Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Тоу paltarı geyməyən adam

    (Mt. 22:1-14)

    Tоу paltarı haqqında məsəl bizə böyük əhəmiyyəti olan dərs verir. Toyun timsalında bəşər ilə İlahinin ittifaqı təsvir edilir; burada toy paltarı yüksək ziyafətdə qonaq olmaq şərəfinə layiq olmuş hər bir kəsin malik olacağı xasiyyəti təsvir edir.HD 239.1

    Bu məsəl də, böyük axşam ziyafəti haqqında olan məsəl kimi, ibrani xalqının rədd etdiyi Müjdə dəvəti və bu dəvətin bütpərəstlərə xitab edildiyindən bəhs edir. Lakin dəvəti rədd edənlərə işarə edərək, bu məsəl daha həyasız təhqirdən və daha dəhşətli qisasdan xəbər verir. Ziyafətə dəvət burada padşahın çağırışıdır. O, hökm etməyə qadir və güclü olan tərəfindən verilmişdir. Bu dəvət böyük şərəfdir. Buna baxmayaraq, göstərilmiş hörmət qiymətləndirilmədi. Hökmdarın nüfuzuna hörmətsizlik edildi. Əgər böyük axşam ziyafəti haqqında məsəldə ev sahibinin dəvəti etinasızlıqla qarşılanmışdısa, bu məsəldə padşahın dəvəti təhqirlər və qətl ilə qarşılanmışdı. Padşahın elçilərini nifrət ilə qarşıladılar, onlarla amansız rəftar etdilər, sonra isə öldürdülər.HD 239.2

    Toy məclisi haqqında məsəldə ev sahibi dəvət edilənlərin ona sayğısızlıq göstərdiklərini gördükdə bəyan etdi ki, onların heç biri axşam ziyafətində iştirak etməyəcəkdir. İndiki məsəldə isə padşaha öz nifrətini bildirənlər, sadəcə, dəvət olunmuşların siyahısından çıxarılmaqdan daha böyük cəza aldılar: “Hökmdar bundan xəbər tutaraq qəzəbləndi və öz qoşunlarını göndərib, o qatilləri məhv etdi, şəhərlərini isə yandırdı”.HD 239.3

    Нәг iki məsəldəki ziyafətdə axırda çoxlu qonaqlar olurlar, lakin ikinci məsəl göstərir ki, orada olanlar bəzi hazırlıq işləri görməli idilər. Ziyafətə hazırlıq görməmiş gələnlər isə qovuldular. “Hökmdar qonaqlara baxmaq üçün girdikdə, orada toy paltarı geyməyən bir nəfəri gördü və ona dedi: Dostum! Sən toy paltarı geyinməmiş buraya necə girdin? O isə susdu. O zaman hökmdar qullarına dedi: Onun əllərini, ayaqlarını bağlayın və götürüb onu çöl qaranlığına atın; orada ağlama və diş qıcırtısı olacaqdır”.HD 240.1

    İnsanları ziyafətə dəvət edənlər Məsihin həvariləri idilər. Bizim Rəbbimiz əvvəl on iki həvari, sonra isə əlavə yetmiş nəfəri göndərdi ki, Allahın Padşahlığının yaxınlaşdığını söyləsinlər və insanları tövbə edib Müjdəyə iman etməyə dəvət etsinlər. Lakin bu çağırış diqqətsiz qaldı. Ziyafətə dəvət olunanlar gəlmədilər. Məsəldə nökərlər bir də göndərildilər. “Budur, mən ziyafətimi hazırladım, öküzlər və bəslənmiş mal-qara kəsilmiş, hər şey hazır, toy məclisinə gəlin”. Bu, yəhudi xalqına Məsihin çarmıxa çəkilməsindən sonra verilmiş xəbərdir; fəqət özünü Allahın xüsusi xalqı adlandıran xalq Müqəddəs Ruhun gücündə ona göndərilmiş Müjdəni rədd etdi. Çoxları onu nifrətlə rədd etdilər. Bəziləri isə xilas dəvətinə və onlara Rəbbin izzətini rədd etdikləri üçün təklif edilmiş əfvə görə o qədər hiddətlənmişdilər ki, qəzəblənərək bu xəbəri gətirənlərin üzərlərinə hücum etdilər. “Sərt təqib başlandı” (Həv. iş. 8:1). Bir çoxları zirzəmilərə atıldılar, Rəbbin bəzi elçiləri — Stefan və Yaqub isə qətl edildilər.HD 240.2

    İbrani xalqı beləliklə Allahın mərhəmətini rədd etdiyini təsdiq etdi. Məsih Öz məsəlində bunun dəhşətli nəticələrini göstərdi: “Hökmdar qəzəbləndi və öz qoşunlarını göndərib o qatilləri məhv etdi, şəhərlərini isə yandırdı”. Burada ifadə edilmiş hökm İbrani xalqının həyatında da icra edildi: Yerusəlim dağıdıldı, millət isə bütün dünyaya səpələndi.HD 240.3

    Ziyafətə olan üçüncü dəvət məsəldə Müjdənin bütpərəstlər arasinda yayılmasını nümayiş etdirir. Padşah dedi: “Toy məclisi hazırdır, fəqət çağırılmış qonaqlar buna layiq deyildilər. Beləliklə, dörd yol ayrıcına gedin və kimi tapsanız, toya çağırın”.HD 240.4

    Hökmdarın qulları “yollara çıxdılar və pis, yaxşı kimi tapdılarsa, hamısını topladılar”. Bu, çox əlvan bir məclis idi. Onlardan bəziləri ziyafətin sahibinə onun dəvətini ilk dəfə rədd edənlərdən çox hörmət bəsləmirdilər. İlk dəfə dəvət olunanlar öz dünyəvi işlərini padşahın ziyafətində iştirak etmək naminə təxirə sala bilmədiklərini güman etdikləri kimi, son dəvəti qəbul edənlərin də çox qismi öz dünyəvi kefləri haqqında düşünürdülər. Onlar yeyib-içməyə gəlmişdilər, fəqət onları çağırmış hökmdarı izzətləndirmək fikrində deyildilər.HD 241.1

    Hökmdar qonaqları görmək üçün onların qarşısına çıxanda onların hər birinin xasiyyəti ona aşkar oldu. Dəvət olunanların hər biri üçün toy geyimi hazırlanmışdı. Bu paltar hökmdarın ənamı idi. Bu paltarı geyinməklə, qonaqlar onları ziyafətə dəvət etmiş ev sahibinə öz hörmətlərini nümayiş etdirirdilər. Lakin qonaqlardan biri paltarını dəyişməmişdi, öz adi geyimində idi. O, hökmdarın tələb etdiyi kimi ziyafətə hazırlaşmamışdı. Onun üçün hazırlanmış və böyük xərc tələb edən geyimə sayğısızlıq göstərmişdi. Bununla o, ağanı təhqir etmişdi. Hökmdarın “Sən toy paltarı geyməmiş buraya necə girdin?” sualına cavab verə bilmədi və beləliklə özünə hökm verdi. “O zaman hökmdar qullarına dedi: Onun əllərini, ayaqlarını bağlayın və çöl qaranlığına atın; orada ağlama və diş qıcırtısı olacaqdır”.HD 241.2

    Bu məsəldə hökmdarın qonaqlarla tanışlığı hökm gününü təsvir edir. Müjdə ziyafətinin qonaqları Allaha xidmət etdiklərini bəyan edənlər, adları həyat kitabında yazılanlardırlar. Lakin özlərini məsihçi hesab edənlərin hamısı Məsihin həqiqi davamçıları deyildirlər. Son mükafat verilməzdən əvvəl həll edilməlidir ki, onlardan kimlər salehlərin mirasını bölüşdürməyə layiqdirlər. Bu qərar Məsihin göy buludlarının üstündəki İkinci Gəlişindən əvvəl qəbul edilməlidir, çünki gəldiyi zaman artıq Öz mükafatını, yaxud cəzasını gətirəcəkdir ki, “hər kəsə öz əməlinə görə ödəsin” (Vəh. 22:12). Artıq O gələnə kimi hər insanın ləyaqəti müəyyən edilərək dəyərləndiriləcək və Məsihin davamçılarının hər birinə əməlləri müqabilində mükafat müəyyən ediləcək.HD 241.3

    Hələ insanlar dünyada yaşadıqları zaman səma həyətlərində istintaq məhkəməsi gedir. Allah özünü Məsihin davamçısı adlandıran hər kəsin həyatını təhlil edir. Hər kəsin işinə səma kitablarında olan qeydlərə müvafiq şəkildə baxılır və orada yazılmış işlərə uyğun şəkildə hər adamın əbədi aqibəti müəyyən edilir.HD 242.1

    Məsəldəki toy paltarı timsalında rəmzi olaraq Məsihin həqiqi davamçılarının malik olacaqları pak, ləkəsiz xasiyyət təsvir edilmişdir. İmanlılar cəmiyyətinə “geymək üçün parlaq, təmiz, zərif kətan verildi. Zira zərif kətan müqəddəslərin saleh işləridir” (Vəh. 19:8). Ondan ötrü ki, “cəmiyyətdə ləkə, qarışıq, yaxud başqa qüsur olmasın” (Ef. 5:27). Zərif kətan — Məsihin Öz salehliyidir, Onun şəxsi qüsursuz xasiyyətidir, bu xasiyyət iman vasitəsilə Məsihi özünün şəxsi Xilaskarı kimi qəbul edən hər adama bəxş edilir.HD 242.2

    Qüsursuzluğun ağ paltarlarını bizim əcdadlarımız Allah tərəfindən müqəddəs Ədəmdə məskunlaşdıqları zaman almışdılar. Onlar tamamilə Allahın iradəsinə uyğun yaşayırdılar. Onların bütün məhəbbət qüvvələri Səmavi Atalarına mənsub idi. Heyrətamiz dərəcədə gözəl nur, İlahi nur müqəddəs varlıqları əhatə edirdi. Nurdan hörülmüş bu geyim Adəm və Həvvanın mənəvi geyimlərinin, onların səmavi təmizlik və qüsursuzluqlarının rəmzi idi. Əgər onlar həmişə Allaha sadiq olsaydılar, nur paltarı daim onları əhatə edərdi. Lakin günah daxil olduğu zaman onlar özlərinin Allahla bağlılığını kəsdilər və onları əhatə edən işıq yox oldu. Öz çılpaqlıqlarını görərək utanmış Adəm və Həvva öz eyiblərini bir-birinə bağlanmış əncir yarpaqları ilə örtməyə çalışdılar.HD 242.3

    Əcdadlarımızın itaətsizliyi vaxtından İlahi qanunu pozanların hamısı belə edirlər. Onlar öz çılpaqlıqlarını örtmək üçün əncir yarpaqları tikirlər. Öz şəxsi ixtiralarının məhsulu olan paltarları geyinərək, öz şəxsi işləri ilə günahlarını ört-basdır eləmək və Allaha məqbul olmaq istəyirlər.HD 242.4

    Lakin onlar buna heç bir vaxt nail ola bilməyəcəkdirlər. İnsan itirdiyi qüsursuzluq paltarını əvəz edə bilən heç nə yarada bilmir. Nə əncir yarpaqlarından olan geyimdə, nə də hər hansı bir başqa dünyəvi paltarda Quzunun toy məclisində Məsih və mələklərlə bərabər əyləşmək mümkün deyildir.HD 243.1

    Yalnız Məsihin Özünün bizim üçün hazırladığı paltarda Allahın qarşısında dura bilərik. Belə bir qiyafəti, Öz salehlik paltarını Məsih hər bir tövbə edən, iman edən adama geyindirəcəkdir. “Sənə məsləhət görürəm, — O deyir, — Məndən ağ paltarlar al ki, geyinəsən və sənin çılpaqlığının eybi görünməsin” (Vəh. 3:18).HD 243.2

    Səmada toxunmuş bu paltar insanın səyləri ilə yaradılmışların heç birinə bənzər deyildir. İnsan təbiətini qəbul etmiş Məsih kamil xasiyyət işləmişdir və bu xasiyyəti O bizimlə də bölüşmək istəyir. Bütün saleh əməllərimiz murdar əskiyə bənzər” (Yeş. 64:6). Bizim görə biləcəyimiz hər şey həmişə günah ilə ləkələnmişdir. Lakin Allahın Oğlu “ondan ötrü zühur etdi ki, bizim günahlarımızı götürsün; Onda günah yoxdur”. “Günah — qanunsuzluqdur” (1 Yəh. 3:4, 5). Məsih isə Qanunun hər tələbinə itaət edirdi. O Özü haqda demişdi: “Ey Allahım, Sənin istəyinə əməl etmək mənə zövq verir, qanunun qəlbimdədir” (Məz. 40:8).HD 243.3

    Dünyada olarkən Öz şagirdlərinə deyirdi: “Mən Atamın əmrlərini yerinə yetirdim” (Yəh. 15:10). O, Allahın əmrlərini mükəmməlliklə yerinə yetirməklə, hər bir adamın onlara riayət etməsinin mümkün olduğunu göstərdi. Özümüzü Məsihə tabe etdiyimiz zaman ürəyimiz Onun ürəyi ilə birləşir, iradəmiz Onun iradəsində əriyir, şüurumuz Onun şüuru ilə bərabər düşünür, bütün fikirlərimiz Onda cəmləşir — Onun həyatı ilə yaşayırıq. Onun salehlik paltarını geyinmək budur. Bu zaman Rəbb bizə baxdıqda, O artıq əncir yarpaqlarından tikilmiş geyim, çılpaqlıq və günah ilə eybəcərləşən bədənimizi yox, Onun Qanununa tam itaətdə olan Öz şəxsi salehlik paltarını görəcəkdir.HD 243.4

    Hökmdar toy məclisinin qonaqlarına baxdı. Onların içərisindən yalnız onun tələblərinə tabe olub toy paltarını geymişlər məclisdə qaldılar. Quzunun toy məclisinin qonaqları ilə də belə olacaqdır. Böyük Hökmdarın sınağa çəkən baxışı altına hamı çıxmalıdır və yalnız Məsihin salehlik paltarlarını geyinənlər qəbul ediləcəklər.HD 244.1

    Salehlik — saleh əməllərimizdir və hamı məhz onlara görə mühakimə ediləcək. Xasiyyətimiz gördüyümüz işlərdə büruzə edilir. İşlərimiz imanımızın səmimiliyini göstərir.HD 244.2

    İsanın fırıldaqçı olmadığına və Müqəddəs Kitabdakı hekayələrin mahirliklə quraşdırılmış əfsanə olmadığına inanmaq azdır. Biz inana bilərik ki, İsanın adı göylərin altındakı yeganə addır ki, onunla insan xilas edilə bilər, lakin bu inamla da Onu öz şəxsi Xilaskarımız etmirik. Həqiqəti nəzəri surətdə qəbul etmək azdır. Özünü Məsihə iman etmiş hesab edib, adını imanlılar cəmiyyətinin kitabına yazdırmaq azdır. “Onun əmrlərinə əməl edənlər Onda, O da onlarda yaşayır. Və Onun bizdə yaşadığını bu yolla, bizə verdiyi Ruh vasitəsilə öyrənirik”. “Onu dərk etdiyimizi isə bundan bilirik ki, Onun əmrlərinə əməl edirik” (1 Yəh. 3:24; 2:3). İnsanın həqiqətən dönməsinin gerçək şəhadəti budur. Öz salehliyimiz haqqında nə qədər danışsaq da, Məsih əməllərimizdə izhar edilməzsə, o heç nəyə dəymir.HD 244.3

    Həqiqət bizim ürəyimizdə köklənməlidir, şüurumuzu idarə etməlidir, hisslərimizə nəzarət etməlidir. Bizim bütün varlığımız öz üzərində İlahinin möhürünü daşımalıdır. İlahi Kəlamın hər bir sətri bizim gündəlik işlərimizdə təcəssüm etdirilməlidir.HD 244.4

    İlahi təbiətlə əlaqədar olan adam Allahın böyük salehlik ölçüsü olan müqəddəs Qanunu ilə harmoniyada olacaqdır. Allah insanların hərəkətlərini bu müqəddəs etalona uyğun olaraq dəyərləndirir və məhkəmədə xasiyyətimizi sınayan ölçü məhz o olacaqdır.HD 244.5

    Çoxları hesab edirlər ki, Məsihin ölümü qanunun ləğv edilməsinə gətirdi; fəqət bununla onlar Məsihin sözlərinə zidd gedirlər: “Sanmayın ki, Mən qanunu və peyğəmbərlərin yazılarını pozmağa gəldim... Göy və yer keçib getmədən, hər şey icra olmadan, Qanundan ən kiçik bir hərf və ya nöqtə belə yox olmayacaqdır” (Mt. 5:17,18). İnsanı Qanunu pozmağının nəticələrindən xilas etməkdən ötrü, Məsih Öz həyatını verdi. Əgər qanun dəyişdirilə, yaxud ləğv edilə bilsə idi, Məsihə ölmək lazım olmazdı. Özünün yerdəki həyatı ilə Məsih Allahın Qanununu yüksəltdi. Öz ölümü ilə O təsdiq etdi onu. O Öz həyatını qurban vermədi ki İlahi Qanunu məhv etsin, hansısa başqa, bir az zəif salehlik etalonu yaratsın, fəqət ondan ötrü ki, ədaləti dəstəkləsin, qanunun dəyişməz olduğunu göstərsin və onu əbədi olaraq təsdiqləsin.HD 244.6

    İblis bəyan edirdi ki, insan Allahın qanunlarına riayət etmək gücündə deyildir; doğrudan da bu ancaq öz gücünə arxalanan insan üçün mümkün deyildir. Lakin Məsih insan təbiətini götürərək, Öz mükəmməl itaəti ilə sübut etdi ki, Allahla birləşərək, insan Allahın hər bir göstərişinə əməl edə bilər.HD 245.1

    “Fəqət Onu qəbul edənlərin hamısına, Onun isminə iman edənlərə Allahın oğulları olmaq səlahiyyətini verdi” (Yəh. 1:12). Bu səlahiyyət insanlardan deyil. Bu, Allahın səlahiyyətidir. Can Məsihi qəbul edərkən, o, Məsihin həyatı ilə yaşamaq üçün güc də alır.HD 245.2

    Allah Öz övladlarından etalonunu Öz şəxsi xasiyyətini təcəssüm etdirdiyi Qanunda müəyyən etdiyi kimi kamillik tələb edir. Bu dəqiq standart hamıya izhar edildi ki, Allahın Öz Padşahlığına qəbul edəcəyi insanların malik olacaqları keyfiyyətlərə dair heç bir səhvə yol verilməsin. Məsihin yerdəki həyatı İlahi Qanunun mükəmməl ifadəsi idi. Buna görə də özlərini Allahın övladları adlandıranlar xasiyyətlərində Məsihə bənzəyən zaman Allahın əmrlərinə də itaət edəcəkdirlər. Yalnız bu zaman Rəbb onları səma ailəsinin üzvləri edə biləcəkdir. Məsih salehliyinin izzətli paltarlarını geyinərək, onlar Padşahın toy məclisində yer alacaqdırlar. Onlar hüquqla qan ilə paklanmışların sırasına daxil ediləcəkdirlər.HD 245.3

    Ziyafətə toy paltarında gəlməmiş adam isə müasir dünyamızdakı insanların bir çoxunun ruhlu vəziyyətini nümayiş etdirir. Onlar özlərini məsihçi sayır, Müjdənin verdiyi üstünlüklərə və xeyir-dualara hüqüqları olduğunu bəyan edirlər; fəqət onlar xasiyyətlərini dəyişməyə ehtiyac duymurlar. Onlar Məsihə ehtiyacları olduğunu dərk etmir və Ona imanlarını bərkitmirlər. Belə adamlar özlərinin anadangəlmə və əldə etdikləri pisliklərə təmayüllərini ləğv etməmişlər. Yenə də onlar özlərini olduqca ədəbli sayırlar və Məsihə etibar etmək əvəzinə, yalnız öz qüvvələrinə istinad etməyi üstün tuturlar. Bunlar İlahi Kəlamı eşidərək ziyafətə gəlmiş, lakin Məsihin salehlik paltarını geyməyənlərdirlər.HD 246.1

    Özlərini Məsihçi adlandıranların çoxları sırf moralistdirlər. Onlar Məsihi dünyaya nümayiş etdirərək, insanı Onu izzətləndirməyə qadir edən yeganə bir ənamdan imtina etdilər. Müqəddəs Ruhun işi onlar üçün qəribə hadisədir. Onlar Kəlamın icraçıları deyillər. Məsihlə bir olanlar və dünya ilə birləşənlər arasında fərq qoymağı mümkün edən səmavi prinsiplər onlar üçün sanki fərqsizdir. Beləliklə, özlərini Məsihin davamçısı adlandıranların bir çoxu ayrıca və xüsusi bir xalq olmurlar. İmanlılarla imansızlar arasındakı fərq sanki görünməz olmuşdur. İnsanlar özlərini dünyaya, onun adətlərinə, onun özünəməhəbbətinə tabe etmişdirlər. Məbədin özü insanları İlahi Qanuna itaət etməyə gətirmək əvəzinə, bu qanunu pozmağında dünyaya bənzəyir. İmanlılar cəmiyyəti getdikcə daha çox təşkilata bənzəyir.HD 246.2

    Bu adamların hamısı Məsihin ölümü sayəsində xilas olmaq istəyirlər, lakin eyni zamanda, Onun fədakar həyatı ilə yaşamaq istəmirlər. Onlar təmənnasız ənam edilmiş lütfün sərvətlərini yüksəldirlər və saleh görünməyə çalışırlar, beləliklə xasiyyətlərindəki qüsurları gizlətməyə ümid edirlər, lakin Allahın böyük günündə onların bütün səyləri əbəs olacaqdır.HD 246.3

    Məsihin salehliyi heç bir bəslənən, tövbə edilməmiş günahı yumayacaqdır. Elə olur ki, insan qanunu öz qəlbində pozur, baxmayaraq ki, zahirən heç bir cinayət etmir. Dünya onu qüsursuz adam hesab edə bilər, lakin İlahi Qanun onun ürəyinin sirlərini açır. İnsanın hər bir əməlinə onu doğuran səbəblərə görə qiymət verirlər. İnsanın yalnız o səbəbləri bəraət qazanacaq ki, onlar İlahi Qanunun prinsiplərinə uyğundur.HD 246.4

    Allah — məhəbbətdir. Özünün bu məhəbbətini O, dünyaya Məsihi bağışlamağı ilə isbat etdi, “vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edən hər adam həlak olmasın, əbədi həyata malik olsun” (Yəh. 3:16). Özü üçün xilas etdiklərindən ötrü O heç nəyi əsirgəmədi. O bizə bütün səmanı verdi ki, biz oradan günaha üstün gəlmək üçün qüvvə və bacarıq alaq və büdrəyib düşmənimizə məğlub olmayaq. Lakin Allahın məhəbbəti o demək deyildir ki, O, günaha bəraət qazandıra bilər. O, şeytanın günahına bəraət vermədi; Adəmin və Qabilin günahına bəraət vermədi; hər hansı bir başqa adamın günahına da bəraət vermir. Bizim günahlarımıza barmaqarası baxmayacaq və xasiyyətimizdəki qüsurlara rəvac verməyəcəkdir. O istəyir ki, Onun adı naminə onlara qalib gələk.HD 247.1

    Məsihin salehlik ənamını rədd edənlər onlara Allahın oğul və qızları olmaq imkanı verən xasiyyət keyfiyyətlərindən imtina edirlər. Onlara toy məclisində iştirak etmək hüququ verə bilən yeganə şeydən imtina edirlər.HD 247.2

    Bu məsəldə padşahın “Sən toy paltarı geyməmiş buraya necə girdin?” sualına o adam cavab vermədi. Böyük məhkəmə günündə də belə olacaqdır. Burada, yerdə, insan özünün bu, yaxud digər qüsurlarına bəraət qazandıra bilər, lakin hökm günü onun heç bir bəraəti olmayacaqdır.HD 247.3

    Müasir məsihçi cəmiyyətlərinə böyük imtiyazlar və imkanlar verilmişdir. Rəbb bizə getdikcə çoxalan işıqda açıldı. Bu gün bizim imtiyazlarımız Allahın xalqının qədimdə malik olduğundan qat-qat çoxdur. Biz yalnız bir zamanlar İsrailə ənam edilmiş böyük işığa malik deyilik, lakin Məsih vasitəsilə verilmiş sonsuz xilasedici lütfə malikik. İbranilər üçün simvol və işarə olan hər şey bizim üçün reallıq oldu. Onlar yalnız köhnə əhdə malik idilər; biz isə ondan əlavə Müjdəyə malikik. Biz artıq gəlmiş, çarmıxa çəkilmiş, dirilmiş və Lazarın qəbri üzərində “Dirilmə və həyat Mənəm” deyən Xilaskarın vədinə malikik. Məsihi dərk etmək və Onun məhəbbəti vasitəsilə Allahın Padşahlığı bizim aramızda qurulmuşdur. Məsih bizə moizə və nəğmələrdə açılır. Ruhlu ziyafət bizə özünün bütün gözəlliyi ilə nümayiş olunmuşdur. Sonsuz dəyər hesabına əldə edilmiş toy paltarı təmənnasız olaraq hər kəsə təklif edilir. Allahın elçiləri bizə bir çox qiymətli həqiqətlər açırlar: Məsihin salehliyi, imanla bəraət qazanmaq, İlahi Kəlamın bol-bol qiymətsiz vədləri, Məsih vasitəsilə Ata ilə azad ünsiyyət, Müqəddəs Ruhun təsəllisi, Allahın Padşahlığında əbədi həyat üçün etibarlı zəmanət. Allah böyük axşam yeməyinə, səma ziyafətinə hazırlıq üçün daha nə edə bilərdi?HD 247.4

    Səmada mələklər dedilər: “Bizə tapşırılan xidməti icra elədik. Biz şər mələklərin ordularını sıxışdırırdıq. Biz insanların qəlblərinə işıq saçırdıq, onların şüurlarını Allahın Məsihdə izhar edilmiş məhəbbətini dərk etmələri üçün itiləşdirirdik. Biz onların nəzərlərini Qolqota çarmıxına yönəldirdik. Onların ürəkləri Allahın Oğlunu çarmıxa çəkən günahın mənası ilə dərindən sarsılmışdı. Onlar tövbə etdilər. Onlar düz yolu görürdülər; Müjdənin gücünü hiss edirdilər; ürəkləri Allahın məhəbbətinin şirinliyini hiss etdikləri zaman yumşalmışdı. Özləri üçün Məsihin xasiyyətinin gözəlliyini kəşf etmişdilər. Lakin çoxları üçün bunlar faydasız oldu. Öz vərdiş və qüsurlarından imtina etmədilər. Onlar səma paltarlarını geyinmək üçün öz dünya paltarlarını atmadılar. Onların ürəkləri mənafeçiliyin əsarətində qaldı. Dünya ilə dostluq onlardan ötrü Allaha məhəbbətdən qiymətli oldu”.HD 248.1

    Onlardan ötrü son qərar günü sərt olacaqdır. Həvari Yəhya onu öz peyğəmbərliyində belə təsvir edir: “Sonra böyük ağ bir taxt və onda Oturanı gördüm. Yer və göy Onun hüzurundan qaçdı və onlar üçün bir yer tapılmadı. Mən ölüləri, böyükləri və kiçikləri taxtın qarşısında duran gördüm. Tumarlar açıldı və həyat kitabı olan başqa bir tumar da açıldı. Ölülər, kitablarda yazılanlara əsasən, hər kəs öz əməllərinə görə mühakimə olundu” (Vəh. 20:11,12).HD 248.2

    Əbədiyyət qarşısında dönüb geri baxmaq onlarda dəhşət doğuracaqdır. Onların bütün həyatları olduğu kimi qarşılarından keçəcəkdir. Dünyəvi keflər, var-dövlət və hörmətlər indi dəyərsiz olacaqdır. İnsanlar görəcəklər ki, keçmişdə və indi yeganə həqiqi sərvət salehlikdir ki, onlar ona nifrət edirdilər. Onlar görəcəklər ki, öz xasiyyətlərini şeytanın yalançı vədlərinin təsiri altında formalaşdırıblar. Üstünlük verdikləri paltarlar sədaqətlərinin ilk böyük dönüklüyündən danışacaq. Onda onlar öz seçimlərinin nəticələrini görəcəklər. Onda onlar başa düşəcəklər ki, Allahın əmrlərinin pozulması nəyə gətirib çıxarır.HD 249.1

    Lakin əbədiyyətə hazırlaşmaqdan ötrü yeni sınaq vaxtı artıq olmayacaqdır. Yalnız bu həyatda bizə Məsihin salehlik paltarını geyinmək imkanı verilir. Bu öz xasiyyətimizi Məsihin əmrlərinə riayət edənlər üçün Onun hazırladığı evə layiq formalaşdırmağa yeganə imkandır.HD 249.2

    Bizə sınaq üçün ayrılmış günlər sürətlə tükənir. Onların sonu artıq yaxındır. Bu xəbərdarlıq bizim üçün səslənir: “Saqının ki, ürəkləriniz qarınqululuq və sərxoşluqla və bu həyatın qayğıları ilə ağırlaşmasın və o gün sizi qəflətən yaxalamasın” (Lk. 21:34). Saqının ki, həmin gün sizi hazır olmadığınız anda yaxalamasın. Diqqətli olun ki, İlahi ziyafətdə toy paltarınız olmaya bilər.HD 249.3

    “İnsan Oğlu sizin zənn etmədiyiniz saatda gələcəkdir”. “Oyaq olan, çılpaq gəzməsin və ayıbı görünməsin deyə, paltarlarını mühafizə edən nə bəxtiyardır!” (Mt. 24:44; Vəh.16:15).HD 249.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents