Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Dəlicə buğda

    (Mal. 13:24-30, 37-43)

    “İsa onlara başqa bir məsəl də söyləyib dedi: Səmavi Səltənət tarlasına yaxşı toxum əkən bir adama bənzəyir; adam yatarkən, onun düşməni gəlib buğdaların arasına dəlicə buğda səpib getdi. Buğda böyüyüb səmərə verdiyi zaman dəlicələr də göründü”.HD 42.1

    Məsih davamında onlara dedi: “Tarla dünyadır”. Aydındır ki, burada söhbət Məsihin dünyadakı imanlılar cəmiyyətindən gedir. Bu məsəl Allahın Padşahlığını nümayiş etdirir, Məsihin adamları xilas etmək işini göstərir, bu iş isə imanlılar cəmiyyətinin köməyilə görülür. Sözsüz ki, Müqəddəs Ruh dünyanın hər yerində mövcud olaraq adamların qəlbinə təsir edir, lakin Allahın Padşahlığı üçün məhsulun bitirilməsi və yetişdirilməsi məhz imanlılar cəmiyyətində baş verir.HD 42.2

    “Yaxşı toxum səpən İnsan Oğludur... yaxşı toxum Səmavi Səltənətin oğullarıdır, dəlicə buğdalar isə şeytanın oğullarıdır”. Yaxşı toxum Allah Kəlamından, həqiqətdən doğulmuş adamları nümayiş etdirir. Dəlicə buğdalar isə yalanın məhsulu və təzahürü olan insanları nümayiş etdirir. “Onları səpmiş olan düşmən iblisdir”. Nə Allah, nə də Onun mələkləri heç vaxt dəlicə buğdalar verən toxum səpməyiblər. Dəlicə buğdalar hər zaman Allahın və insanın düşməni olan şeytan tərəfindən əkilir.HD 42.3

    Şərqdə adamlar düşmənindən qisas almaq məqsədilə bəzən onun əkin sahəsinə buğdaya oxşayan alaq otunun toxumlarını səpərdilər. Bu otlar sahədə sürətlə artaraq buğdanı boğur və sahibinə əziyyət və zərər verir. Eynilə iblis də Məsihə olan düşmənçiliyindən Onun Səltənətinə şər toxumları səpir. Özü səpdiyi toxumların məhsulunu isə Məsihin üstünə atır. Məsihin adını daşıyan, lakin Onun keyfiyyətlərini mənimsəməyən adamları imanlılar cəmiyyətinə daxil edərək, şeytan Allahın izzətini kiçiltmək, Onun xilas işini təhrif etmək və beləliklə də, insanları ölümə məhkum etmək istəyir.HD 43.1

    Məsihin xidmətçiləri imanlılar cəmiyyətində həqiqi və yalançı məsihçilərin qarışmasını görüb çox təəssüflənirlər. Onlar nə yollasa imanlılar cəmiyyətini təmizləmək istəyirlər. Məsəldəki mülkədarın qulları kimi, onlar tarlanı dəlicə buğdalardan təmizləməyə hazırdırlar. Lakin Məsih onlara belə deyir: “Xeyr, dəlicələri seçərkən, onlarla bərabər buğdanı da qopararsınız. Biçinə qədər qoy hər ikisi birlikdə böyüsün”.HD 43.2

    Məsih tam aydın şəkildə deyirdi ki, günahda açıq-açığına inad göstərənlər imanlılar cəmiyyətindən kənarlaşdırılmalıdır, lakin imanlının xasiyyətini və davranış motivlərini mühakimə etmək vəzifəsini O bizim üzərimizə qoymayıb. O bizi çox yaxşı tanıdığı üçün, bu məsələni bizə etibar etmir. Əgər biz imanlılar cəmiyyətini yalançı saydığımız adamlardan təmizləməyə başlasaq, mütləq səhvlərə yol vermiş olarıq. Biz çox zaman o adamları ümidsiz hesab edirik ki, Məsih məhz həmin vaxt onları Özünə cəlb edir. Bu insanlarla özümüzün səhv düşüncəmizlə davranmış olsaq, onları axırıncı ümidlərindən məhrum etmiş olarıq. Özlərini məsihçi hesab edənlərin çoxları son anda itəcəklər. Bir çoxları isə yaxınlarının güman etməməyinə baxmayaraq, Göyləri qazanacaqlar. İnsanlar bir-birinin zahiri görkəminə baxıb qiymət verirlər, Allah isə ürəklərə baxır. Dəlicə və buğda biçinə qədər bir yerdə böyüməlidir; biçin isə imtahan dövrünün sonu deməkdir.HD 43.3

    Məsihin sözləri bizə mərhəmətli davranış, heyrətamiz dözüm və həssas məhəbbət dərsini öyrədir. Alaq otları ilə xeyirxah məhsulun kökləri bir-birinə sarıldığı kimi, yalançı qardaşlar da imanlılar cəmiyyətində Məsihin həqiqi davamçıları ilə sıx bağlı ola bilirlər. İmanlı adlandırılanların həqiqi mahiyyətləri zahirən heç cür büruzə verilmir. Onları imanlılar cəmiyyətindən kənarlaşdıran zaman, məhz onlarla yaxın olduqları üçün iman etmiş şəxslər də itirilə bilərlər.HD 44.1

    Bu məsəl Allahın insanlar və mələklərlə necə davrandığını göstərir. İblis — hiyləgər yalançıdır. Göylərdə günah etdiyi zaman, hətta Allaha sadiq mələklər də onun mahiyyətini axıra kimi dərk etmədilər. Məhz buna görə Allah iblisi dərhal məhv eləmədi. O bunu etmiş olsaydı, müqəddəs mələklər Allahın ədalət və məhəbbətini dərk edə bilməzdilər. Allahın mərhəmət və xeyirxahlığına qarşı istər-istəməz yaranacaq şübhə — günah və fəlakətə səbəb olan şər toxumu olacaqdı. Buna görə də şərin atası müvəqqəti olaraq əfv edildi ki, mahiyyəti tam aşkar olunsun. Əsrlər boyu günahın nəticələrini görərək qüssələnən Allah qiymətsiz Qolqota Qurbanını bizə bəxş etdi ki, hiyləgər şeytanın yalanına heç kim uymasın. Alaq otlarını bərəkətli məhsula zərər vermədən qoparmaq olmaz. Göylərin və yerin Rəbbi olan Allah iblisə qarşı dözümlü olduğu kimi, bizim də öz yaxınlarımıza qarşı dözümlü olmağımız lazım deyilmi?HD 44.2

    İmanlılar cəmiyyətinə bəzi yalançılar daxil olduğu üçün məsihçiliyin həqiqiliyinə şübhə edilməməlidir; həmçinin həqiqi imanlılar öz cəmiyyətlərində yalançı qardaşlar olduğundan qüssələnməməlidirlər. İlk imanlılar cəmiyyətini yada salaq: Hananya və Şapira həvarilərə qoşuldular. Ona qədər sehrbazlıq edən Şimon vəftiz edildi. Paveli tərk edən Dimas imanlılardan sayılırdı. Yəhuda İskaryot həvarilər sırasında idi. Xilaskar bir canı belə itirmək istəmirdi; Yəhuda ilə davranışı Onun pozulmuş insan təbiətinə olan səbrini nümayiş etdirir. Məsih bizə də bu qədər səbirli olmağı tövsiyə edir. O xəbərdar edir ki, yalançı qardaşlar əsrin sonuna qədər imanlılar cəmiyyətinə daxil olacaqlar. Lakin Məsihin bu qədər xəbərdarlığına baxmayaraq, indiyə qədər adamlar alaq otlarını qoparmaq istəyirlər. Pis niyyətli adamlar kimi müəyyən ediləndən sonra, onların cəzalandırılması üçün imanlılar cəmiyyəti dövlət idarələrinə müraciət edirdi. Qəbul olunmuş qaydalara əməl etməyənlər həbs olunur, işgəncələr çəkir və öldürülürdülər; bunların hamısı öz əməllərini Məsihə layiq hesab edənlərin fitvası ilə edilirdi. Həqiqətdə isə belə əməllərə Məsihin yox, yalnız şeytanın ruhu ilham verə bilərdi. Bu, dünyaya hakim olmaq istəyən iblisin iş metodudur. Onları eretik adlandırıb amansızcasına məhv edərək, imanlılar cəmiyyəti Allah haqqında təsəvvürü təhrif edirdi.HD 44.3

    Öz məsəlində Məsih bizə başqalarını mühakimə edib günahlandırmaq əvəzinə, barışığı və özünə tənqidi yanaşmağı tövsiyə edir. Tarlaya səpilən dənlərin hamısı faydalı olmadığı kimi, imanlılar cəmiyyətinə mənsub olmaq faktı da həqiqi imanı sübut etmir.HD 45.1

    Alaq otları buğdaya cücərtilər yaşıl olduğu müddətcə bənzəyir; lakin tarla qızılı rəngdə olub biçinə hazır olan zaman, alaq otları öz dənlərinin ağırlığı altında əyilən sünbüllərdən seçiləcək. Eynilə də zahirən imanlı görünən günahkarlar bir müddət Məsihin həqiqi davamçılarından seçilməyəcəklər və onların imanlılara bənzəməsi çoxlarını aldadacaqdır, lakin dünyanın məhsulunun biçini zamanı xeyir və şərin aldadıcı oxşarlığı birdəfəlik məhv ediləcəkdir. Məsihlə birləşmədən, yalnız zahirən imanlılar cəmiyyətinə daxil olmuş adamlar ifşa olunacaqlar.HD 45.2

    Alaq otlarına buğda ilə birlikdə böyüyüb günəşə və yağışa sevinmək ixtiyarı verilibdir; lakin biçin vaxtı siz “salehlə pis adam, Allaha qulluq edənlə etməyən arasındakı fərqi yenə görəcəksiniz” (Məl. 3:18). Göylərin varisinin kim olacağını Məsih Özü həll edəcəkdir. O hər kəsi sözlərinə görə deyil, əməllərinə görə mükafatlandıracaqdır. İnsanın bəyan etdikləri heç nəyi həll etməyəcəkdir. Onun xasiyyəti aqibətini həll edəcəkdir.HD 45.3

    Bütün alaq otlarının bərəkətli buğdaya dönəcəkləri vaxt haqqında Məsih heç nə demir. Buğda ilə alaq otları biçinə kimi, yəni dünyanın sonuna qədər bərabər bitəcəklər. O zaman alaq otlarını toplayıb, yandırmaq üçün dərzlərə bağlayacaqlar; fəqət buğdanı Allahın anbarlarına toplayacaqlar. “O zaman salehlər Atalarının Səltənətində günəş kimi parlayacaqlar”. Onda “İnsan Oğlu mələklərini göndərəcəkdir və onlar pis yola çəkən bütün şeyləri və qanunsuzluq edənləri Onun Səltənətindən toplayacaqlar; onları soba alovuna atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaqdır”.HD 45.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents