın əmrlərinə də qayğısız və etinasız olmaq olar.HD 225.1
Rəbb Öz xalqını öyrədirdi ki, üzüm bağının sahibi məhz Odur, insanların malik olduqları hər şey onlara Allah tərəfindən etibar edilmişdir və Onun məqsədlərinə xidmət etmək üçün istifadə olunmalıdır. Lakin kahin və müəllimlər onlara etibar edilmiş müqəddəs tapşırığı yerinə yetirməyərək, Allahın mülkiyyətini əmr oldunduğu kimi sərf etmədilər. Onlara etibar edilən və Onun işini yerinə yetirmək üçün nəzərdə tutulmuş vəsait və qabiliyyətləri özününkü edərək, daim Allahdan oğurlayırdılar. Onların tamahkarlığı və hərisliyi hətta bütpərəstlərin də nifrətinə səbəb olurdu. Bütün bunların nəticəsində bütpərəst dünyası Allah və Onun padşahlığının qanunları haqqında səhv təsəvvür əldə etdi.HD 225.2
Ata təhəmmülü ilə Allah Öz xalqının ürəyinə yol axtarırdı. O onlara Öz yaxşılıqlarını verərək, yaxud alaraq təsir etməyə çalışırdı. Təhəmmül və inadla insanların günahlarını göstərərək gözləyirdi ki, onlar öz günahlarını dərk edib tövbə edəcəklər. Allah onların yanına peyğəmbər və elçilər göndərirdi, onlar inadla Allahın onlara bağban kimi təqdim etdiyi tələblərini xatırladırdılar, fəqət İsrail xalqı onları dinləmirdi. Əksinə, onları düşmən kimi qarşılayırdılar, təqib edir və öldürürdülər. Allah onların yanına digər elçilər göndərirdi, fəqət onlarla da əvvəlkilər kimi davranırdılar, lakin daha böyük nifrətlə.HD 225.3
Nəhayət, Allah sonuncu vasitəyə əl atdı, O Öz Oğlunu göndərib dedi: “Oğluma hörmət edərlər”. Lakin əvvəlki müqavimətləri onları daşlaşdırdı və “aralarında dedilər: Varis budur, gəlin onu öldürək ki, miras bizə qalsın”. Onlar üzüm bağını qəsb edib, onun məhsulu ilə özləri istədikləri kimi rəftar etmək istəyirdilər.HD 225.4
Yəhudi rəhbərləri Allahı sevmirdilər; buna görə onlar özlərini Ondan ayırdılar və Onun Öz mülkiyyətinə olan tələblərinin ədalətli olduğunu sübut etmək üçün bütün cəhdlərini rədd etdilər. Məsih, Allahın Sevimlisi gəldi ki, üzüm bağının Sahibinin tələblərini təqdim etsin, fəqət bağbanlar Ona açıq nifrət hissi ilə yanaşaraq, dedilər: “biz istəmirik ki, bu adam bizim padşahımız olsun”. Onlar Məsihin xasiyyətinin gözəlliyinə paxıllıq edirdilər. Onun təlim üsulları onların şəxsi metodlarını qatqat üstələdiyinə görə onlar Onun müvəffəqiyyətindən qorxurdular. O onlara xəbərdarlıq və töhmət edərək onların riyakarlığını ifşa edir və əməllərinin gələcəkdə baş verəcək nəticələrini açırdı. Onlar təkzib edə bilmədikləri töhmətlərə dözə bilmirdilər. Məsihin nümayiş etdirdiyi yüksək salehlik nümunəsinə nifrət edirdilər. Onlar görürdülər ki, Onun təlimi onları elə bir vəziyyətə salır ki, bu zaman onların eqoizmi aşkar olur. Onlar Onu öldürmək qərarına gəldilər. Onlar Məsihin gördüyü hər işində üzə çıxan doğruluq, möminlik və yüksək ruhanilik nümunələrinə nifrət edirdilər. Onun bütün həyatı onların özünəməhəbbət hisslərinə toxunurdu və sonuncu sınaq vaxtı gəldiyi zaman, onlar əbədi həyat verən itaət və əbədi ölümə aparan itaətsizlik arasında seçməli olduqları zaman İsrail Müqəddəsini rədd etdilər. Məsihi, yaxud Barabbanı seçmək təklif edilən zaman onlar qışqırdılar: “Onu rədd et! Lakin bizə Barabbanı sərbəst burax!” (Lk. 23:18). Pilat soruşanda ki, “Elə isə Məsih deyilən İsaya nə edim?” onlar səbirsizliklə bağırdılar: “Çarmıxa çəkilsin!” (Mt. 27:22). Pilat onlara dedi: “Padşahınızı çarmıxamı çəkim?” Baş kahinlər cavab verdilər: “Qeysərdən başqa padşahımız yoxdur” (Yəh. 19:15). Pilat: “Mən bu Salehin qanı üçün cavabdeh deyiləm”, — deyib xalq qarşısında əllərini yuyandan sonra, bütün xalq cavab verib dedi: “Onun qanı bizim və uşaqlarımızın üzərinə olsun” (Mt. 27:24, 25).HD 226.1
İsrail rəhbərləri öz seçimlərini etdilər. Onların qərarı Yəhyanın gördüyü taxtda Oturanın əlində olan və insanlardan heç birinin aça bilmədiyi kitabda yazılmışdır. Özünün bütün amansızlığı ilə bu qərar Yəhuda nəslindən olan Aslan tərəfindən həmin böyük gündə kitab açıldığı zaman onların qarşısına qoyulacaqdır.HD 227.1
Yəhudi xalqı ümid bəsləyirdi ki, o, səmanın sevimlisidir, Allahın imanlılar cəmiyyəti kimi daim yüksəlmiş olmalıdır. İbrahimin övladları olmaları ilə qürrələnən yəhudilər öz firavanlıqlarının əsasını o qədər möhkəm sayırdılar ki, həm yerin, həm də göyün onları yüksək imtiyazlardan məhrum edə bilməyəcəyini düşünürdülər. Lakin öz günahkar həyatları ilə özləri üçün Göylərin mühakiməsini və Allahdan ayrılmağı hazırladılar.HD 227.2
Üzüm bağı haqqında məsəli söyləyərkən, Məsih kahinlərə onların sonuncu günahkar fəaliyyətlərini nümayiş etdirdi və axırda onlara sual verdi: “İndi bağın sahibi gəldiyi zaman bu bağbanlara nə edəcəkdir? Hekayə ilə cəlb edilmiş, fəqət deyilənlərin özlərinə aidiyyəti haqqında düşünməyərək, kahinlər digər dinləyicilərə qoşulub belə cavab verdilər: “Bu pis adamları qorxunc bir ölümə uğradacaq və bağı elə bağbanlara icarəyə verəcək ki, məhsulunu mövsümündə ona versinlər”.HD 227.3
Onlar istəməyərəkdən özləri üçün hökm verdilər. İsa onlara nəzər saldı və Onun sınayıcı baxışları altında başa düşdülər ki, O onların ürək sirlərini oxuyur. Onun İlahi mahiyyəti onların qarşısında təkzibolunmaz qüvvə ilə parladı. Onlar birdən bağbanlarda özlərini görüb fəryad etdilər: “Allah, rəhm et!”HD 227.4
Dərin hüznlə Məsih onlara dedi: “Siz Yazılarda: “Bənnaların rədd etdikləri daş, küncün başı oldu. Bunu Rəbb etdi və bu bizim üçün heyrətli iş oldu” sözlərini heç oxumamısınızmı? Buna görə sizə deyirəm ki, Allahın Padşahlığı sizdən alınıb, Onun meyvələrini yetişdirəcək bir millətə veriləcəkdir. Bu daşın üstünə yıxılan parçalanacaq, o isə kimin üzərinə düşərsə, onu əzəcəkdir”.HD 227.5
Əgər bu adamlar Onu qəbul etsəydilər, Məsih ibrani xalqının üzərindən hökmü götürərdi. Lakin paxıllıq və qısqanclıq onları barışmaz etdi və onlar Nazaretli İsanı Məsih kimi qəbul etməmək qərarını verdilər. Onlar dünyanın İşığını rədd etdilər və buna görə onların həyatı gecəyarısı zülmətinə qərq oldu. Yəhudi xalqı üzərində ona xəbərdarlıq edilmiş hökm icra edildi. Şəxsi idarəolunmaz yaman hissləri onları məhvə doğru apardı. Kor qəzəb içində adamlar bir-birini məhv edirdilər. Öz üsyankar, yenilməz qürurları ilə Roma fatehlərinin qəzəbinə düçar oldular. Yerusəlim bünövrəsinə qədər uçuruldu, məbəd xarabalığa çevrildi, onun dayandığı уег isə belləndi. Yəhudi övladları ən dəhşətli ölümlə ölürdülər. Onlardan milyonları bütpərəstlərə qul kimi satıldılar.HD 228.1
Bir xalq kimi, yəhudilər Allahın məqsədini yerinə yetirmədilər və üzüm bağı onlardan alındı. Onların öz məqsədləri üçün istifadə etdikləri üstünlüklər, onların hörmətsizlik göstərdikləri iş — bütün bunlar digərlərinə tapşırıldı.HD 228.2