Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    “Haqsız sərvətlə əldə edilmiş dostlar”

    (Lk. 16:1-9)

    Məsihin birinci gəlişi dünyəvi maraqların tam hökmranlığı dövrü idi. İnsanlar dünyəvi olanı əbədi olandan üstün tutur, gələcəyin tələblərini bu günün işlərinə tabe edirdilər. Onlar xəyalı həqiqət sayır, həqiqi dəyərləri isə qeyri-real hesab edirdilər. Onlar səma aləmini imanlıların görə bildiyi kimi görmürdülər. Şeytan dünyəvi dəyərləri onların gözündə cazibəli və hər şeyə üstün gələn kimi təsvir edirdi və insanlar onun yalanlarına inanırdılar.HD 290.1

    Məsih gəldi ki, dəyərlərin bu düzümünü dəyişdirsin. O, aldanmış insanların gözlərini tutmuş ovsunu dağıtmağa çalışırdı. Öz təlimində O, insanların dünyəvi və səmavi ehtiyaclarını aydın bölüşdürməyə çalışaraq, onların fikirlərini bu gündən gələcəyə yönəltmək istəyirdi. Müvəqqəti sərvətlər dalınca qaçmaqdan əl çəkib, əbədiyyətə hazırlaşmağa çağırırdı.HD 290.2

    “Zəngin bir adamın eşikağası vardı və ona xəbərçilik etdilər ki, eşikağası onun malını israf edir. Zəngin adam onu yanına çağırıb dedi: Sənin haqqında eşitdiklərim nədir? Öz idarən barədə hesabat ver, sən daha eşikağası ola bilməzsən”.HD 290.3

    İşdən azad olmaq təhlükəsi qarşısında qalan eşikağası özü üçün üç mümkün olan çıxış yolu görürdü. Ya onun özü işləməlidir, ya dilənməlidir, ya da ac qalmalıdır. O öz-özünə dedi: “Nə edim? Ağam evin idarəsini məndən alır. Torpaq qaza bilmirəm, dilənməkdən utanıram; işdən çıxarıldığım zaman məni öz evlərinə qəbul etsinlər deyə nə edəcəyimi bilirəm. Və öz ağasına borclu olanları ayrı-ayrılıqda çağırıb, birincisinə dedi: Mənim ağama nə qədər borcun var? O dedi: Yüz ölçü zeytun yağı. Və ona dedi: Öz qəbzini götür, otur və tez yaz: əlli. Sonra o birisinə dedi: Bəs sən nə qədər borclusan? O cavab verdi: Yüz ölçü buğda. Və ona dedi: Öz qəbzini götür və yaz: səksən”.HD 290.4

    Sədaqətsiz qul başqalarını da öz əyriliyinin iştirakçısı etdi. O öz ağasını onun borclularının xeyrinə aldatdı, belə yalana razılaşaraq, onlar ona borclu oldular və öz evlərinin dostu etdilər.HD 291.1

    Məsəlin davamı saleh məsihçinin hiddətinə səbəb ola bilər: “Ağası dürüst olmayan eşikağasını fərasətli hərəkət etdiyinə görə təriflədi”. Belə tərzdə bəzən dünyəvi adam onun özünü aldatmış olan başqasının hiyləsini tərifləyir. Lakin zənginin bu təşviqini Allahın təşviqi hesab etmək olmaz.HD 291.2

    Məsih haqsız eşikağasını bəyənmir, lakin O bu geniş yayılmış hadisədən istifadə etdi ki, təqdim etmək istədiyi dərsi təsvir etsin: “Yalan mammonla özünüzə dostlar əldə edin ki, — O deyir, — sərvətiniz yox olduqda onlar sizi əbədi məskənlərə qəbul etsinlər”.HD 291.3

    Məlum olduğu kimi, fəriseylər Xilaskarı vergiyığan və günahkarlarla ünsiyyətdə olduğuna görə ittiham edirdilər. Lakin Onun onlara olan diqqəti azalmadı və onlara münasibətdə səyləri zəifləmədi. O görürdü ki, vergiyığanların işlərinin özü onları imtahana çəkirdi. Onların qarşısında hər zaman şər tələsi var idi. Bununla bərabər, yalana ilk addım atmaq çox asan idi, daha böyük haqsızlığa və ciddi cinayətə sonrakı düşmə isə fəlakətli dərəcədə sürətli olurdu. Məsih müxtəlif vasitələrlə vergiyığanları günahın əlindən alıb, onları yüksək məqsədlərə və nəcib prinsiplərə yönəltməyə çalışırdı. Haqsız koxa haqqında məsəli söyləməklə, O məhz bu məqsədi güdürdü. Şübhəsiz ki, vergiyığanlar məsəldə bəhs edilən hadisələrə bənzər əhvalatlarla tanış idilər və Məsihin hekayəsində özlərinin iş üslublarını görürdülər. Onlar böyük diqqətlə qulaq asırdılar və onların şəxsi haqsızlıqları haqqındakı hekayə çoxlarına ruhlu həqiqət dərsi verirdi.HD 291.4

    Lakin məsəl bilavasitə Məsihin şagirdlərinə yönəlmişdir. Həqiqət mayası ilk olaraq onlara verilmişdir və onların vasitəsilə başqalarına yayılmalı idi. Məsihin təlimindən çox şey əvvəlcə şagirdlərinə aydın deyildi və çox vaxt Onun bəzi dərsləri tam unudulurdu. Lakin Müqəddəs Ruhun təsiri altında bu həqiqətlər gələcəkdə baş qaldırırdı və Məsihin şagirdlərinin vasitəsilə cəmiyyətə daxil olan yeni imanlılara aydın şəkildə təqdim olunurdu.HD 292.1

    Bundan əlavə, bu məsəldə Məsih həm də fəriseylərə müraciət edirdi. O hələ də ümid edirdi ki, onlar Onun sözlərinin təsiri altına düşəcəkdirlər. Onların çoxu hər halda öz təqsirlərini dərk edirdilər və Müqəddəs Ruhun təsiri altında həqiqət sözlərini dinləyərək, xeyli hissəsi Məsihə iman etdilər.HD 292.2

    Fəriseylər vergiyığan və günahkarlarla ünsiyyətdə olduğu üçün Məsihin üzərinə ətrafdakıların ittihamını yönəltməyə çalışırdılar. İndi isə O Öz ittihamını onların üzərinə yönəldir. Vergiyığanlar arasında mövcud olan hadisəni O, alleqoriya formasında fəriseylər qarşısındada nümayiş etdirərək, onların şəxsi əməllərini, öz günahlarını bağışlada biləcəkləri yeganə yolu göstərir.HD 292.3

    Məsəldə ağa nadürüst eşikağasına öz sərvətini xeyirxah məqsədlərə istifadə etmək üçün etibar etmişdi; o isə ondan özü üçün istifadə etdi. Bunu İsrailə də aid etmək olar. Allah İbrahim evini seçdi. Əlini uzadaraq onları Misir köləliyindən azad etdi. Onları bütün dünyanın xeyir-duası üçün nəzərdə tutulan müqəddəs həqiqətin qoruyucuları etdi. Müqəddəs Yazıları onlara etibar etdi ki, işığı digərlərinə çatdıra bilsinlər. Lakin Onun eşikağaları bu ənamlardan özlərinin yüksəlməsi və varlanması üçün istifadə etdilər.HD 292.4

    Öz dəyərlilikləri və salehliklərilə qürrələnən fəriseylər Allahın onlara etibar etdiyi və Onun izzəti naminə istifadə üçün nəzərdə tutulmuş sərvətin sərf edilməsində haqsız oldular.HD 293.1

    Məsəldə qul hətta öz gələcəyini belə təmin etməmişdi. Başqalarının xeyri naminə ona etibar edilmiş nemətləri o, yalnız özü üçün istifadə elədi, lakin bu zaman yalnız bu gününü düşündü. Başının üstünü öz vəzifəsini itirmək təhlükəsi alanda isə heç nəyi olmadı. Lakin ağanın malikanəsi hələ də onun əlində idi və o yenidən öz vəzifəsindən sui — istifadə etdi ki, öz gələcək ehtiyaclarını təmin etsin. Məqsədinə çatmaq üçün yeni fəaliyyət planı hazırladı. Əvvəlki kimi, özü üçün sərvət toplamaq əvəzinə, başqalarına verməyə məcbur oldu. Beləliklə, o, işini itirdikdən sonra onu qəbul edəcək dostlar əldə edə bilərdi. Fəriseylər də bunun kimi edirdilər. Allahın ənamları ilə idarəçilik tezliklə onlardan alınacaqdı və onlar heç olmasa öz gələcəklərini təmin etmək dəvətini eşitdilər. Bu zaman yalnız başqalarına yaxşılıq etməyə çalışaraq, onlar özlərinə də xeyir qazana bilərdilər. Yalnız indiki həyatda Allahın ənamlarını başqalarına verməklə, onlar özləri əbədiyyətə hazırlaşa bilərdilər.HD 293.2

    Məsəli danışdıqdan sonra Məsih deyir: “Bu dövrün oğulları öz nəsilləri ilə münasibətlərində nur oğullarından daha fərasətlidirlər”. Məsəl aşağıdakı mənanı kəsb edir ki, dünyəvi cəhətdən müdrik insanlar özlərinə xidmətdə Allahın övladlarının Ona xidmətdə göstərdiklərindən daha çox ağıl və səy göstərirlər. Məsihin dövründə belə idi. Biz bunu bu gün də görürük. Özünü məsihçi adlandıranların bir çoxunun həyatına diqqət yetirin. Rəbb onlara qabiliyyətlər, qüvvələr, təsir gücü bəxş etmişdir; O onlara pul bəxş etmişdir ki, böyük xilaskarlıq işində Onun köməkçiləri olsunlar. Onların bütün ənamları bəşəriyyətin xeyir-duası, iztirab çəkənlərin və möhtac olanların həyatlarını yüngülləşdirmək üçün istifadə olunmalıdır. Biz acları yedirtməli, çılpaqları geyindirməli, dul qadın və yetimlərin qayğısını çəkməli, ümidsiz və məzlumlara xidmət etməliyik. Allah heç bir vaxt istəməzdi ki, dünyada bədbəxtlik bu qədər geniş yayılsın, istəməzdi ki, yer üzündə bir nəfər həddindən artıq cahcəlal içində yaşasın, digəri isə adi çörək üçün fəğan etsin. İnsanın həqiqi təlabatından çox olan vəsaitlər yaxşılıq etmək, bəşəriyyətə xeyirdua gətirmək üçün verilmişdir. Rəbb deyir: “Nəyiniz varsa satın və sədəqə verin” (Lk. 12:33). “Əliaçıq və öz malınızı digərləri ilə bölüşməyə hazır olun” (1 Tim. 6:18). “Ziyafət düzəldəndə yoxsulları, əlilləri, topalları, korları dəvət et” (Lk. 14:13). “Haqsızlığın buxovlarını qır”, “boyunduruğun iplərini aç”, “sıxıntı içində olanları azad et”, “hər cür boyunduruğu məhv et”. “Yediyin çörəyi acla bölüşdür”, “yurdsuz kasıbları evinə gətir”, “çılpaq görəndə geyindir”. “Fəqirlərin ehtiyaclarını ödə” (Yeş. 58:6, 7, 10). “Bütün dünyaya gedin, Müjdəni bütün xilqətə təbliğ edin” (Mk. 16:15). Rəbbin əmrləri bunlardır. Özlərini məsihçi adlandıranlar icra edirlərmi?HD 293.3

    Əfsus! Dünyada Allahın ənamlarını mənimsəyənlər nə qədər çoxdur! Onların neçələri ev dalınca ev, sahə dalınca sahə alırlar. Neçələri pullarını əyləncələrə, hədsiz iştahalarını ödəməyə, təmtəraqlı evlərə, mebel və geyimə xərcləyir. Onların qonşuları isə elə bu zaman fəlakətli vəziyyətdə, cinayət edərək, xəstəliklərdən əziyyət çəkərək məhv olurlar. Bir çox adam tək bir şəfqətli baxış, söz, yaxud kömək görmədən ölür.HD 294.1

    Bir çox adam Allahdan oğurlamaqda təqsirkardır. Onlara etibar edilmiş vəsaitlərin eqoistcəsinə istifadə edilməsi Rəbbi bəşəriyyətin əzablarını yüngülləşdirməklə və canları xilas etməklə Ona yüksələcək izzətdən məhrum edir. Onlara etibar edilmiş sərvətləri mənimsəyirlər. Rəbb isə bəyan edir: “Cəza vermək üçün sizə yaxınlaşacağam... yalandan and içənlərə, muzdurun, dul qadının, yetimin, qəribin haqqını tapdalayanlara... İnsan da Allahdan oğurlayarmı? Siz isə Məndən oğurlayırsınız. Səndən nəyi oğurlayırıq? — deyə soruşursunuz. Ondabirləri və təqdimləri oğurlayırsınız. Siz böyük lənətə düçar oldunuz. Çünki bütün bu millət — hamınız Məndən oğurlayırsınız” (Məl. 3:5, 8, 9). “Gəlin indi, ey varlılar... Var-dövlətiniz çürüyüb, paltarlarınızı da güvə yeyib. Qızıl və gümüşünüz paslanıb və onların pası sizə qarşı şəhadət olacaq və ətinizi od kimi yeyəcək. Siz son günlərdə sərvət topladınız...” “Siz dünyada zövqlə yaşadınız və kef çəkdiniz”. “Budur, tarlalarınızı biçən işçilərin hiylə ilə gizlətdiyiniz əmək haqqı fəğan edir. Biçinçilərin fəryadı Səmavi Orduların Rəbbinin qulaqlarına çatdı! (Yaq.5:1-5).HD 294.2

    Hər kəsdən ona bəxş edilmiş ənamlar haqqında hesabat tələb olunacaqdır. Son məhkəmə günündə insanların topladıqları bütün sərvətlər onlar üçün yararsız olacaqdır. Onlar tam hüquqla özününkü adlandıra biləcəkləri heç nəyə malik deyildirlər.HD 295.1

    Ömürlərini dünyəvi sərvətlərin toplanmasına sərf edənlər öz əbədi rifahları üçün daha az müdriklik, daha az qayğı göstərirlər, nəinki o nadürüst eşikağası öz dünyəvi gələcəyi üçün. Özlərini nurun övladları hesab edənlər daha az müdrikliyə malik olurlar, nəinki bu əsrin övladları öz nəsillərində. Peyğəmbər özünün böyük hökm gününün görüntüsündə məhz onlar haqqında deyir: “O gün insanlar səcdə etmək üçün düzəlmiş qızıl və gümüş bütlərini götürüb köstəbək və yarasaların yuvalarına atacaqlar ki, Rəbb yeri sarsıtmağa qalxarkən Onun zəhmli üzündən, ehtişamın əzəmətindən qaçmaq üçün qayalıqdakı çatlaqlara, uçurumlardakı yarıqlara girsinlər” (Yeş. 2:20, 21).HD 295.2

    “Yalan mammonla özünüzə dostlar əldə edin ki, — Məsih deyir, — sərvətiniz yox olduqda onlar sizi əbədi məskənlərə qəbul etsinlər”. Allah, Məsih və mələklər incidilmişlərə, iztirab çəkən və günahkarlara kömək edirlər. Bu işi icra etmək üçün özünüzü Allaha təslim edin, bu məqsəd üçün Onun ənamlarından istifadə edin və siz səma sakinlərinin cəmiyyətinə girəcəksiniz. Sizin ürəyiniz onlarla birgə döyünəcək, səma sakinlərinin keçirdikləri hisslərlə dolacaqdır. Siz öz xasiyyətinizlə də onlara bənzəyəcəksiniz. Əbədi iqamətgahın sakinləri sizə yad olmayacaqlar. Bütün dünyəvi şeylər keçəndən sonra səma darvazalarının mühafizləri sizi içəri girməyə dəvət edəcəklər.HD 295.3

    Başqalarının xeyir-duası üçün istifadə edilmiş vəsaitlər öz mənfəətini verəcək. Düzgün sərf olunmuş var-dövlət böyük yaxşılıq edəcəkdir. Məsih üçün yeni canlar əldə ediləcəklər. Bu həyatda Məsihin verdiyi planı rəhbər tutanlar Allahın malikanələrində dünyada uğurlarında zəhmət çəkdikləri və fədakarlıq etdikləri insanları görəcəkdirlər. Bağışlanmışlar onların xilası üçün alət olanları minnətdarlıqla xatırlayacaqlar. İnsanların xilas edilməsində sədaqətli olanlar üçün səma malikanələri çox dəyərli olacaq.HD 296.1

    Bu məsəl hamı üçün dərsdir. Hər kəs Məsih vasitəsilə ona verilmiş lütfə görə cavab verəcəkdir. Həyat həddindən çox ciddi və məsuliyyətlidir ki, onu fani dünya işlərinə həsr edəsən. Rəbb istəyir ki, biz başqalarına gözəgörünməz və əbədi Olanın bizə bəxş etdiyini çatdıraq.HD 296.2

    Hər il milyonlarla insan xilas olmadan əbədiyyətə ona görə qovuşur ki, vaxtında xəbərdar edilməyib. Нәг an bizim daima dəyişən həyatımızda kimlərinsə qəlblərinə yol taparaq xilas etmək üçün müxtəlif imkanlar açılır. Bu imkanlar daima gəlib-gedir. Allah istəyir ki, biz onlardan tam istifadə edək. Günlər, həftələr və aylar keçir; bizim öz vəzifəmizi yerinə yetirməyimiz üçün bir gün, bir həftə və yaxud bir ay daha az vaxtımız qalır. Ən çoxu yenə bir neçə il keçəcək və cavab verməkdən imtina edə bilmədiyimiz səs bizdən tələb edəcəkdir: “Öz idarən barədə hesabat ver”.HD 296.3

    Məsih hər kəsi bu barədə düşünməyə dəvət edir. Qoy hər kəs hər şeyi diqqətlə ölçüb-biçsin. Tərəzinin bir gözündə — əbədi sərvətlər, həyat, həqiqət, göylər və Onun xilas etdiyi canların sevinci olan İsa; o biri gözündə — dünyanın verə biləcəyi bütün cazibə və zövqlər. Tərəzinin bir gözündə — öz canınızın və xilas olmalarında həlledici rol oynaya biləcəyiniz insanların itirilməsi; o biri gözündə — Allahın həyatı ilə ölçülən həyat. Bir gözündə — müvəqqəti, o birisində — əbədi. Bütün bunları müqayisə edərkən Məsihin sözlərini dinləyin: “Zira, insan bütün dünyanı qazanıb, öz canını itirsə, ona nə fayda olacaqdır?” (Mk. 8:36).HD 296.4

    Allah istəyir ki, biz dünyəvi olanın əvəzinə səmavini seçək. Malik olduğumuz vəsaitləri səmavi xəzinəyə yerləşdirmək imkanı verir. O, bizə ən yüksək arzularımızı həyata keçirmək üçün güc verəcək. O bizim ən dəyərli sərvətlərimizi saxlayacaqdır. O bəyan edir: “İnsan saf qızıldan da az olacaq, adam Ofir qızılından da nadir halda tapılacaq (Yeş. 13:12). Çürüyən, güvə və pasla xarab edilən sərvətlər yox olan zaman Məsihin davamçıları çürüməyən səma sərvətlərinə malik olaraq sevinəcəkdirlər.HD 297.1

    Məsihin xilas etdiklərinin dostluğu hər cür dünya dostluğundan yaxşıdır. Rəbbin bizim üçün hazırlamağa getdiyi malikanələrinə girməyə layiq olmaq dünyada ən zəngin sarayı miras almaqdan qat-qat üstündür. Hər cür dünyəvi tərif sözlərindən Xilaskarın Öz sadiq qullarına dediyi sözlər üstündür: “Ey sizlər, Atamın mübarəkləri, gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı miras alın” (Mt. 25:34).HD 297.2

    Onun mülkiyyətini mənasız şeylərə xərcləyənlərə Məsih yenə də həqiqi sərvətlər əldə etməyə imkan verir. O deyir: “Verin, sizə də veriləcəkdir”. “Özünüzə göylərdə tükənməyən sərvətlər hazırlayın. Oraya oğru yaxınlaşmaz və orada güvə yeməz” (Lk. 6:38; 12:33). “İndiki zəmanədə varlı olanlara tapşır ki,... qoy onlar xeyirxahlıq etsinlər, yaxşı işlərlə varlı olsunlar, əliaçıq və öz malını digərləri ilə bölüşdürməyə hazır olub, özlərinə gələcək üçün yaxşı təməl olacaq bir xəzinə toplasınlar ki, həqiqi həyata nail olsunlar” (1 Tim. 6:17-19).HD 297.3

    Beləliklə əldə edilmiş mülkiyyət sizdən əvvəl göylərə girəcəkdir. Öz sərvətlərinizi Allahın taxtı önünə qoyun. Məsihin saysız-hesabsız sərvətlərinə öz hüququnuzu bərkidin. “Yalan mammonla özünüzə dostlar əldə edin ki, sərvətiniz yox olduqda onlar sizi əbədi məskənlərə qəbul etsinlər”.HD 297.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents